İnsanlara hürriyət, millətlərə istiqlal!

Ştirlislər yenidən Berlində - Almaniya rus casuslardan qorunmağın yolunu arayır

Berlində çıxan “Tagesspiegel” qəzeti məxfi xidmət orqanlarındakı adı açıqlanmayan mənbələrə istinadən Almaniyanın paytaxtında Rusiya kəşfiyyatının “hələ də yüksək fəallığı” ilə bağlı məqalə dərc edib. Məqalə dərhal digər Almaniya nəşrləri, xüsusən də “Focus” jurnalı tərəfindən yenidən çap edilib.

Bu ilin mart ayında da Almaniyada Rusiya xüsusi xidmət orqanlarının agentləri haqqında film nümayiş etdirib. Özü də bu, hər hansı, o qədər populyar olmayan, “sensasiya dalınca qaçmağa” ehtiyacı olan yeni telekanalda yox, ölkənin 1-ci, ARD telekanalında efirə verilib. Film “Kremlin nişangahında: rus şpionajı Almaniyaya qarşı” adlanır. Bu sənədli ekran əsəri xeyli sayda rus diplomatının Almaniyadan qovulmasına və bu ölkədəki bir neçə Rusiya baş konsulluğunun fəaliyyətinin dayandırılmasına müqəddimə olub. Filmin nümayişindən sonra Almaniya kəşfiyyatı və siyasi dairələri hərəkətə keçərək, Rusiyanın casus şəbəkəsini sarsıtmağa çalışıblar.

Bu, o deməkdir ki, həmin film durduq yerdə ortaya çıxmayıb, lentdə səslənən faktları və məlumatları filmin yaradıcılarına servis edənlər olub və filmin nümayişi bir növ artilleriya hazırlığı səciyyəsi daşıyıb.

Bu dəfə dərc edilən və sonradan tirajlanan məqalə Rusiyanın öz agentləri vasitəsilə Almaniyada ictimai rəyə göstərdiyi təsirdən bəhs edir. Material əks-kəşfiyyat sahəsində adı açıqlanmayan yüksək rütbəli məmurun sözləri ilə başlayır. O, iddia edir ki, Ukraynada müharibənin (ruslar “xüsusi hərbi əməliyyat” deyir) başlamasından və onun ardınca gələn anti-Rusiya sanksiyalarından il yarım keçsə də, Kreml Berlində casusluq hərəkətllərini davam etdirir.

Məqalədə deyilir ki, “Almaniyada siyasi birliklər, vətəndaş təşəbbüsləri və iqtisadi təşkilatlardakı kişilər və qadınlar ümumilikdə ictimai rəyə, xüsusən də müəyyən şəxslərə təsir etmək üçün çalışırlar. Görünür, söhbət hansısa mühüm qərarlar qəbul edənlərdən gedir. Adının çəkilməsini istəməyən məmur əlavə edir ki, leqal media və reklam işi ilə məxfi məlumatların toplanması arasında sərhədlər kifayət qədər şərtidir.

germany-t.jpg (99 KB)

Bu tezislərin təsdiqlənməsi üçün hətta Berlinin əyalət parlamentinin “yaşıl” deputatı, əslən iranlı Qəllalə Əhmədi tərəfindən paytaxt hökumətinə (senata) müvafiq sorğu verilib. Senatın daxili işlər üzrə dövlət katibi Nikola Böker-Canini ona cavab verərək deyib ki, Rusiya hələ də klassik casusluqdan asılı olmayaraq Almaniyada ictimai rəyə və siyasi diskursa təsir etməyə çalışır. “Bu isə sosial şəbəkələr, dövlət və özəl təşkilatlar, eləcə də Rusiyanın hökumət mediası vasitəsilə həyata keçirilir”, - Canini deyib.

Əlbəttə, hələ 10 il öncədən başlayaraq Rusiyanın postsovet məkanında, keçmiş socialist düşərgəsi ölkələrində, daha ötəsi, Qərb dövlətlərində “Rossia today” və “Sputnik” kimi media qurumlarının geniş şəbəkəsini qurub-yaradanda, genişləndirəndə məqsəd heç də təkcə “Rusiya həqiqətlərini dünyaya çatdırmaq” deyildi, eyni zamanda bu KİV vasitələri öz materialları ilə həm fəaliyyət göstərdikləri ölkənin ictimai rəyinə təsir göstərməliydi, həm də qurumun əməkdaşları Rusiya üçün mühüm və məxfi materialları toplayıb mərkəzə çatdırmalıydı.

Belə olmayacaqdısa, Rusiya havayı yerə hər ay bir xaral valyutanı nəyə görə xərcləməliydi ki?

Bunu Rusiya ilə ilişkisi olan bütün ölkələrdə yaxşı anlayırlar. Almaniya da istisna deyil.

Bu baxımdan Almaniya vətəndaşları bir neçə il əvvəl “Şpigel”in yazdığı kimi, “Moskvanın kuklası” kimi təqdim olunan “Almaniya üçün Alternativ” partiyasını lap əvvəldən 5-ci kolon nümunəsi sayırdılar və bu tendensiya davam edir. Bu partiya Almaniya mediasının daimi hücum hədəfi olaraq qalır.

Sözügedən məqalədə Rusiyanın xüsusi xidmət oranlarının (Federal Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Baş Kəşfiyyat İdarəsi) əməkdaşları Berlindəki Rusiya səfirliyində qanuni rezidenturaya malikdirlər və diplomatik missiyanın təmsilçiləri kimi çalışırlar.

Bu, bütün dünyada populyar olan casusluq tryukudur. Bütün ölkələrin diplomatlarının bir hissəsi mütləq xüsusi xidmət orqanlarının əməkdaşları olurlar və fəaliyyət göstərdikləri ölkədə sırf kəşfiyyat işləri aparır, kimlərisə casusluq şəbəkəsinə cəlb edir, öz ölkələri üçün informasiyalar toplayırlar. Rusiyanın bu xüsusda hələ sovet dövründən çox əngin və zəngin təcrübəsi var.

Təbii ki, şpionomaniyaya yüklənmək təsirsiz ötüşmür. “Rbb23” teleradio kanalı qeyd edir ki, Berlinin tam mərkəzindəki Rusiya səfirliyində məskunlaşdığı iddia edilən agentlər Almaniya siyasətini öz nişangahlarında saxlayırlar. Eyni zamanda, bu hesabatın müəllifləri Almaniya əks-kəşfiyyatına (Vefassungschutz) istinad edir və bildirirlər ki, Moskva gələcəkdə casusluq fəaliyyətini daha da gücləndirəcək.

Bu cür bəyanatlar da nəticəsiz qalmır. Jurnalistlər Rusiya səfirliyi ilə üzbəüzdə yerləşən Bundestaqın “yaşıl” deputatı Erhard Qrundlun ifadəsinə istinad edərək yazırlar ki, bu millət vəkili kabinetinin pəncərələrini daim jalüzlə bağlı saxlayır və inanır ki, bu, rus casuslarına qarşı təsirli vasitədir. Görünür, o, hələ 50-60 il əvvəllərdə pəncərə şüşəsinə xüsusi radiodalğalar yönəldərək otaqda gedən söhbəti dinləməyə imkan verən casusluq cihazları barədə çox oxuyub və ya filmlərə baxıb. İndi dinləmə qurğuları yüz dəfə artıq dərəcədə təkmilləşib.

Rbb23 qeyd edir ki, hər halda Erhard Qundl izləndiyini hiss edir. Rusiya nəşrləri isə alman siyasətçinin bu açıqlamasına istehza ilə yanaşaraq, 1949-cu il may ayının 22-də ABŞ-ın müdafiə naziri Ceyms Forrestalın “Ruslar gəlir!” qışqıraraq pəncərədən atılmasını xatırladırlar.

Tarixdən bəllidir ki, II dünya müharibəsindən sonra general Forrestolda müəyyən psixoloji xəstəlik əlamətləri baş qaldırıb və o, yerləşdirildiyi klinikada doğrudan da belə bir hərəkət edib. Ancaq bu, o demək deyil ki, sovet-tus kəşfiyyatı o zaman və hazırda ABŞ-da, eləcə də Avropa və Asiya ölkələrində əlini-qolunu sallayıb oturub və heç bir iş görməyib. Əksinə, sovet dövləti, hazırda isə Rusiya bütün iqtisadi və sosial sferalara ayrılan maliyyə vəsaitinə qənaət etsə də, heç zaman kəşfiyyat orqanlarına ayrılan vəsaiti azaltmayıb, həmişə artıra-artıra gedib. Çünki Rusiyada hesab edirlər ki, dövlətin xarici düşmənlərdən qorunması üçün hərbi qüvvələrin və kəşfiyyat orqanlarının xidməti əvəzsizdir.

Bir sözlə, II dünya müharibəsi illərindən bəhs edən məşhur sovet filmi “Baharın 17 anı” filminin qəhrəmanı, sovet casusu Ştirlitsin xələfləri yenidən Berlində “at oynadırlar”. Bu zaman onlar nə SS-dən qorxurlar, nə də “Müller”dən.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR