İnsanlara hürriyət, millətlərə istiqlal!

Sovet kosmonavtikasının banisinin Nobel mükafatı almasına kim MANE OLUB?

12 aprel Ümumdünya Kosmonavtika Günüdür.

1961-ci ilin bu tarixində ilk dəfə olaraq SSRİ vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. “Vostok” kosmik gəmisi ilə kosmosa uçan Yuri Qaqarin 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və uğurla Saratov əyalətində yerə enib. Bu, 20-ci əsrin tarixinə ən mühüm hadisələrdən biri kimi yazılıb.

Kosmosun ilk dəfə fəth edilməsi Yuri Qaqarinin adı ilə bağlı olsa da, SSRİ-də kosmonavtikanın banisi Sergey Korolyov sayılıb. Məhz kosmosa uzanan yollar Korolyovun kosmik tədqiqatları hesabına açılıb.

KOROL SON.jpg (32 KB)

Dünya şöhrətli alim, SSRİ Elmlər Akademiyasının akademiki Korolyov bəlkə də öz həmkarları arasında sovet rejimindən ən çox əziyyət çəkən şəxslərdən biri olub. Ona qarşı edilən haqsızlıqlar bitib tükənməyib. Amma bu mübarizələrə tab gətirən akademik sonda özünü müdafiə və təsdiq etməyi bacarıb.

1906-cı ildə Ukraynanın Jitomir şəhərində anadan olan Korolyov ilk ali təhsilini Kiyev Politexnik İnstitutunda alıb, daha sonra Bauman adına Moskva Dövlət Texniki Universitetini bitirib. Yeniyetməlik dövründən aviasiya sahəsinə maraq göstərən Korolyov tələbəlik illərində aviasiya cəmiyyətlərinin üzvü olub.

Təhsilini başa vurduqdan sonra Korolyov ilk əmək fəaliyyətinə 39 nömrəli Aviasiya Zavodunun konstruktor bürosunda başlayıb, sonrakı həyatını bütövlükdə raket sənayesinə, kosmik tədqiqatlara həsr edib və zaman-zaman uğurlara imza atıb.

BANİS.jpg (117 KB)

Amma Stalin rejiminin repressiya dövrü Korolyovun bir çox planlarını yarımçıq qoyub. Belə ki, 1938-ci ilin sentyabrında o, antisovet fəaliyyətdə ittiham olunaraq həbs edilib. Həbsindən sonra Korolyovun güllələnmə hökmünə məhkum edilməsi nəzərdə tutulub. Hətta bununla bağlı onun cinayət işinin toplandığı qovluğun üzərində Stalinin güllələnmə ilə bağlı dərkənarı da qoyulub.

“Butırka” həbsxanasında ağır işgəncələrə məruz qalsa da, Korolyov ittihamları qəbul etməyib və Stalinə məktub ünvanlayaraq işinə yenidən baxılmasını xahiş edib. Bu məsələdə ona dövrün məşhur alimləri də kömək ediblər, Mərkəzi Komitəyə müraciətlər ünvanlayıblar. Bu müraciətlərin sayəsində Korolyov güllələnmədən xilas olsa da, onu 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər.

Uzun-uzadı yazışmalardan, təkrar istintaq araşdırmalarından sonra 27 iyul 1944-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyəti Sergey Korolyov haqqında qərar qəbul edib. O, cəzasının qalan hissəsindən azad edilib, tam bəraət alıb və məhkumluğu üzərindən götürülüb.

Azadlığa buraxıldıqdan sonra Korolyov fəaliyyətini yenidən kosmik tədqiqatlar sahəsində davam etdirib.

4 oktyabr 1957-ci ildə dünyada ilk olaraq kosmosa çıxarılan ilk və müstəqil süni peykin, “Sputnik - 1”in orbitə buraxılması ilə kosmik eranın başlanğıcı məhz Korolyovun adı ilə bağlıdır. Həmçinin ilk dəfə insanın, Yuri Qaqarinin kosmosu fəth etməsində Korolyovun əvəzolunmaz xidmətləri olub. Ümumiyyətlə, kosmosun kəşf olunması sahəsində Sergey Korolyovun adı dünya alimləri içərisində birincilər sırasında dayanıb.

BANİS SON.jpg (149 KB)

Korolyov gec də olsa, öz xidmətlərinə görə SSRİ-nin ən yüksək ali mükafatlarına layiq görülüb. O, 2 dəfə Sosialist Əməyi Qəhrəmanı, 3 dəfə “Lenin” ordeni, Lenin mükafatı, digər orden və medallarla təltif olunub. Amma bu təltiflərlə yanaşı, sovet rəhbərliyi onun Nobel mükafatı almasına əngəllik törədib.

1957-ci ildə “Sputnik - 1”in orbitə buraxılmasından sonra Nobel Komitəsi SSRİ-dən alim-konstruktor haqqında müvafiq sənədləri istəyəndə Nikita Xruşov komitənin müraciətinə özünəməxsus cavab verib:

““Sputnik” kommunizmin məhsuludur və onu bütün sovet vətəndaşları yaradıb. SSRİ bu mükafata ehtiyac duymur...”

Bununla da Nobel mükafatına haqqı olan Korolyov Xruşovun siyasi yüngüllüyü sayəsində mükafatdan məhrum olub.

Korolyovun kosmik sahədə elmi potensialı dünyanın ən tanınmış alimləri tərəfindən yüksək qiymətləndirilib.

Akademikin bu sahə ilə bağlı böyük planları da olub. Amma vaxtsız və gözlənilməz ölüm Korolyovun fəaliyyətinə birdəfəlik son qoyub. Arabir bağırsaq ağrılarından şikayət edən Korolyov bu narahatlığı aradan qaldırmaq üçün həkimlərə müraciət edib. Həkimlər akademikə bunun ciddi bir problem olmadığını söyləyərək olduqca kiçik, bir neçə dəqiqə çəkəcək əməliyyatın keçirilməsini tövsiyə ediblər. Təkrar müayinələrdən sonra əməliyyatın 14 yanvar 1966-cı ildə keçirilməsi nəzərdə tutulub. Əməliyyatı SSRİ səhiyyə naziri Boris Petrovski keçirib. Əməliyyat zamanı güclü qanaxma baş verib. Həkimlərin səyinə baxmayaraq, Korolyovu xilas etmək mümkün olmayıb, əməliyyatın 30-cu dəqiqəsində 59 yaşlı akademikin ürəyi dayanıb.

Korolyovun vəfatı ilə bağlı Mərkəzi Komitənin rəhbərləri nekroloq imzalayıblar. Akademik son mənzilə Brejnev, Podqornı, Kosıginin və digər Siyasi Büro üzvlərinin çiyinlərində yola salınıb. Sergey Korolyovun yandırılmış nəşinin külü Kreml divarlarına yerləşdirilərək üzərinə xatirə lövhəsi vurulub. 

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR