İnsanlara hürriyət, millətlərə istiqlal!

Şri-Lanka prezidenti istefası barədə bəyanatı imzalayıb

Şri-Lanka prezidenti Qotabaya Racapaksa istefası barədə 13 iyul tarixli bəyanatı imzalayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli Daily Mirror qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, prezidentin bəyanatı imzalanıb və yüksəkrütbəli hökumət rəsmisinə təhvil verilib. Həmin şəxs sənədi parlamentin spikeri Mahinda Yapa Abeyvardenə çatdıracaq. Spiker çərşənbə günü Racapaksanın hakimiyyətdən getdiyini elan edəcək.

Qəzet, həmçinin bildirir ki, dövlət başçısı adadadır, onu hərbçilər qoruyur. Prezidentin olduğu yer məlum deyil və çox güman ki, o, ölkəni bu həftə tərk edəcək.

Şənbə günü minlərlə etirazçı dövlət başçısının istefası tələbi ilə Kolombo küçələrinə çıxmışdı. Onlar prezidentin və Baş nazirin iqamətgahlarını tutmuşdular. Yüzdən çox insan xəsarət almışdı. Bundan sonra Baş nazir Ranil Vikramasinqe vəzifəsini tərk edəcəyini açıqlamış, Prezident Qotabaya Racapaksa isə iyulun 13-də istefa verəcəyini bildirmişdi.

Hazırda Şri-Lanka müstəqillik əldə etdiyi 1948-ci ildən bəri ən dərin iqtisadi böhran yaşayır. Koronavirus pandemiyasının ölkənin əsas gəlir mənbəyi olan turizm sektoruna vurduğu zərbə vəziyyəti son dərəcə gərginləşdirib. Ölkənin hakimiyyət orqanları resurslara ciddi qənaət etməyə və idxalı kəskin azaltmağa məcbur olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR