İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS! Yayda bu qidaları yeməyin, zəhərləyir - həkimdən çağırış

Mütəxəssislər deyir ki, zəhərlənmələrin səbəbi sistemsizlik və məsuliyyətsizlikdir

Gəncə şəhərində qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənən şəxslər - 1981-ci il təvəllüdlü Zaur Cəfərov və 1990-cı il təvəllüdlü Qədir Kazımov - dərhal xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib və hazırda hər iki şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. İlkin ehtimallara əsasən, zəhərlənməyə qəbul edilən qida məhsulları səbəb olub. 

Qeyd edək ki, yay aylarında temperaturun artması ilə qida zəhərlənmələrinin sayı da yüksəlir. Mütəxəssislər əhaliyə qidalanmada xüsusilə diqqətli olmağı tövsiyə edir. İsti havada ərzaqların tez xarab olması, birbaşa günəş şüalarının altında saxlanılan qidaların tərkibində baş verən dəyişikliklər zəhərlənməyə əsas yaradır. Kütləvi mərasimlər isə bu mənada bir qədər də təhlükəlidir. Qidaların, yeməklərin böyük həcmdə hazırlanması, axşam bişirilmiş yeməyin günorta yeyilməsi zəhərlənmə üçün şərait yaradır.

“Şərq” qəzeti yazır ki, rusiyalı mütəxəssis Yelena Spetsenko Lenta.ru-ya müsahibəsində isti havalarda sağlamlıq üçün ən təhlükəli qida məhsullarını sadalayıb. Onun sözlərinə görə, yüksək temperatur bakteriyaların çoxalması üçün ideal şərait yaradır və bəzi məhsullar xüsusilə təhlükəli hala gəlir: “Tərkibində zülal olan və tez xarab olan məhsullar ilk növbədə risk altındadır. İsti havada mal və quş əti daha təhlükəlidir, xüsusilə də düzgün şəkildə saxlanmayıbsa. Bir neçə saat Günəş altında qalan bişmiş kabab salmonella və ya bağırsaq çöpü (E. coli bakteriyaları) mənbəyinə çevrilə bilər. Eyni şey hazır ət məhsullarına - kolbasa, paştet, kotletlərə də aiddir. İstidə süd məhsulları da eyni şəkildə təhlükəlidir. Kəsmik, xama, qatıq və yumşaq pendirlər patogen mikroorqanizmlərin çoxalması üçün əlverişli mühit yaradır. Hətta istifadə müddəti hələ başa çatmamış olsa belə, düzgün saxlanmadıqda, bu məhsullar ciddi həzm pozğunluqlarına səbəb ola bilər. Qaymaq əsaslı desertlər xüsusilə təhlükəlidir. Onlar demək olar ki, hiss edilmədən xarab olur. Lakin onlardan istifadə çox ciddi nəticələrə gətirib çıxara bilər”.

Yayda qidalanma zamanı daha nələrə diqqət etməliyik? Xüsusən də uşaqlar üçün hansı qidalar zəhərlənmə riski yarada bilər?

Leyla Zülfüqarlı 

Tanınmış həkim-diyetoloq, diyetlə bağlı kitabların müəllifi, uzunömürlülük üzrə ekspert Leyla Zülfüqarlı mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Belə bir mif var idi ki, yay aylarında balıq yemək olmaz. Bu, təkcə ayın adında "r" hərfinin olub-olmaması ilə bağlı deyil. Yayda havalar çox isti keçir, bu da balıq kimi tez xarab olan məhsulların saxlanmasını çətinləşdirir. Balıq - kəskin zülal mənbəyi olmaqla yanaşı - salmonella və bağırsaq çöpləri kimi bakteriyalara tez yoluxdura bilər. Buna görə də insanlar yay mövsümündə daha diqqətli olmalıdırlar.

Xüsusilə çimərlik mövsümündə kolbasa məhsullarını çimərliyə aparmaq və uşaqlara yedirtmək təhlükəlidir. Təsadüfi deyil ki, yay aylarında bağırsaq çöpləri daha çox yayılır. Bu bakteriyalar uşaq bağçaları və oyun meydançaları kimi uşaqların sıx olduğu yerlərdə daha sürətlə yayılır. Çünki hər hansı bir qidanın saxlanması zamanı ona bakteriya düşübsə, bu, bir uşaqdan digərinə asanlıqla keçə bilir və nəticədə kütləvi yayılma müşahidə olunur.

Yay aylarında giləmeyvə, tərəvəz və zülal tərkibli məhsullardan istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Bu məhsullar mütləq soyuducuda saxlanmalıdır. Açıq şəkildə tövsiyə olunur ki, insanlar özləri ilə çimərliyə yemək aparmasınlar. Uşaqlar əllərini yumadan çimərlikdə qarpız və ya başqa qidalar qəbul etdikdə, bu da bakteriyaların yayılmasına səbəb ola bilər".

Eyyub Hüseynov | Bakuplus.az

 Eyyub Hüseynov

İstehlakçıların Hüquqlarının müdafiəçisi Eyyub Hüseynov da yay aylarında artan qida zəhərlənmələri ilə bağlı ciddi xəbərdarlıq edib. Onun sözlərinə görə, ölkədə bu sahədə statistika və nəzarət mexanizmləri ciddi problemlərlə üzləşir: “Azərbaycanda qida zəhərlənmələrinin rəsmi statistikası reallığı əks etdirmir. Əldə etdiyimiz məlumatlara görə, ölkəmizdə bu halların qeydə alınması çox zəif aparılır və təqdim edilən rəqəmlər beynəlxalq standartlarla müqayisədə onlarla, bəzən yüzlərlə dəfə az göstərilir. Eyni şəkildə zəhərlənmədən baş verən ölüm halları da düzgün sənədləşdirilmir”.

Ekspert hesab edir ki, mövcud vəziyyətin əsas səbəblərindən biri sistemsizlikdir. Onun fikrincə, həm məhsullara keyfiyyət sertifikatı verən qurum, həm də zəhərlənmələri qeydə alan orqan eyni olmamalıdır: “Bu sahədə ciddi maraq toqquşması və nəzarətsizlik müşahidə olunur”.

Eyyub Hüseynov yay aylarında zəhərlənmə riskinin daha da artdığını deyib: “İsti havalarda məhsullar sürətlə xarab olur. Təəssüf ki, bəzi istehlakçılar təhlükəli məhsullarla necə davranmalı olduqlarını bilmirlər, bu da vəziyyəti daha da ağırlaşdırır”.

AİB sədri bildirib ki, problemin kökündə normativ sənədlər dayanır: “Qanunvericilikdə boşluqlar çoxdur. Hökumətin istehlakçını qoruma siyasəti demək olar ki, mövcud deyil. Daha çox biznesin maraqları ön plandadır. Bu səbəbdən Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsinə dəyişiklik edilməli, daha çevik nəzarət və məhsulların dərhal geri çağırılması kimi mexanizmlər tətbiq olunmalıdır.”

Ekspert son vaxtlar rayonlarda toy mərasimlərində müşahidə olunan zəhərlənmə hallarına da diqqət çəkib: “Bölgələrdə insanlar toy üçün zal kirayələyib, məhsulları özləri gətirir və bişirirlər. Nəzarət isə formal şəkildə aparılır. Əslində qaydaya görə AQTA əməkdaşları toy başlamazdan əvvəl məhsullardan nümunə götürməlidir. Ancaq çox vaxt bu prosedura da əməl olunmur, bəzən toy sahibi özü nümunələri aparıb təsdiq alır, amma bu, qidaların əksəriyyətini əhatə etmir. Bu da zəhərlənmə hallarının yaranmasına zəmin yaradır”.

Qeyd edək ki, uşaqların immun sistemi hələ tam formalaşmadığı üçün onlarda qida zəhərlənməsi daha tez-tez və daha ağır baş verir. Pediatrlar tövsiyə edir ki, uşaqlara çöldən alınmış dondurma, mayonezli salatlar və qaynar havada saxlanan konservləşdirilmiş qidalar verilməsin. Səhər yeməyi vacibdir, amma bu yemək yüngül və zülal əsaslı olmalıdır: məsələn, qaynadılmış yumurta, qatıq, pendir və banan. İsti havalarda qazlı və şirin içkilər əvəzinə evdə hazırlanmış kompot və ya sərin su verilməlidir.

İnfeksion xəstəliklərin, xüsusən bağırsaq infeksiyalarının yayda daha çox yayılması müşahidə olunur. İnfeksionistlər xəbərdarlıq edir ki, əl gigiyenası qida qədər önəmlidir - çöldən gəldikdən, tualetdən sonra və yeməkdən öncə mütləq sabunla əllər yuyulmalıdır. Açıq havada satılan dönər, toyuq və kolbasa məhsulları zəhərlənmə riski daşıyır - yalnız lisenziyalı və etibarlı yerlərdən alınmalıdır. Çirkli su ilə yuyulan meyvələr hepatit A və digər virusların daşıyıcısı ola bilər.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR