Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Kremlin ən məşhur təbliğatçılarından biri, aparıcı Vladimir Solovyov öz verilişində politoloq Sergey Markovun həbsi tələbini səsləndirib. Solovyov bildirib ki, Markovun maliyyə mənbələri araşdırılmalı, barəsində cinayət işi açılmalı və həbs olunmalıdır:
“Orada birini, azərbaycanlını ifşa etdilər, amma hələ həbs etmək lazımdır. Orada hansı pulların gəldiyini yoxlamaq, həbsə atmaq lazımdır. Bütün təsir agentlərini sona qədər məhv etmək lazımdır”, – deyə Solovyov verilişində vurğulayıb.
Xatırladaq ki, Sergey Markov bir müddət əvvəl Rusiyada “xarici agentlər” reyestrinə salınıb. Onun “ən böyük günahı” isə, ekspertlərin fikrincə, Azərbaycanla bağlı obyektiv mövqeyi və xüsusilə də Şuşa Qlobal Media Forumunda iştirakı olub. Orada Markov Rusiya ilə münasibətlərdə gərginliyə baxmayaraq, Azərbaycanın mövqeyinə loyal yanaşıb, Prezident İlham Əliyevi müasir dünyanın ən təcrübəli liderlərindən biri kimi xarakterizə edib. Bu isə Kremlin müəyyən dairələrində narazılıq doğurub.
Musavat.com xatırladır ki, Sergey Markov uzun illər Kremlə yaxın politoloq, professor və siyasi texnoloq kimi tanınıb. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGIMO) təhsil alıb, bir sıra ali məktəblərdə dərs deyib, Rusiya siyasətində “Putinçi ideoloqlardan biri” kimi çıxış edib. Markov həm də uzun müddət “Kremlin təbliğatçısı” kimi reputasiya qazanıb, lakin Azərbaycana münasibətdə obyektiv mövqe tutması və Şuşa Forumuna qatılması onun karyerasında dönüş nöqtəsi olub.
Müşahidəçilərin qənaətinə görə, indi Kremlin “quzğunları” Markovu sistemli şəkildə hədəfə alıblar. Əvvəlcə “xarici agent” damğası, indi isə Solovyovun açıq şəkildə həbs çağırışı göstərir ki, Kremlin ən sadiq ideoloqlarından biri belə sistemin dişliləri arasında əzilməkdən xilas ola bilmir.
Azərbaycan ictimaiyyətində bu məsələ ciddi rezonans doğurub. Çünki Markov hər zaman Azərbaycanın mövqeyini obyektiv qiymətləndirən, ədalətli açıqlamaları ilə seçilən ekspertlərdən biri olub. Onun hədəfə alınması da məhz bu mövqedən qaynaqlanır. Azərbaycanla isti münasibət göstərmək, Şuşada iştirak etmək və dostluğa sadiq qalmaq indi Markov üçün “cinayət”ə çevrilib.
Musavat.com
26 Avqust 2025
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ