İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sorosçular”ın “Azərbaycan Qərbdən ayrılır” iddiası

Bəzi təhlilçilərə görə, Rusiya ilə əvvəlcə strateji müttəfiqlik sənədi, bu həftə isə "Yol xəritəsi"nin imzalanması bizi “demokratik dünyaya inteqrasiyadan təcrid edə bilər”; ekspert: “Rusiya ilə bizi düşmən etmək istəyən təbliğat aparılır”

Xəbər verildiyi kimi, yanvarın 22-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün "Yol xəritəsi"ni imzalayıb. Azərbaycan Nazirlər Kabinetinin məlumatına görə, "Yol xəritəsi" ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur. 

Tərəflər 2024-cü ilədək olan dövr üçün Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə yol xəritələrinin icrasının nəticələrini yüksək qiymətləndirib. “2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq ötən il 4,3 milyard ABŞ dollarından çox təşkil edib. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub”, - Azərbaycan Nazirlər Kabinetinin məlumatında qeyd edilir.

Azər Qasımlı: “Mən siyasi doğulmuşam” – Azlogos

Azər Qasımlı

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı “Amerikanın səsi”nə bildirib ki, Rusiya və Azərbaycan əlaqələrində 2020-ci ildən başlayaraq yeni münasibət mövcuddur: “2022-ci ildə Azərbaycanla Rusiya arasında Moskva bəyannaməsi imzalanıb. Bu bəyannamə ilə hər iki tərəf strateji müttəfiqlik statusu alıb. Bundan sonra iki ölkənin mövqeləri daha da yaxınlaşıb”. Siyasi təhlilçi hesab edir ki, Azərbaycanla Rusiya arasında münasibətlərin daha da inkişafının Azərbaycana mənfi təsirləri olacaq: “Bu razılaşma Azərbaycanın müasir dünyadan kənarda qalacağına xidmət edəcək. Bundan sonra Azərbaycanın demokratik dünyaya inteqrasiyası dayanacaq və hətta qopmaları da görəcəyik. Azərbaycanın Qərb dünyasından ayrı düşəcəyinin şahidi olacağıq. Qərbin demokratik institutlarına inteqrasiya prosesləri dayanacaq”. Bu qiymətləndirməni doğru hesab etmək olarmı? Azərbaycan əvvəlcə strateji müttəfiqlik sənədi, sonra "Yol xəritəsi" imzalayır, bununla demokratik dünyaya inteqrasiyadan təcrid ola bilərikmi? Rusiya ilə yaxınlaşma Avropa ilə əlaqələrə nə vəd edir?

ABŞ Ukraynanı demokratiya bayrağı altında işğal etdi”- Azad Məsiyev

Azad Məsiyev

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, bu fikir kökündən yanlışdır. Siyasi analitik hesab edir ki, Azərbaycan xarici siyasətdə balanslaşdırılmış kurs doktrinasına üstünlük verir: “Bunu həm siyasi, həm iqtisadi əməkdaşlıqda görmək olar. Azərbaycan Avropa ilə enerji əməkdaşlığını genişləndirir, paralel olaraq da Rusiya ilə siyasətini uzlaşdıra bilir. Azərbaycan Qoşulmama Hərəkatındadır, heç bir hərbi bloka da üzv olmaq niyyətində deyil. Azərbaycan demokratik dəyərlərini qoruyan dövlətdir. Bu ölkədə din, mətbuat, sərbəst toplaşma azadlıqları var. Sadəcə, Rusiya ilə bizi düşmən etmək istəyən sorosçular təbliğat aparır”. A.Məsiyevin sözlərinə görə, Moskva ilə imzalanan 43 maddəlik strateji müttəfiqlik sənədi var, orada bütün sahələrdə əməkdaşlığı əhatə edən müddəalar mövcuddur: "Eləcə də Rusiya əbədi qonşumuzdur, bu ölkədə azərbaycanlılar işləyir, bizim bu ölkə ilə münasibətlərimizin xarakteri spesifik olmalıdır. Ancaq Qərbdəki dairələr, həmçinin ermənilər istəyirlər ki, Azərbaycan Rusiya ilə münasibətlərdə toqquşsun. Bu yanlış addımı atmaq fikrində deyilik. Azərbaycan Rusiya ilə normal əlaqələr saxlamalıdır. Biz Rusiya ilə qonşuluq siyasətində yanlışlığa yol verənlərin taleyini görürük. Ona görə Rusiya ilə əlaqələrin inkişafı dünyaya inteqrasiyanın qarşısını alacaq deyə bir mövqeyi bölüşmürəm”. 

İlham Əliyev növbəti dəfə güclü bir gediş etdi” - AMİP sədri Arzuxan Əlizadə

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə isə düşünür ki, Qərb dünyası artıq demokratik deyil: “Avropada türkofobiya, islamofobiya var. Artıq o plüralizm, tolerantlıq əvvəlki deyil. Qərbdə millətçilik güclənib, miqrantlara radikal baxış var. Eləcə də bizim torpaqlar işğalda olanda da, azad ediləndə də Qərbdən ikili standartlarla yanaşmalar gördük. Yəni heç bir fərq qoymadılar, torpağı işğal ediləni yox, işğal edəni üstün tutdular. O baxımdan demokratik dünyaya inteqrasiya deyəndə artıq biz görməliyik ki, həmin bölgədə necə dəyişikliklər olub”. AMİP sədri 2022-ci ildə Rusiya ilə strateji müttəfiqlik sənədi imzalananda birmənalı reaksiya olmadığını yada saldı: “İki gün sonra Ukraynada müharibə başladı. O zaman birmənalı qiymət verilmədi və dedilər ki, Azərbaycan Qərbdən uzaqlaşır. Biz fərqindəyik ki, vaxtilə başımıza gələn faciələr Rusiya ilə bağlı olub, torpaqlarımızın işğalda saxlanması da bu ölkənin siyasəti idi. Lakin 2020-ci ildə regionda reallıqlar dəyişdi, torpaqları azad etdik, Rusiya Ermənistanın xeyrinə nəticə verəcək müdaxilələr etmədi. Ona görə məşhur deyim var - siyasətdə daimi dostlar və düşmənlər olmur, daimi maraqlar olur. Bu gün Azərbaycan da Rusiya ilə siyasətini, əməkdaşlığını öz maraqlarına uyğun şəkildə, bizə zərər verməyən formada qurur. Azərbaycan sübut edib ki, strateji addımlarında doğru edib”. 

Emil SALAMOĞLU 
“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR