İnsanlara hürriyət, millətlərə istiqlal!

SOS: Xəzəri Urmiya gölünün taleyi gözləyir?

“Xəzər dənizində bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzərdə suyun səviyyəsinin 9-30 metr azalacağı gözlənilir”.

“Report”un xəbərinə görə, bunu Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kidirali X Qlobal Bakı Forumu çərçivəsində “Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib. Nazir qeyd edib ki, Qazaxıstan hər zaman sülhün tərəfindədir: “Təəssüflər olsun ki, bu gün qida təhlükəsizliyi məsələsi də ortaya çıxıb”.

Darxan Kidiralinin sözlərinə görə, dünyada hazırda bir çox təhlükələr yaşanmaqdadır: “Bu yaxınlarda qardaş Türkiyədə zəlzələlər oldu. Həmin zəlzələ nəticəsində bir çox insanlar həyatını itirdi. Xəzər dənizində də bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzərin suyunun 9-30 metr azalacağı gözlənilir. Bu da 5 Xəzəryanı ölkə üçün təhlükədir”.

Ekoloq Qorxmaz İbrahimli Musavat.com-a bildirib ki, geoloji eralara görə Qafqaz dağları daxil, bu ərazi dünya okeanının altında olub.

15jpg-1613807531.jpg (115 KB)

Ekspert Xəzər dənizinin həmin okeanın qalan hissəsi olduğunu qeyd edib: “Xəzər dənizinin gələcəkdə 30 metr aşağı enəcəyi ehtimalı yoxdur. Bu, çox ciddi fəlakətə yol açar. Çaylar tam qurusa, yaxud yönü dəyişərsə, yəni Xəzərin su ehtiyatı tükənərsə, bəlkə bu baş verər. Bu, absurd fikirdir. Xəzərin səviyyəsi 90-cı illərə qədər sürətlə aşağı düşürdü. Sonra isə təxminən 3-4 metr qalxmağa başladı. Su daşıyıcılarının qismən rolu olsa da, əsas səbəb geoloji proseslərlə bağlıdır. Xəzərin sürətlə quruması mümkün deyil. Təxminən 10 ildən sonra yenidən qabarma başlayacaq. Bu gün qlobal istiləşmədən danışırıq, amma təxminən 500 il sonra qlobal soyuqlaşma olacaq”.

Zəlzələ ehtimalına gəlincə, ekspert xatırladıb ki, Gəncə zəlzələsi 12-ci əsrdə olub, sonra orada zəlzələ baş verməyib: “Şamaxıda 20-ci əsrin əvvəlində zəlzələ olub. Bu əsrdə isə yüngül titrəyişlər oldu. Azərbaycanda dağıdıcı zəlzələ qeydə alınmayıb. Azərbaycanda bir-birilə qarşılaşan 5 platforma var. Azərbaycan Ərəbistan tavasının üzərində yerləşir. Hazırda Cənubi Qafqaz və Abşeron platformaları qarşıdurmadadır. Bakı Abşeron platformasında yerləşir, Şamaxı və İsmayıllı isə Cənubi Qafqaz platformasındadır. Bu platformalarda zəlzələ olacaq, lakin kimsə tarixlə bağlı dəqiq proqnoz verə bilməz. Araşdırma aparılmayıb. Gördüyümüz kimi, türkiyəli seysmoloqlar, geoloqlar zəlzələ olacağını dedilər və bunu əsaslandırdılar. Zəlzələ xəritəsi göz önündədir. Azərbaycanda seysmoloji vəziyyəti təhlil edib insanları panikadan xilas etmək lazımdır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR