İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial Xidmətlər Agentliyinə müraciət edən şəxslərin sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsində məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi fəaliyyət göstərir.

Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov Musavat.com-a bildirdi ki,şöbə 1 avqust 2021-ci il tarixində fəaliyyətə başlayıb və bu kateqoriyadan olan şəxsləri sığınacaq, eləcə də psixo-sosial dəstək və məsləhət yardımı xidmətləri ilə təmin edir: “Şöbədə həmin şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində fərdi iş planı üzrə işlər aparılır. Onların ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, ilkin tibbi yardımla təmin edilmələri, hüquqlarının müdafiəsi və s. üçün də tədbirlər görülür. Burada sakinlərin yaşayışı, sosial-reabilitasiyası tədbirlərinə cəlb olunmaları, mədəni-asudə vaxtının təşkili üçün müasir şərait yaradılıb. Şöbədə sosial işçilər, hüquq məsləhətçisi, psixoloq, sosial pedaqoq, tibb bacısı və nəzarətçilər çalışır.
Ötən müddətdə şöbəyə 88 məişət zorakılığına məruz qalmış şəxs qəbul olunub. Onlardan 60 nəfərin sosial reabilitasiyası uğurla başa çataraq cəmiyyətə reinteqrasiya olunub. Hazırda şöbədə 21 nəfərə müvafiq xidmətlər göstərilir”.

M.Həşimov həmçinin qeyd etdi ki, Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi də fəaliyyət göstərir: “Müəssisədə 2021-ci ildə 337 şəxsə sosial xidmət göstərilib. Hazırda isə müəssisədə ümumilikdə 106 şəxsə sosial xidmət göstərilir ki, onlardan 55-i kişi, 51-i qadındır. Müəssisə tərəfindən sakinlər kontingentinə qəbul olunan hər bir şəxsə müəssisədə olduğu müddətdə sosial-məişət, sosial-hüquqi, tibbi xidmət göstərilir, eləcə də günlük olaraq qida normaları əsasında tam qidalanma, yaşayış yeri və geyimlə təmin edilir”.

Qeyd edək ki, sosial xidmətə ehtiyacı olan hər kəs Sosial Xidmətlər Agentliyinin “Qayğı” Çağrı Mərkəzinə (116 123) zəng edərək göstərilən xidmətlərdən yararlana, eləcə bu xidmətlərlə bağlı ətraflı məlumat ala bilər.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR