Onlayn ictimai-siyasi qəzet
Yaxud pişiklərin ən uzun zərərləri haqda
Bugünlərdə internetdə qarşıma bir əcaib azərbaycanlı həkimin videosu çıxdı. “Doxtur” orada pişik saxlamağın zərərlərindən danışır, xalqımızı qətiyyətlə bu heyvandan uzaq durmağa səsləyirdi. Hətta bu zənən xeylağı axırda dözməyib vəziyyətin kritik olduğunu uca millətimizə çatdırmağın birbaşa yolunu seçdi, dedi ki, pişikdəki toksikoplazmoz virusu oğlan uşaqlarında cinsi alətin balaca qalmasına səbəb olur.
Yəni mən sözümü dedim, ta özünüz bilərsiniz, gələcəkdə uşağın, türkün sözü, şeyi qısa olsa, pişiyinizi yada salarsınız.
Həqiqətən, mükəmməl və qurşaqdan aşağı zərbədir. Buna hər adam davam gətirməz. Güman edirəm mənim bu cızmaqaram vasitəsilə də həmin fısqırıq elmi məlumatı əldə edən zəhmətkeşlərimiz kütləvi şəkildə pişikləri ağaca dırmaşdıracaqdır.
Bizdə belə cəhalət, uydurma, yalan-palan niyə geniş yayılır? Əsl alimlər, gerçək həkimlər, ciddi media orqanları barmaq sayı qədər olduğu üçün. Təkcə müqəddəs yerlər boş qalır, iyrənc yerlər həmişə doludur.
Təsadüfən eyni gündə “Heyvanlar aləminin ensiklopediyası” adlı bir kitab rastıma çıxdı. Ada baxın: ensiklopediya. Bekon və Didronun goru çatlasın. Tək bununla bitmir, kitabı çap edən nəşriyyat da “Zərdabi” adlanırdı. Heç olmasa ümid edirəm bu halda söhbət Həsən bəydən getmir. Nəsə, söhbəti çox uzatmadan həmin siklopediyadan, yəni Təpəgöz yetişdirmə kitabından sitatlarla sizi tanış edirəm.
Sözgəlişi, kitab bütün ensiklopedik topluların tərtib qaydasına da “əməl edib” və birinci məqalə tülkü haqdadır. Siz bilmirsiniz, əlifba “T” hərfi ilə başlayır. Tülkü haqqında həmin məqalənin birinci cümləsi budur: “Tülkü ətyeyən vəhşi heyvanların ən hiyləgəridir”.
Təbii. Amma başqa heyvanlara baxanda tülkü canını yaxşı qurtarıb: “Kirpi tikanları olan kiçik bir heyvandır”, “Vəhşi qaban Avropanın bir çox ölkələrində yaşayır, kiçik sürətlə gəzir”, “Dağ keçisi dağlarda yaşayır”, “Ceyran çox gözəl heyvandır”, “Şimal maralının dərisi baha qiymətə gedir” (bu yerdə yazıq maralın halına acısam da, üzr istəyirəm, səsli güldüm), “Aslan öz ovunun üstünə atılır və onu parçalayır”, “Dişi pələng balalarını çox istəyir”, “Zebrin qara zolaqları var”, “Timsah heyvanların ən çirkinidir”, “Milçək hər şey yeyir”, “Qaz əti çox dadlıdır”, “Xoruza toyuqların kralı deyirlər” və sairə.
İndi özünüz düşünün, belə kitablarla təlim-tərbiyə olunan nəsildən nə alınar? Yalnız Təpəgöz və bir də yuxarıda bəhs elədiyim pişik həkimi.
Heyvanlar aləmi ensiklopediyamızın ən maraqlı cümlələrindən birini isə axıra saxlamışam, çünki onu uzun müddət unuda bilməyəcəyimi düşünürəm. Buyurun, “Vəhşi dovşan” haqqında həmin məqalənin birinci cümləsini siz də oxuyun, həzz alın: “Vəhşi dovşan xeyirsiz heyvandır”.
Sanki bədbəxt dovşan üzərinə öhdəlik götürübmüş ki, bizim milli ensiklopediyaçılarımıza xeyir verəcəkdir. Məsələn, təbiət haqqında gerçək elmi kitablar yazacaqmış. Evdə pişik saxlamayan ailələrin sünnət toyuna gəlib aşağısı 200 manat nəmər yazdırmalıymış. Nə bilim, Şərurlu İsfəndiyarın aldatdığı yazıqlara ev düzəldib verməliymiş və sairə. Lakin dovşan buna əməl etməmişdir. Kül onun başına. Mən vəhşi dovşana etiraz və nifrətimi bildirirəm.
İndiki uşaqlar bilməz, vaxtilə bizdə “Qeyrət” adlı partiya var idi, sədri də Əşrəf Mehdiyev idi. Əşrəf bəy təxminən bizim siyasət aləminin “elza seyidcahan”ı idi - yaxşı mənada. Ekstravaqant siyasi aksiyalar keçirərdi. Məsələn, bir dəfə ağ kəfən geyinib mitinqə çıxmışdı. “Nərimanov” kinoteatrı önündəki mitinqdə çıxışından (bəli, bizdə belə zamanlar olub, Mehdiyev həmin vaxt, 1998-ci ildə prezidentliyə namizəd idi - Z.H.) bir cümlə isə heç yadımdan çıxmır: “Meşələrimizdəki ləzzətli heyvanları qırırlar”.
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ