İnsanlara hürriyət, millətlərə istiqlal!

Son 10 ildə ilk: İsrail müdafiə naziri Türkiyədə

Azərbaycanın da olduğu hərbi blok reallığa çevrilir; Oqtay Qasımov: “Benni Qantzın səfərində həm Türkiyə-İsrail münasibətləri, həm də Türkiyə-İsrail-Azərbaycan üçlü formatı ilə bağlı məsələlər də müzakirə olunacaq”

İsrailin müdafiə naziri Benni Qantz bu həftə Türkiyəyə səfər edəcək. Bu barədə İsrail mediası yazıb. Belə bir səfərin 10 ildən sonra ilk dəfə baş tutacağı vurğulanır. İki ölkə arasında diplomatik əlaqələr bir neçə il əvvəl rəsmi Ankaranın Fələstin məsələsində tutduğu mövqeyə görə kəsilmişdi. Lakin son vaxtlar hər iki tərəf gərginliyi aradan qaldırıb və münasibətləri bərpa edib. Benni Qantsın Ankarada fəxri qarovul dəstəsi ilə qarşılanacağı, onun türkiyəli həmkarı Hulusi Akarla danışıqlar aparacağı bildirilir.

Səfərin məqsədi və müzakirə olunacaq məsələlər barədə məlumat verilməyib. Lakin İsrail mətbuatı iki məqama diqqət çəkir: bu səfər İsraildə keçiriləcək parlament seçkilərinə cəmi bir neçə gün qalmış və Qantsın Bakı səfərindən qısa müddət sonra baş tutacaq. “Jerusalem Post” isə xatırladır ki, Benni Qantz bundan əvvəl Türkiyənin yaxın müttəfiqi olan Azərbaycana səfər edib və iki ölkə arasında təhlükəsizlik və hərbi əməkdaşlıqla bağlı danışıqlar aparılıb. Bu da maraqlıdır ki, Qantsın Azərbaycana səfərinin ertəsi günü Akarın başçılığı ilə Türkiyə ordusunun komandanlığı tam tərkibdə Bakıya səfər edib. Səfərlərin belə bir xronologiyası İsrail və Türkiyənin İranın regiondakı dağıdıcı roluna qarşı olaraq, Azərbaycanla münasibətləri daha da dərinləşdirməyə hazırlaşdıqları barədə fikirlərə rəvac verib.

Onu da qeyd edək ki, bir neçə həftə öncə iki dövlət bir-birinə yeni səfirlər göndəməklə diplomatik münasibətləri tam həcmdə bərpa edib. İsrail müdafiə nazirinin son 10 ildə ilk dəfə qardaş ölkəyə səfərə hazırlaşması isə hərbi-strateji əməkdaşlığın yeni mərhələyə qalxması anlamına gəlir və çox rəmzi məna daşıyır. Bu isə Azərbaycan üçün xoş xəbərdir. Çünki Türkiyə və İsrail bizim sadiq müttəfiqlərimizdir. Son vaxtlar xüsusilə də qonşu İranın Azərbaycana artan təhdidləri, Ermənistanın isə yeni sərhəd təxribatları fonunda bu yaxınlaşma ikiqat önəm kəsb edir, çəkindirici amil rolunu oynayır. Eyni zamanda Azərbaycan-Türkiyə-İsrail hərbi müttəfiqliyini, hətta hərbi blokunu qaçılmaza çevirə bilər.

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, son dövrlər Türkiyə ilə İsrail arasında münasibətlər istiləşir və mart ayında İsrail Prezidentinin Türkiyəyə səfərindən sonra münasibətlər yeni bir mərhələyə qədəm qoyub: “10 il əvvəl Türkiyə ilə İsrail arasında ciddi bir gərginlik yaşanmışdı. Bu gərginlikdən sonra iki ölkə arasında münasibətlər ciddi şəkildə soyuqlaşdı. Münasibətlərin səviyyəsi çox aşağı həddə qədər endi. İsrail dövləti yarandığı dövrdən Türkiyə ilə münasibətləri hər zaman normal olub. Son gərginliyə qədər bu iki dövlət arasında münasibətlər daim yaxın tərəfdaşlıq səviyyəsində olub. Hazırda isə artıq onlar arasında münasibətlərdə istiləşmə baş verməkdədir. Bir neçə ay öncə Türkiyə nümayəndə heyətinin İsrailə rəsmi səfərləri, bir neçə gün öncə israilli nazirin Türkiyəyə səfəri, qarşıda gözlənilən İsrail müdafiə nazirinin Türkiyə səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni bir mərhələyə daxil olduğunu göstərir. Bu, hər iki dövlətin maraqlarına uyğundur”.

Oqtay Qasımov: “Bu, bölgədə yenidən gərginliyin yaranmasına gətirib  çıxaracaq”

Oqtay Qasımo

Politoloq qeyd etdi ki, İsraillə Türkiyə arasında hazırda aparılan danışıqların əsas mövzusundan biri İsrailin Aralıq dənizindəki sektorunda kəşf olunmuş və çıxarılmağa başlayan böyük miqdarda qaz ehtiyatlarının Avropaya daşınması ilə bağlı Türkiyənin imkanlarından istifadə edilməsidir. Məlumatlara görə, bu məsələ barədə razılaşma xeyli yaxındadır. Həmçinin İsraillə Türkiyə uzun müddət ənənəvi olaraq hərbi və texniki sahədə əməkdaşlıq ediblər: “Türkiyə İsrailin bölgədə bu cür münasibətdə olduğu çox nadir ölkələrdən biri olub. Son dövrlər Yaxın və Orta Şərqdə də ciddi dəyişikliklər baş verir. Bu baxımından İsrail ərəb dünyasının əhatəsində olduğundan Türkiyə kimi bir tərəfdaşa, müttəfiqə ciddi ehtiyac duyur. O ki qaldı münasibətlərin inkişaf edən xətlə yüksəlişinə, bunun ən uyğun örnəklərindən biri bir müddət öncə İsrail müdafiə nazirinin Azərbaycana səfəri və onun ardınca Türkiyə müdafiə naziri və ordu rəhbərliyinin böyük heyətlə Azərbaycana səfərləri üç ölkə arasında müəyyən əməkdaşlıq formatının yaranması və müzakirə edildiyinin işartıları sayıla bilər. Belə bir əməkdaşlıq formatının yaradılması, xüsusilə hərbi və texniki sahədə əməkdaşlıq formatının yaradılması hər üç ölkənin maraqlarına cavab verir. Belə ki, bilirsiniz, İsrail 40 ildən artıq müddətdir İranda mövcud teokratik rejimin hədəfində olan bir dövlətdir və bu rejim İsrailin varlığını, mövcudluğunu qəbul etmir. Eyni zamanda Türkiyənin də bölgədə müəyyən problemləri var. O baxımdan İsraillə əlaqələrin inkişafı vacib hesab oluna bilər. Bunun üçün geniş perspektivlər və imkanlar var. O ki qaldı Azərbaycana, Azərbaycan yerləşdiyi bölgə baxımından, özünün geostrateji əhəmiyyəti baxımından həm Türkiyə üçün, həm İsrail üçün olduqca vacib ölkədir. Bizim münasibətlərimiz hər iki ölkə ilə sırf maraqlarla bərabər, səmimi münasibətlər üzərinə qurulub. İsrailin Azərbaycana olan münasibətinin etibarlı münasibət olduğuna 2020-ci ildə Vətən müharibəsində bir daha əmin olduq”.

O.Qasımov dedi ki, Azərbaycan Ordusunun inkişafında, onun müasir silahlarla təchizatında İsrail dövlətinin Türkiyə ilə bərabər çox önəmli payı var. İsrailin beynəlxalq gücündən və dünyadakı güclü yəhudi lobbisinin imkanlarından istifadə etmək də Azərbaycanın maraqlarına uyğundur: “Azərbaycan dünyada tək-tək ölkələrdəndir ki, onun ərazisində yaşayan yəhudi millətinə mənsub olan şəxslər, vətəndaşlar burada heç zaman sıxıntı çəkməyiblər. Bu amil də İsrail tərəfindən yüksək qiymətləndirilir. İsrail müdafiə nazirinin Türkiyəyə səfəri bölgədə yeni konfiqurasiyanın yaranmasının işartısı ola və bu münasibətlərin yeni bir mərhələyə keçidi kimi qiymətləndirillə bilər. Bu üç dövlətin yaradacağı format bölgədə İranın aqressiv eksponsionist iddialarına qarşı çox etibarlı və güclü bir əks-format olar. Mən hesab edirəm ki, İsrail müdafiə nazirinin Türkiyə səfərində həm Türkiyə-İsrail münasibətləri, həm də Türkiyə-İsrail-Azərbaycan üçlü formatı ilə bağlı məsələlər də müzakirə olunacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR