İnsanlara hürriyət, millətlərə istiqlal!

Baramaçılıqda yenilik: məhsul ixracı azalır, xammal ixracı çoxalır

Hökumət ağırlığı fərdi təsərrüfatlardan iri komplekslərə keçirmək istəyir

Azərbaycanda barama istehsalı kəskin azalıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu il 186,6 ton barama istehsal olunub ki, bu da əvvəlki ildəkindən 22,1 faiz azdır. İxraca hədəflənilən məhsullardan biri olan barama istehsalındakı azalmanın səbəbləri maraq doğurur.

Qeyd edək ki, Azərbaycanda baramaçılığın tarixi kökləri var. Bu sahə ölkəmizdə əsrlərdir mövcud olub, Sovet dövründə yüksək inkişaf edib. Lakin müstəqilliyin ilkin dövründə iqtisadi bağların qopması nəticəsində sahə iflasa uğrayıb. 2000-ci illərin əvvəllərində baramaçılığın dirçəldilməsi üçün cəhd edilib. 2001-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə keçmiş “Şəki-İpək” ASC hazırkı “Azəripək” MMC-yə maliyyə dəstəyi göstərilib, dövlət büdcəsindən 400 000 manat vəsait ayrılaraq müəssisənin fəaliyyəti yenidən bərpa edilib. Lakin yerli istehsalın aşağı səviyyəsi nəticəsində xammal çatışmazlığı səbəbindən müəssisənin tam gücü ilə işləməsi mümkün olmayıb, “Şəki-İpək” ASC-nin rəhbərliyi 2003-2009-cu illərdə xaricdən 1000 ton quru barama alıb. Bu, iqtisadi cəhətdən sərfəli olmadığına görə 2011-ci ildə müəssisənin Baramaaçan istehsalatı fəaliyyətini tamamilə dayandırıb. Toxucu istehsalatı, burucu və xalça sexləri xaricdən alınan ipəklə işləməyə davam edib.

Baramaçılıq bir də 2015-ci ildə neft qiymətlərinin kəskin azalması fonunda yada düşüb, onun inkişaf etdirilməsi istiqamətində addımlar atılıb. 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xaricdən tut ipəkqurdu toxumu gətirilib və ipəkçiliklə məşğul olan 24 rayonda kümçülərə paylanıb. Eyni zamanda Çindən barama yemlənməsində əsas məhsul olan tut yarpağı əldə olunması üçün Çindən milyonlarla tut tingi gətirilərək iqlim şəraiti əlverişli olan rayonlarda əkilib. 2017-ci ilin noyabrında isə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” qəbul edilib. Proqramda baramaçılığın, ipəkçiliyin inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və kənd əhalisinin məşğulluğunun təmin olunması əsas məqsəd elan edib. Həmin sənəddə 2025-ci ildə Azərbaycanda 6 min ton barama istehsalına nail olunması hədəflənirdi.

Bu hədəfə nail olunması üçün dövlət həm barama qurdunu fərdi təsərrüfatlara pulsuz paylayır, həm də təhvil verilən hər kiloqram yaş baramaya görə subsidiya verir. 2022-ci ildən bu subsidiyanın məbləği 6 manat təşkil edir.

Görülən tədbirlər nəticəsində 2021-ci ilədək barama istehsalında ciddi artım baş verib: 2015-ci ildə cəmi 236 kq yaş barama istehsal edildiyi halda 2016-ci ildə bu, 70,7 tona, 2017-ci ildə 248,8 tona, 2018-ci ildə 514 tona, 2019-cu ildə 641 tona, 2020-ci ildə 446 tona, 2021-ci ildə isə 491 tona bərabər olub.2022-ci ildə barama istehsalı 31,4 faiz azalaraq 341,4 ton, 2023-cü ildə 4,5 faiz artaraq 357 ton, 2024-cü ildə 32,9 faiz azalmaqla 239,4 ton təşkil edib.

Ötənilki azalmanın səbəbi kimi Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli Trend-ə açıqlamasında ölkə ərazisində may ayı ərzində hava şəraitinin qeyri-sabit, soyuq və yağışlı keçməsini göstərib. Bildirib ki, belə hava kümxanalarda temperatur və rütubətin nizamlanmasında ciddi çətinliklər yaradıb. Qurdların islanmış, soyuq yarpaqlarla yemləndirilməsi əksər rayonlarda ipəkqurdlarının axırıncı yaş dövründə xəstələnərək, tələf olmasına və məhsuldarlığın kəskin azalmasına səbəb olub: “Nəticədə ölkə üzrə 239.3 ton və ya ötən ilə nisbətə 32.9faiz az yaş barama istehsal edilib. Hazırda ölkəmizdə yaş barama istehsalı ev təsərrüfatları tərəfindən həyata keçirilir və bu təsərrüfatlar ixtisaslaşmış yemçilik bazasına və zəruri texniki tələblərə cavab verən kümxanalara malik deyillər.

2024-cü il mövsümündə əsasən baramaçılıqla könüllü olaraq məşğul olmaq istəyən kümçülərin müəyyənləşdirilməsi hesabına barama istehsalının həyata keçirilməsinə üstünlük verilib. Könüllü barama istehsalçılarının sayı, yem bazası, kümxanaların sahəsi və vəziyyəti barədə rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərinin məlumatları nəzərə alınmaqla 2024-cü ildə əvvəlki 2023-cü ilə nisbətən 1900 qutu və ya 18 faiz az ipəkqurdu toxumu inkubasiya edilərək kümdarlarına paylanılıb".

KTN rəsmisinin dediyinə görə, ölkədə baramaçılığın gələcək inkişafını təmin etmək məqsədilə ilkin texniki-iqtisadi səmərəlilik təhlilləri əsasında “Mövcud barama təsərrüfatlarının effektivliyinin artırılması” və “Orta və iri intensiv baramaçılıq təsərrüfatlarının yaradılması” istiqamətində layihə və təkliflər hazırlanıb.

Belə görünür ki, hökumət barama istehsalında da ağırlığı fərdi təsərrüfatlardan iri komplekslərə keçirmək istəyir. Bu ilin sentyabrında belə bir təsərrüfatın əsası işğaldan azad edilmiş Xocalı rayonu ərazisində qoyulub. Rayonun Daşbulaq 13 hektar sahədə Çindən gətirilmiş tut tingləri ilə bağ salınır. Açıqlanan məlumata əsasən Prezident İlham Əliyevin də baş çəkdiyi bağda Çindən idxal olunmuş 130 min ting əkilib. Tut bağında damcılı suvarma sistemi yaradılıb. 2026-cı ildə 100 ton, 2030-cu ildə isə 500 ton tut yarpağının istehsalı, gələn 5 il ərzində isə 60 ton barama istehsalı planlaşdırılır. Bildirilir ki, bu ilin payızında 150 hektarda damcılı suvarma sistemi qurulacaq, 1,5 milyon tut tingi əkiləcək, klaster modeli üzrə bağlar salınacaq, kümxanalar və emal prosesi təşkil ediləcək.

Barama istehsalında könüllülüyə keçiddən sonra fərdi istehsalçıların sifarişlərinin azalmasının əsas səbəbi kimi yaş baramanın alış qiymətinin aşağı olması göstərilir. Bildirilir ki, baramaçılıqla məşğul olan şirkətlərin sayı azdır. Onlar həm barama qutularını kümçülərə paylayır, həm baramanı toplayır, həm də onu əyirib ixrac edirlər. Şirkətlərin sayının azlığı inhisarçılığa səbəb olub və onlar baramanı elə ucuz qiymətə alırlar ki, maya dəyərini belə ödəmir. Kümçülər qazanc əldə etmədiyinə görə bu sahəyə maraqları ilbəil azalır.

Qeyd edək ki, ötən ilin oktyabrında ölkədə yeganə ipək istehsalı müəssisəsi olan “Azəripək” MMC-nin direktoru Səməd Nəbiyev bildirib ki, müəssisədə birnövbəli iş rejimində fəaliyyət göstərmək üçün ildə 400 tonadək yaş barama tələb olunur. 2024-cü ildə müəssisəyə respublikanın 34 rayonundan 174 ton yaş barama daxil olub. Nəticədə mövcud xammal ehtiyatı ilə müəssisənin baramaaçan istehsalatı yalnız dekabrın 15-dək fəaliyyət göstərib. Direktor bildirib ki, ona görə də barama istehsalının artırılması qarşıda duran ən vacib şərtlərdən biridir. Direktorun sözlərinə görə, müəssisədə ikinövbəli iş rejimində fəaliyyət göstərmək üçün hər cür şərait var. Bunun üçün isə ildə 800 tonadək yaş barama lazımdır.

S.Nəbiyev həmçinin qeyd edib ki, gələcəkdə daha çox tələbat olan pambıq və süni saplardan toxunan, həmçinin pambıqla süni sapların qarışığı olan parçaların istehsalına başlamağı planlaşdırırlar: “Vaxtilə burada pambıq parçaların toxunuşu ilə məşğul olan sex fəaliyyət göstərib. Həmin avadanlıqlar artıq köhnəlib, əksəriyyəti işlək vəziyyətdə deyil. 2025-ci ilin yanvarından müəssisədə pambıq parça istehsalına başlamağı planlaşdırırıq. Əsas məsələ istehsalçıdan pambıq sapların alınaraq bizə verilməsidir. Azərbaycan Sənaye Korporasiyasının tərkibində olan "Azərpambıq ASK" MMC ilə ilkin razılıq əldə olunub. Gələn ilin yanvarında müəssisəmizə pambıq saplar veriləcək və biz istehsala başlayacağıq. Bu məqsədlə 10 dəzgahımızı bərpa edərək istehsalata hazır vəziyyətə gətirmişik. İlkin mərhələdə bu avadanlıqlardan istifadə edəcəyik. Gələcəkdə işlərimiz yaxşı gedərsə, tələbat artarsa, yeni, müasir dəzgahların alınması məsələsinə də baxa bilərik".

Qeyd edək ki, hazırda müəssisədə baramaaçan, boyaq-bəzək istehsalatları, burucu və xalça sexləri fəaliyyət göstərir, 265 nəfər daimi işçi çalışır.

Müəssisənin gün ərzində baramanın keyfiyyətindən asılı olaraq 150-155 kiloqram xam ipək istehsal etmək gücü var.

Bu ilin fevralında S.Nəbiyev vəzifəsindən ayrılıb, onu Anar Dadaşev əvəz edib. Eyni zamanda Azərbaycan Sənaye Korporasiyası tərəfindən “Azəripək” MMC-nin nizamnamə kapitalı 11 703 379.17 manatdan 14 856 668 manata çatdırılıb.

Baramaçılıq və ipəkçilik sahəsində göstəricilərə baxdıqda, hazır məhsul ixracının sürətlə azaldığını, xammal ixracının isə artdığını görürük. Belə ki, 2023-cü ildə ölkədən 11 ton xam ipək, 48,28 ton ipək tullantıları ixrac olunmuşdu. 2024-cü ildə göstəricilər müvafiq olaraq 5 ton və 17,75 tona qədər azalıb.

2023-cü ildə 14,06 ton olan barama qurdunun açılmaya yararlı baramasının ixracı 2024-cü ildə 29,85 tona yüksəlib.

2023-cü ildə ölkədən 324,9 min dollarlıq 86430 kvmetr daraqağzı ipəkdən hazırlanan parçalar ixrac edilmişdisə, 2024-cü ildə bu, 6 dəfəyə yaxın - 15167,5 tona qədər azalıb. Bu parçaların idxalı 2023-cü ildəki 89,6 kvmetrdən 2024-cü ildə 4634,7 kvmetrə qədər artıb. Mühüm əksəriyyəti Çindən alınıb.

2023-cü ildə cəmi 3012,77 kvmetr olan tərkibində 85 kütlə faiz və daha çox ipək sap və ya ipək tullantıları olan, daraqağzı ipəkdən başqa digər parçalar idxalı 2024-cü ilsə 94 500,09 kvmetrə çatıb.

Bu ilin 7 ayında 249,08 min dollarlıq 15,51 ton barama qurdunun açılmaya yararlı baraması ixrac olunub. Bu həcmin 6,1 tonu Özbəkistana, 9,41 tonu isə Çinə satılıb.

117,6 min dollarlıq 12,62 ton İpək tullantılarının (açılmaq üçün yararsız barama, əyirmə tullantıları və didilmiş xammal daxil olmaqla) hamısı Türkiyəyə göndərilib.

Cəmi 100 kq eşilməmiş xam ipək isə İtaliyaya ixrac edilib - 7,73 min dollara.

P.S. "Azəripək" MMC ilə əlaqə saxlayıb, hazır məhsul ixracındakı azalmanın səbəblərini öyrənmək istədik. Təəssüf ki, suallarımızı eşitdikdə bir neçə başqa nömrəyə yönləndirildik, daha sonra isə zənglərimizə, ümumiyyətlə, cavab verilmədi.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR