İnsanlara hürriyət, millətlərə istiqlal!

"Şoyqu Kim Çen ilə nüvə razılaşması əldə etməyə gedib" - İDDİA

Hazırda beynəlxalq medianın diqqətində olan mövzulardan biri də Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Şimali Koreyaya səfəridir. Pxenyanda səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şimali Koreyanın lideri Kim Çen İnlə görüşüb.

Rəsmi məlumata görə, Kim və Şoyqu Pxenyanın əsas rəsmilərinin müşayiəti ilə yeni silah və texnikanın nümayiş olunduğu “Silah Sərgisi-2023" tədbirini ziyarət ediblər.

“Kim Çen İn Şimali Koreyanın milli müdafiə inkişaf planı çərçivəsində istehsal olunan silahları təqdim edib və silahların inkişafının dünya miqyasında tendensiyası və onun strategiyası və iki ölkənin üzləşdiyi təhlükəsizlik gündəliyi haqqında fikirlərini bölüşüb”, - dövlət agentliyi bildirib.

KCNA-nın məlumatına görə, Kim Çen İn “iki ölkənin suverenliyi, inkişafı və maraqlarının imperialistlərin özbaşına əməllərindən qorunması uğrunda mübarizədə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikirlərini qarşı tərəfə çatdırıb”.

Şimali Koreya rəhbəri və Rusiyanın müdafiə naziri eyni gün (26 iyulda) ayrıca görüş keçirib və burada müdafiə məsələlərini müzakirə ediblər. KCNA hər iki tərəfin müzakirə olunan mövzulara dair fikirlərlə bağlı “konsensusa” gəldiyini yazıb. KCNA həmçinin bildirib ki, müdafiə naziri Şoyqu Kim Çen İnə Rusiya Prezidenti Vladimir Putinin məktubunu verib.

Beynəlxalq media görüşdə Şimali Koreyanın Rusiyaya silah verməsi ilə bağlı müzakirələr aparılması ilə bağlı ehtimalları da qeyd edir.

Həmçinin, bəzi ekspertlər iddia edir ki, Şoyqunun indiki vaxtda Kim Çen ilə görüşü, məxfi danışıqları nüvə silahı ilə bağlı ola bilər. İddiaya görə, Şoyqu Kim Çen İnin gərəkən anda müttəfiq ölkə kimi, Rusiyanın müdafiəsi (?!) naminə nüvə silahından istifadəyə görə razılığını almağa çalışıb. Başqa sözlə, Rusiya müəyyən bir anda onsuz da heç bir norma tanımayan Şimali Koreyanın əli, müttəfiqliyi ilə nüvə silahı tətbiqinə hazırlaşır. Bu iddialar nə qədər gerçəkdir? Belə bir anlaşma mümkündürmü? Şimali Koreya bu anlaşmaya gedərmi?

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli: “Koreyalılar ruslara heç kəsin almadığı, paslanmış silahlarını satmaq istəyirlər”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli hər kəsin Rusiyanın düşdüyü durumdan istifadə etmək istədiyini qeyd etdi: “Şimali Koreya lideri rus müdafiə nazirinə son silahlarını, orta və uzaq mənzilli raketlərini göstərib. Heç kəsə sirr deyil ki, Şimali Koreyada nüvə başlığı daşıyan raketlər də var. Ən azı Uzaq Şərq regionunda hər məsafəni qət edə və hər nöqtəni vura biləcək gücündədir Koreyanın nüvə daşıyan raketləri. Koreya raketləri dəfələrlə Yaponiyanın səması üstündə görünüblər. Kommunist Koreyasının raketləri başdan-ayağa Yaponiyanın səmasında uçuşlar ediblər. Şimali Koreyada kommunist diktaturası olsa da oranı ağılsız adamlar idarə etmirlər. Ağılsız yönətim, sistem 10 illərdir blokada şəraitində atom bombası ölkəsi ola bilməz. Və ona görə də Rusiyaya görə kiməsə qarşı nəinki atom bombası, şimali koreyalılar heç ”Kalaşnikov" avtomatından güllə də atmazlar. Sadəcə, ola bilsin, rus hərbi nazir Pxenyana silah dilənməyə gedib və bunu daxili auditoriyaya böyük bir görüş, razılaşma kimi sırımağa çalışırlar. Rusiya, Afrika, Şimali Koreya kimi ölkələrə mənfəət baxımından lazımdır. Afrikalılar üçün rusların pulsuz taxılı lazımdır. Koreyalılar ruslara heç kəsin almadığı, paslanmış silahlarını satmaq istəyirlər. Yəni hər kəs rusların ağılsızlıqları ucbatından düşdükləri vəziyyətdən sui-istifadə etmək istəyirlər. Avtoritar, işğalçı, şovinist rus hakimiyyəti də bunu zavallı xalqına böyük diplomatik uğur kimi göstərmək istəyir".

Paşinyan Sərkisyana yaşatdığı taleyi özü də yaşaya bilər - etirazlar  alovlanır

 Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə III Dünya müahribəsinin ola biləcəyi ehtimalarından söz açdı: “Rusiya-Ukrayna müharibəsi nəticəsində dünyada yaşanan qütbləşmə gedərək daha sərt cizgilər almaqdadır. Məsələn, BMT-nin daimi üzvlərindən biri olan Rusiya indiyədək Seul və Pxenyandan bərabər məsafədə durmağa çalışırdısa, 2022-ci ildə Cənubi Koreya Rusiya üçün ”qeyri-dost" dövlətlər siyahısına əlavə olundu. Çünki Cənubi Koreya digər ölkələr vasitəsilə Ukraynaya silah satmağa başladı. Bu əsnada Şimali Koreya isə Rusiyaya sadiqlik nümayiş etdirərək 2022-nin iyulunda Donetsk və Luqanskı “müstəqil respublika” kimi tanıdı. Bu ərazilər 2022-nin sentyabrında artıq Rusiyaya ilhaq edildi. Bununla yanaşı Şimali Koreya Rusiyanın gedərək tükənən arsenalını müxtəlif silahlar, artilleriya və raketlərlə təmin edərək ikitərəfli əlaqələri strateji müttəfiqlik səviyyəsində inkişaf etdirdi. Artıq bu iki ölkə ABŞ-ın Sakit Okean ərazisində sıxışdırılması və Cənub-Şərqi Asiyadan uzaqlaşdırılması işində həmfikirdirlər.

Şoyqu Kim Çen Inla görüşüb

Belə ki, ABŞ-ın dünyadakı ən böyük hərbi bazası Cənubi Koreyada, Seula yaxın məsafədə olan Pxentaek şəhərində yerləşir. ABŞ-a qarşı ittifaq qurularkən onların bir müttəfiqi də Çindir. Çünki Rusiya-Ukrayna müharibəsi sadəcə növbəti dünya müharibəsinin məşqi hesab edilir. ABŞ strateqləri 2025-ci ilin ABŞ-Çin müharibəsinin başlanğıc ili olacağını təxmin edirlər. Çox az zaman qalır və bu müddətdə tərəflər öz müttəfiqlərini müəyyən edir, bloklarını genişləndirməyə çalışır və təbii olaraq, cəbhə xətlərini möhkəmləndirirlər. Növbəti müharibədə nüvə silahının işə düşməyəcəyinə heç kəs təminat verə bilməz, bu sadəcə arzu olaraq qalır. Odur ki, tərəflər beynəlxalq nüvə sazişlərini heçə sayaraq nüvə silahlarını artırırlar. Yaxın gələcəkdə bu silaha hətta İranın da sahib olacağı gözlənilir. Odur ki, Rusiya-Ukrayna müharibəsində Rusiya - Şimali Koreya müttəfiqliyi hərbi yardımla məhdudlaşsa da, növbəti qlobal - qütblərarası savaşda bu, birbaşa iştirakla nəticələnə bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR