Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 13-də Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü keçirilib. Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verib.
Əvvəlcə görüşün İcraiyyə Toplantısı keçirilib.
Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş iştirak ediblər. Parlament sədrləri ölkələrimiz və parlamentlərimiz arasında yüksək səviyyəli qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayaraq, bu görüşün də üçtərəfli parlament əməkdaşlığı üzrə qarşıya qoyulan məqsəd və hədəflərə çatmağımıza güclü təkan verəcəyinə inam ifadə ediblər.
İcraiyyə Toplantısında gündəlikdəki mövzularla bağlı geniş fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün açılış mərasimi başlayıb.
“Zəngəzur dəhlizi Avrasiyada mühüm nəqliyyat bağlantısına çevriləcək, regionda əməkdaşlığa və tərəqqiyə xidmət edəcək”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşünün açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sülh, təhlükəsizlik və tərəqqi bilavasitə bir-biri ilə əlaqəli olan amillərdir: “44 günlük Vətən müharibəsinin 5-ci ildönümünü qeyd etdiyimiz indiki dövrdə Azərbaycan öz fəaliyyəti ilə bunu bir daha təsdiq edir”.
Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü, 2023-cü ildə isə suverenliyini bərpa etdiyini və bununla da sülhə aparan yolun təməlini qoyduğunu vurğulayan Milli Məclisin sədri deyib ki, müharibədən dərhal sonra məhz qalib Azərbaycan sülh təşəbbüsü ilə çıxış etdi, sülhün əsas prinsiplərini və sülh müqaviləsinin layihəsini irəli sürdü".
Sahibə Qafarova xatırladıb ki, aparılan ikitərəfli danışıqların nəticəsi olaraq, bu ilin avqustunda Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladı. Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri birgə bəyanat imzaladılar. Regional kommunikasiyaların açılmasının əhəmiyyəti təsdiq edildi.
Spikerin sözlərinə görə, Vaşinqton görüşünün əsas nəticələrindən biri Prezident İlham Əliyevin təşəbbüsü olan Zəngəzur dəhlizinin açılmasıdır: “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun reallaşması ilə Zəngəzur dəhlizi Avrasiyada mühüm nəqliyyat bağlantısına çevriləcək, regionumuzda əməkdaşlığa və tərəqqiyə xidmət edəcək".
Milli Məclisin sədri bütün bunların ilk növbədə Prezident İlham Əliyevin həyata keçirdiyi sülh diplomatiyasının, təhlükəsizlik, əməkdaşlıq və tərəqqi naminə gərgin fəaliyyətinin nəticəsi olduğunu xüsusilə vurğulayıb.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş isə üç qardaş ölkənin parlament sədrlərini bir araya gətirən bu mühüm mexanizmin üçüncü toplantısının həm ölkələr, həm də bölgə üçün faydalı olacağına ümid etdiyini bildirib: “Qarşıya çıxan mühüm çağırışları və üç ölkənin ortaq gündəliyini nəzərə alaraq, parlament səviyyəsində müzakirə mövzular kifayət qədər münasibdir. Parlament üzvləri arasında fikir mübadiləsi də yeni əməkdaşlıqlara yol açacaq”.
Azərbaycan-Türkiyə münasibətlərini izah edərkən “bir millət, iki dövlət” deyimini xatırladan Kurtulmuş, “Əslində Türkiyənin Pakistanla da əla əlaqələri var. İstəsəniz, bu mexanizmi "bir millət, üç dövlət" kimi qələmə vermək doğru olar", - deyə qeyd edib.
Kurtulmuş Pakistanda baş verən son terror aktlarında həlak olanlara görə başsağlığı verib: “Uzun illər terror bəlası ilə mübarizə aparan və bunun nəticəsində saysız-hesabsız vətəndaşlarını itirən bir ölkə olaraq bilmənizi istəyirəm ki, ağrınızı ürəkdən hiss edirik. Biz həmişə etdiyimiz kimi, cəmiyyətləri zorakılıqla nizam-intizamla tərbiyə etməyə, qorxu və təhdidlərlə ölkələri istiqamətləndirməyə çalışan terrora icazə verməyəcəyik və ona boyun əyməyəcəyik. Biz dövlətlərin ərazi bütövlüyü və suverenliyini hədəf alan terror təhlükələri ilə mübarizə səylərinə böyük əhəmiyyət verir və bununla da bu mübarizədə həmrəyliyimizi ifadə edirik”.
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a bildirib ki, oktyabrın 13-də Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü olduqca önəmli hadisədir: “Bu, Bakı-Ankara-İslamabad üçlüyünün gələcəkdə bir sıra platformalarda birgə addımlayacağının siqnallarını verən bir toplantıdır. Özü də Əfqanıstan və Pakistan arasında baş verən gərginliklər fonunda baş tutan bir tədbirdir. Doğrudur, bu görüşün protokolu uzun müddət əvvəl hazırlanıb. Amma Azərbaycan və Türkiyənin Pakistanın yanında olması ilə bağlı xəbər bütün dünyaya, xüsusən də Hindistana mülayim mesajdır. Rəsmi şəxslərin də vurğuladığı kimi, bu görüş üçtərəfli parlament əməkdaşlığı üzrə qarşıya qoyulan məqsəd və hədəflərə çatmağımıza güclü təkan verəcək. Digər tərəfdən, parlamentlərarası qrupların bir-birinə yaxınlaşmasına kömək edəcək. Qarşıdakı illərdə üç ölkə parlamentinin daha sıx əməkdaşlığı üçün yol xəritəsinin hazırlanması baxımından da önəmlidir. Eyni zamanda ölkələr parlamentlər səviyyəsində baxış bucaqlarını daha da yaxınlaşdıracaqlar. Mövqelərin eyniləşdirilməsi baxımından da bu toplantı xüsusi əhəmiyyətə malikdir”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ