İnsanlara hürriyət, millətlərə istiqlal!

Son iki ayda Azərbaycanda 57 avtomobil yanıb - ilginc səbəblər, çıxış yolu

Elməddin Muradlı: “Avtomobillərdə yanğının birinci səbəbi sürücü məsuliyyətsizliyidir”

Zaman-zaman xüsusilə paytaxt ərazisində avtomobillərin yanma halları müşahidə olunur. Fövqəladə Hallar Nazirliyindən “Yeni Müsavat”ın sorğusuna cavabda bildirilib ki, təhlillərin nəticələrinə əsasən respublika ərazində cari ilin aprel və may aylarında avtomobil nəqliyyatı vasitələrində 57 yanğın hadisəsi qeydə alınıb ki, onlardan 8-i yük avtomobilində, 48-i sərnişin avtonəqliyyat vasitələrində və 1-i xüsusi təyinatlı avtomobildə olub.

“Yanğın hadisələrinə səbəb əsasən nəqliyyat vasitələrinin sistemlərinin, mexanizmlərinin və hissələrinin nasazlığı, bəzi hallarda isə yol-nəqliyyat hadisələri və qəsdən yandırma olub. Nəqliyyat vasitələrinin sahibləri tərəfindən avtomobil istehsalçı zavodlarının tövsiyələrinə riayət etmədən əlavə işıqlandırma vasitələrinin quraşdırılması, həmçinin benzinlə çalışan daxiliyanma mühərriklərinin konstruksiyasına dəyişiklik edilərək maye qaz yanacağı sisteminin quraşdırılması, sıxılmış maye qazın saxlanılması üçün balonların avtomobildə qeyri-konstruktiv şərtlərlə yerləşdirilməsi və digər texniki layihə həllərindən kənaraçıxma halları əsas faktlardandır. Bununla yanaşı, müdaxilələrin əsasən qeyri-peşəkar ustalar tərəfindən texniki xidmətlərin göstərilməsinə uyğunlaşdırslmayan sexlərdə kustar üsulla həyata keçirildiyi əsas amillərdəndir”, - deyə məlumatda vurğulanır.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə Şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli qəzetimizin sorğusuna cavab olaraq bildirib ki, bəzi fərdi minik avtomobillərinin, xüsusilə ümumi istifadədə olan avtobusların elektrik sistemindəki texniki nasazlıq səbəbindən, yaxud yol qəzası zamanı nəqliyyat vasitəsində yanğın hadisəsi olur.

Qurum rəsmisinin sözlərinə görə, əsas səbəblərdən biri avtomobildə odsöndürənin olmamasıdır: “Bu da ağır fəsadlarla nəticələnir. Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi zamanı odsöndürənin olması tələb edilsə də, bəzi şəxslər buna laqeyd yanaşaraq, yalnız texniki baxışdan keçmək üçün odsöndürən əldə edirlər. Yanğın hadisəsini nəzərə alaraq, sürücülərdən xahiş edirik ki, özlərinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə avtomobillərin texniki sazlığına mütəmadi nəzarət etsinlər, eləcə də yanğının qarşısının vaxtında alınması üçün odsöndürənin olmasını təmin etsinlər”.

Qeyd etmək yerinə düşər ki, yanmış avtomobilləri bir çox halda təmir etdirmək  mümkün olmur. Son nəticədə  onlar “ölüxanaya” atılır. Eyni zamanda yanmış avtomobilin ehtiyat hissələrini satışa çıxarmaq da olmur.

Skuterlərin hərəkəti qanunla təmin edilməlidir- Elməddin Muradlı -  Azer.Press

Elməddin Muradlı 

Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a bildirdi ki, avtomobillərdə yanğının birinci səbəbi sürücü məsuliyyətsizliyidir. Onun qənaətincə, sürücülərin müxtəlif aksessuarlara marağı xoşagəlməz nəticələr yaradır: “Əsasən avtomobillərə əlavə işıq cihazları quraşdırılır, salona əlavə işıq sistemi çəkdirirlər. Həmçinin ön faralara əlavə işıq cihazları quraşdırırlar, amperi uyğun gəlməyən lampalardan istifadə edirlər. Hər halda, istehsalçı zavod hansı cihazların münasib olduğunu hesablayır. Azərbaycana bir çox ölkədən avtomobil gətirilir. Xüsusilə ABŞ, Yaponiyadan sunami, sel daşqınına məruz qalmış avtomobillər üstünlük təşkil edir. Bu avtomobillərin elektrik sisteminə su dəydiyi üçün ərp bağlayır və bir müddət sonra qısaqapanma nəticəsində yanma baş verir. Müasir avtomobillərdə elektrik sistemi izolyasiya olunur. Azərbaycana 2000-2015-ci ilə qədər istehsal olunmuş avtomobillər gətirilir.

Digər məsələ odsöndürənlərdən istifadə olunmamasıdır. Sürücülər texniki baxışdan keçmək üçün odsöndürəni kimdənsə əldə edirlər. Hadisə baş verdikdə bəlli olur ki, sürücülər yalnız özlərini aldadıblar. Nəticədə sürücülər 5 min manatdan 30 min manata qədər ziyana düşürlər. Halbuki odsöndürənin qiyməti 20-30 AZN-dir".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR