Onlayn ictimai-siyasi qəzet
Keçmiş ittifaqın hər hansı formada bərpası Rusiyanın arzusudur, yoxsa bunu zəruri edən başqa səbəblər var?
SSRİ-nin yenidən doğulması bu və ya digər şəkildə 2025-ci ildə baş verəcək. Bu sözləri Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman səsləndirib.
“Yenidən doğulma ümid deyil, qaçılmaz zərurətdir. 2025-ci ildə bunu etmək üçün vaxtımız ola bilər, lakin daha bir neçə il gözləməli ola bilərik”, - Vasserman deyib.
O qeyd edib ki, məsələn, Amerika ştatlarının bəziləri Meksikanın keçmiş əraziləridir: Texas, Kaliforniya, Nyu-Meksiko, Nevada, Arizona...
Deputat deyib ki, Rusiya kontinental imperiyanın klassik nümunəsidir: “O, öz tarixində bir dəfədən çox dağılıb və həmişə bərpa olunub. Üstəlik, bir qayda olaraq, dağılmadan əvvəl olduğundan daha böyük ölçüdə və daha yaxşı formada bərpa edildi. Bu, məhz ona görə baş verdi ki, Rusiyada yaşayan xalqlar müstəqil şəkildə qarşılıqlı faydalı qarşılıqlı fəaliyyət formalarını seçdilər. Ona görə də bu dəfə biz də sağalacağıq". Vassermanın fikrincə, SSRİ-nin dirçəlişi elə bu il baş verə bilər. Hər halda, erudit bu ehtimalı yüksək adlandırır. "Bunun hansı sürətlə baş verəcəyi sualına cavab verə bilmərəm", - deyə Anatoli Aleksandroviç bildirib. “Ola bilər ki, qarşıdakı ildə, 2025-ci ildə bunu etmək üçün vaxtımız olsun, lakin bir neçə il daha gözləməli ola bilərik".
Ötən ilin martında Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev SSRİ-ni əvvəlki formada dirçəltməyin mümkün olmadığını bildirmişdi. Bununla belə, LDPR-in keçmiş lideri Vladimir Jirinovski, əksinə, 2025-ci ildə keçmiş Sovet İttifaqının sərhədləri daxilində rus dünyasının birləşməsinin baş verəcəyinə inanırdı ki, bura Gömrük İttifaqının bütün üzvləri - Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan daxildir.
Vasserman tanınmış fizikdir və Krımın anneksiyasında Rusiyaya dəstək verdiyi üçün Ukraynadan köçüb. Ukrayna onu separatizmin təbliğinə görə axtarışa verib. Rusiyanın ən erudit şəxslərindən biri kimi tanınan Vessermanın SSRİ-nin bərpası haqda dedikləri xüsusilə Rusiya mediasında diqqət çəkib. SSRİ-nin hər hansı formada bərpası Rusiyanın arzusudur, yoxsa bunu zəruri edən başqa səbəblər var?
Fikrət Yusifov
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov indiki vaxtda belə bir xəyala qapılmağı sadəcə ağılsızlıq hesab edir: “Rusiya Avrasiya məkanında və təbii ki, eyni zamanda bütün dünyada öz hegemonluğunu qoruyub saxlamaq uğrunda həmişə çalışıb. Bu, çar Rusiyası dönəmində də, Sovetlər ittifaqı dönəmində də belə olub. Əslində keçmiş sovetlər birliyinə daxil olan ölkələrin demək olar ki, heç biri qüdrətli bir dövlətin tərkibində yaşamaqdan imtina etmək istəməzdi. Amma və lakin! Sovetlər İttifaqı nədən dağıldı? Bu İttifaqı yaratmış Rusiya ora birləşdirdiyi keçmiş respublikaların xalqlarının normal həyat tərzi və insan azadlıqları üçün nə edə bildi? Demək olar ki, heç nə! Bu İttifaqın ömrünün son günlərində insanlar ərzaq talonları ilə yaşamağa məhkum edildilər. Dünyadan təcrid olunmuş bir durumda yaşayan cəmiyyətlər bu məhrumiyyətə çətinliklə dözürdü. Bütün bunların fonunda Sovetlər İttifaqı deyilən bir dövlət yerindən laxlamağa başladı. Bu laxlama nəticəsində xalqlar Sovet İttifaqını yaratmış rusların bu ərazilərdə nə qədər potensial milli münaqişə toxumları basdırdıqlarını görə bildilər. Sovetlər Birliyinin dağılma prosesi başlayan kimi, bu münaqişə ocaqları da alovlandı. Qarabağ, Abxaziya, Osetiya, Fərqanə və digər milli münaqişə ocaqları alovlandı. Bütün bu baş verənlər on minlərlə insanın həyatının itirilməsinə gətirib çıxartdı, yüz minlərlə insan öz yurd-yuvasından didərgin düşdü. Bu hadisələrin baş verdiyi tarixdən o qədər də uzun zaman keçməyib, milyonlarla insan bu gündə həmin hadisələrin yaratdığı acılarla yaşamaqdadır. Necə düşünürsünüz, indi bu insanlar Rusiyanın həyasızcasına yenidən Sovetlər İttifaqını bərpa etmək və ya onu hər hansı bir formada yaratmaq təklifinə necə reaksiya verməlidirlər? Rusları başa düşmək olar, onlar həmişə olduğu kimi, imperiya yaratmaq istəyirlər. Bu, milli xəstəlikdir, başqa adı yoxdur! Baxın, bu gün orta Rusiyada yüz minlərlə yaşayış məntəqəsi xaraba qalıb, Rusiyanın şərqini, Ural dağlarına qədər çinlilər mədəni işğal ediblər. Rusiya isə Ukrayna torpaqlarına təcavüzü davam etdirir, yeni torpaqlar fəth etmək yolunda özünü oda atıb. Ukrayna ilə savaşda üç ilə yaxın zaman kəsiyində Rusiyanın itkiləri bir milyona yaxınlaşır. Öz içində öz xalqına sahib çıxa bilməyən və iç problemlər məngənəsində boğulan bir dövlətin hər hansı bir formada imperiya yaratmaq arzusu sadəcə ağılsızlıqdır”.
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov da SSRİ-nin bərpasını mümkünsüz hesab edir: “Keçmiş SSRİ-nin yenidən bərpa olunacağı barədə Rusiyanın ictimai-siyasi elitasında fikirlər dəfələrlə səsləndirilib. Hətta prezident Putin Sovet İttifaqını rəsmiləşdirən Belojevsk sazişinin heç bir qanuni əsas olmadığını iddia etmişdi. Təəssüflər olsun ki, ən yüksək səviyyədə imperiya ambisiyalarında olanlar hələ də tarixi geri qaytarmağın qeyri-mümkünlüyünü dərk edə bilmirlər. İstər Rusiya, istərsə də Azərbaycan cəmiyyətində yaşlı təbəqələr arasında nostalji hisslər qalmaqdadır. İmperiyaların çöküşü tarixi qanunauyğunluqdur. Dünyada mövcud olmuş ən nəhəng və güclü imperiyalar dağılmış və yerində yeni dövlətlər yaranıb. SSRİ xalqların və millətlərin könüllü birliyi deyildi və repressiyalar, kütləvi qətllər, sürgünlər, zorakılıqlar və yalan üzərində qurulmuşdu. Ona görə də cəmi 70 il sürdü. Rusiyada Vasserman kimi düşünən insanlar və imperiyapərəstlərin kumirinə çevrilmələr Rusiyanın özünün mövcudluğunun risk altında olduğunu nədənsə görmək istəmirlər. Məhz bu cür yanaşmaların nəticəsidir ki, Rusiya təklənib, hətta öz müttəfiqləri Moskva ilə məsafə saxlamağa çalışır. Necə ki, SSRİ-ni xalqlar həbsxanası adlandırırdılar, indi də onun varisi Rusiya eyni missiyanı daşımaqdadır.
Vesserman SSRİ-ni bu reallıqlarla necə yenidən bərpa edəcək? Rusiyanın hərbi, siyasi, iqtisadi, maliyyə gücü varmı? Əlbəttə yoxdur. Bu qanlı imperiyanın dirçəlməsi mümkün deyil".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
09 Yanvar 2025
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ