İnsanlara hürriyət, millətlərə istiqlal!

“SSRİ-2" təhlükəsi ciddiləşir - daha iki xəbərdarlıq

“Rusiyanın NATO üzvü olan ölkəyə hücumu ehtimalını istisna etmək olmaz”. 

“Yeni Müsavat” xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Hoysqen bildirib. 

“Rusiya prezidenti Vladimir Putinin belə bir hücum əmri verə biləcəyini düşünürsünüzmü” sualına Heusgen belə cavab verib: “Əlbəttə. Axı Putin dəfələrlə deyib ki, Sovet İttifaqının dağılması 20-ci əsrin ən böyük fəlakəti olub, çünki çox sayda rus Rusiyadan kənarda qalıb”. 

Onun sözlərinə görə, Putin mövcud olmayan Sovet İttifaqının sərhədləri daxilində “Böyük Rusiyanı” - qlobal imperiyanı bərpa etməyə çalışır, hansını ki, çar kimi idarə edərdi. O ehtimal edib ki, Putinin hədəfi Moldova və ya Baltikyanı ölkələr ola bilər: “Lakin biz hər şeyi etməliyik ki, Ukrayna Rusiya qoşunları ilə uğurla mübarizə aparmaq və onları öz ərazisindən çıxarmaq üçün lazım olan silah və hərbi yardımı alsın”. Öz növbəsində Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Rusiya liderinin Ukrayna ilə dayanmaq fikrində olmadığını bildirib. 

“1930-cu illərdə Hitlerə etdiyimiz kimi zəiflik göstərməyimizi istəmirəm. 2008-ci ildə Gürcüstanı, 2014-cü ildə Krım və Donbasın böyük hissəsini işğal edəndə Putinə verdiyimiz inamsız cavabı 2022-ci ildəki təcavüz aktına münasibətdə təkrarlasaq, bu, bizə baha başa gələcək yeni təcavüz aktına yol açacaq”, - Kemeron deyib. “Bir tərəfdə öz imperiyasını genişləndirəcəyinə ümid edən Putin var. Bizim zəif olduğumuzu, təcavüzkar əməlinə görə cəzalandırılmayacağını düşünür. Digər tərəfdə isə bizik. Resurslarımız, iqtisadi gücümüz, biliyimiz var. İqtisadiyyatımız Rusiyadan 25 dəfə güclüdür. Onlar isə kömək üçün Pxenyana müraciət etməyə məcbur olurlar. Etməli olduğumuz şey gücümüzdən istifadə etməkdir”, - XİN başçısı əlavə edib. 

Postsovet ölkələrinə “SSRİ-2" təhlükəsinin artdığını söyləmək olarmı? Zaman Putinin xeyrinə işləyir, yoxsa ziyanına?

Elçin Mirzəbəyli ermənilərin ən yaxşı bacardığı işlərdən DANIŞDI

Elçin Mirzəbəyli: “SSRİ-ni bərpa etmək postsovet məkanında heç kimə lazım deyil”

BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli: “Kristof Hoysqenin mülahizələri birtərəflidir və Qərb ölkələri arasında mərkəzdənqaçma meyllərinin özünü daha qabarıq büruzə verdiyi bir vaxtda onların "Rusiya təhlükəsi" qarşısında birləşməsinə xidmət edir. Əks təqdirdə, Münhen Təhlükəsizlik Konfransının rəhbəri Rusiya prezidentinin SSRİ-nin süqutu ilə bağlı digər fikirlərinə də istinad edərdi. Məsələn, Rusiya prezidenti SSRİ-nin süqutunu geosiyasi qəza kimi də dəyərləndirib. Məgər belə deyil? Və yaxud məgər Kristof Hoysqenin gətirdiyi nümunədə qeyd edildiyi kimi, məgər SSRİ-nin dağılmasını XX əsrin ən böyük fəlakəti adlandırmasını yanlış yanaşma kimi dəyərləndirmək olar? Əlbəttə ki, yox. Söhbət məsələyə hansı kontekstdən yanaşılmasından getmir. SSRİ-nin dağılması və bu prosesin Mixail Qorbaçov kimi axmaq birisi tərəfindən həyata keçirilməsi nə qədər böyük faciələrə səbəb oldu. SSRİ totalitar dövlət idi? Bəli! Xalqlar həbsxanasıydı? Bəli! Amma burada söhbət SSRİ-nin necə dövlət olmasından, necə yaranmasından daha çox, onun süqutunun gətirdiyi faciələrdən gedir. Kristof Hoysqenin birtərəfli mövqe sərgilədiyi, onun Rusiya prezidentinin SSRİ-nin süqutu ilə bağlı fikirlərini natamam şəkildə ifadə etməsindən də görünür. Putin dəfələrlə bəyan edib ki, “Sovet İttifaqının bərpası mənasızdır, bir sıra səbəblərə görə qeyri-mümkündür və hətta keçmiş Sovet İttifaqının bir sıra respublikalarında baş verən demoqrafik prosesləri nəzərə alsaq, yersizdir”. “SSRİ-2" iddiaları təbliğat xarakterlidir və postsovet ölkələrinə, həmçinin keçmiş Varşava müqaviləsi ölkələrinə ünvanlanmış məqsədyönlü, onlarda müstəqilliklərini itirə biləcəkləri ilə bağlı qorxu yaratmaq və suverenliklərini qorumaq üçün kollektiv Qərbə sığınmalarını təmin etmək məqsədilə tirajlanır. Bu, həmçinin Avrasiya geosiyasi konsepsiyasına qarşı öz effektivliyini itirməkdə olan Avroatlantika nəzəriyyəsinin ideoloji mübarizəsinin tərkib hissəsidir. SSRİ-ni bərpa etmək postsovet məkanında heç kimə lazım deyil, o cümlədən Rusiyaya. Amma keçmiş SSRİ məkanında Avropa İttifaqı modelində və Avropa İttifaqının formalaşması prosesi, həmçinin mövcud hüquqi, siyasi, iqtisadi mexanizmlərdəki boşluqları da nəzərə almaqla, daha uğurlu, daha effektiv bir təsisatın yaranması mümkündür. Əgər belə bir modelin uğurlu tətbiqi mümkün olarsa, o zaman nəinki Şərqi, hətta Qərbi Avropa ölkələrinin bir hissəsi də bu təsisata qatıla bilər. Avropa İttifaqını öz uğursuz geosiyasi gedişlərinin girovuna çevirən və onları gah Çin, gah Rusiya, gah islam faktoru ilə bağlı təbliğatla təhdid edərək bir arada saxlayan ABŞ və Fransa kimi ölkələri də narahat edən bu amildir. İndi "demokratiya", “insan hüquq və azadlıqları” və bu xüsusda diqqəti geosiyasi iddialara qurban verilən yüz milyonlarla insanın taleyindən yayındırmaq üçün insanlığın fitrətinə zidd olan saxta, iyrənc “azlıq hüquqları”nın gözə soxulması bəşəriyyətin gözündən pərdə asmaq üçün yetərli deyil. Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun mülahizələrinə gəldikdə isə, doğrudur, onların iqtisadiyyatları Rusiya iqtisadiyyatından 25 dəfə güclü ola bilər, amma bu gücü saxlamaq üçün nəhəng resurslara ehtiyac var. Bu resurslar isə tükənməkdədir. Daha doğrusu, bu resursların əhəmiyyətli hissəsi kollektiv Qərbin dominantlığını qəbul etməyən ölkələrdə, o cümlədən Rusiyadadır. Geosiyasi savaş da bu resurslara sahiblənmək müstəvisində gedir. Digər tərəfdən, qənaətimə görə, Böyük Britaniya dünyada baş verən proseslərin hansı istiqamətdə cərəyan edəcəyini çox yaxşı bilir. Əgər belə olmasaydı, Avropa İttifaqını tərk etməz və Avropa İttifaqında mərkəzdənqaçma meyllərinin güclənməsinə zəmin yaratmazdı".

E.Mirzəbəyli Prezidentin andiçmə mərasimindəki çıxışında yer alan bir nüansa da toxundu: “Zənnimcə, hazırda bizim üçün önəmli olan ölkəmizin xarici siyasət kursunun prioritetləridir və cənab Prezident andiçmə mərasimində bi məsələyə də aydınlıq gətirdi, qeyd etdi ki, bizim ailəmiz Türk dünyasıdır. Gələcək də Türk dünyasının, Türk Dövlətləri Təşkilatınındır və şübhə etmirəm ki, bu strategiyanın düzgün inkişaf etdiriləcəyi təqdirdə Türk Dövlətləri Təşkilatı təkcə Avrasiyanın deyil, çoxqütblü dünyanın ən güclü və ən perspektivli güc mərkəzlərindən birinə çevriləcək”.

Rəşad Bayramov: “Hakimiyyət uğrunda mübarizədə məqbul hesab etdiyimiz tək  yol seçkidir”. » Ovqat.com

Rəşad Bayramov: “Gələcəkdə nələrin ola biləcəyini indidən proqnozlaşdırmaq çətindir”

AMİP Ali Məclisinin sədri Rəşad Bayramov qeyd etdi ki, Putinin mütəmadi olaraq Rusiyanın imperialist maraqları baxımından çıxış etdiyi məlumdur: “Putin dəfələrlə özünü I-ci Pyotrla müqayisə edərək onun vəsiyyətlərinə sadiq olduğunu bildirib. Odur ki, Putinin keçmiş SSRİ-ni bərpa etməklə bağlı arzu və istəklərini bir kənara atmaq olmaz. Belə bir istək təbii ki, var. Amma məsələ burasındadır ki, Rusiyanın Ukraynaya hücumu və müharibədən keçən iki il göstərdi ki, nəinki NATO üzvü olan keçmiş SSRİ dövlətlərini, hətta hərbi alyansın üzvü olmayan ölkələri belə ram etmək elə də asan məsələ deyil. Əgər beynəlxaq birlik və xüsusilə də NATO Rusiyanın Ukraynaya hücumuna belə dirəniş göstərirsə, demək ki, hərbi alyansın üzvü olan dövlətlərə hücum Rusiyaya, ümumiyyətlə, baha başa gələr. Bunu Putin də, Rusiyanın hərbi siyasi rəhbərliyində təmsil olunan hər kəs də kifayət qədər yaxşı dərk edir. Elə bu səbəbdəndir ki, istər Putinin, istərsə də digər Rusiya rəsmilərinin açıqlamalarında tez-tez Rusiyanın müharibənin coğrafiyasını genişləndirmək fikrində olmadığı bəyan edilir.

Keçmiş SSRİ ölkələrindən Pribaltika respublikalarının NATO üzvü olmasını, Moldova və Gürcüstanın da eyni Ukrayna kimi Avropa İttifaqı üzvlüyünə namizəd olmasını, Türk ölkələrinin Türk Dövlətləri Təşkilatına üzvlüyü və dolayısıyla NATO üzvü olan Türkiyə tərəfindən birmənalı olaraq dəstəkləndiyini nəzərə alsaq deyə bilərik ki, Putinin SSRİ 2 layihəsi indiki məqamda, sadəcə, xülyadır. Amma gələcəkdə nələrin ola biləcəyini indidən proqnozlaşdırmaq çətindir. Bu indi daha çox Rusiya-Ukrayna müharibəsinin taleyindən, Kollektiv Qərbin mövqeyindən asılıdır. NATO-nun gələcəyinin necə olacağından asılı olacaq. İndiki məqamda bu məsələ, ümumiyyətlə, aktual deyil. Çünki ortada artıq hər şeyə qadir və hər kəsi ram edə biləcək Rusiya yoxdur. Bu müddət ərzində Rusiya istər silah və texnika, istərsə də maliyyə imkanları baxımından xeyli zəifləyib. 

İkinci bir tərəfdən, keçmiş SSRİ-nin tərkibində olan və 30 ildir müstəqil dövlət olmuş ölkələrdən heç biri, Belarusu çıxmaq şərtilə öz gələcəyini Rusiya ilə vahid dövlətdə görmək istəmir. Ölkələr öz yerlərini və yollarını çoxdan cızıblar və müasir dünyada öz yerlərini tutmaq üçün müvafiq addımlar atıblar. Artıq nəinki SSRİ, hətta 30 il öncə yaradılmış Müstəqil Dövlətlər Birliyinin özü belə formal bir quruma çevrilib".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR