İnsanlara hürriyət, millətlərə istiqlal!

Soçi görüşü ərəfəsi “kartlar” açılır - Rusiya erməni separatçılarının ümidinə qalıb

Bakının səbrinin də həddi var; Moskva üçün kritik seçim yaxınlaşır; üçlü görüş ərəfəsi artan siyasi hərarət, təxribatlar, notalar, etiraz bəyanatları nədən xəbər verir?..

Soçidə üçlü formatda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında yüksək səviyyəli görüşə sayılı günlər qaldı. Bu ərəfədə Rusiyada hökumətin maliyyələşdirdiyi telekanallarda Azərbaycan əleyhinə başladılan çirkin antitəbliğat kampaniyası diqqət çəkməyə bilməz.

Bu kampaniya o dərəcədə qəfil və aşırı oldu ki, rəsmi Bakı ona sərt şəkildə - etiraz notası ilə cavab verməli oldu. Azərbaycan dövləti bununla ən azı işarə vurdu ki, aparılan antitəbliğat sifarişinin Kremlin “mətbəxindən” verildiyini bilir.

Bəs şimal qonşumuz bununla nəyə işarə edir, bizdən, Azərbaycandan nə istəyir?

Politoloq Fərhad Məmmədov ehtimal edir ki, Rusiyanın bəzi elektron media orqanlarında axır vaxtlar əleyhimizə səsləndirilən ittihamların, ərazi bütövlüyünə qarşı təxribatların sayının artması üçtərəfl Əliyev-Putin-Paşinyan görüşünə hazırlıqların getdiyi ərəfədə tərəflərə təzyiq məqsədi güdür.

Fərhad Məmmədov: ““3+3” formatının həyata keçməsi olduqca çətindir”

Fərhad Məmmədov

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri o, Axar.az-a açıqlamasında söyləyib.

Lakin politoloq bu kampaniyanın sonucda Kremlin öz mövqelərinə zərbə vuracağına əmindir: “Sözügedən media orqanlarında bir tərəfdən Nikol Paşinyanın qərbyönümlülüyü tənqid edilir, digər tərəfdən isə separatçıların subyekt kimi qəbul olunması istiqamətində iş aparılır. Bəlkə də Ukraynadakı müharibədən əvvəl atılan belə addımların hansısa ”səmərəliliyi" ola bilərdi. Ancaq hazırki məqamda bu, heç nəyi dəyişə bilməz. Azərbaycan bəhs etdiyimiz təxribata sərt nota ilə cavab verdi. Ermənistanda isə artıq bir neçə aydır Rusiya əleyhinə ciddi kampaniyalar aparılır, hətta KTMT-dən çıxmaq məsələsini ölkə parlamentində müzakirəyə çıxarmaq istəyən qruplar var".

Analitikin fikrincə, bütün bunlar onu göstərir ki, Moskvanın Cənubi Qafqazdakı resursları və təzyiq imkanları azaldıqca, bölgədə güvəndiyi qüvvələrin də hərəkət imkanları kiçilir. “Diqqət yetirin, əgər əvvəllər Rusiya bölgədəki siyasətini Ermənistan üzərindən həyata keçirirdisə, indi demək olar, əlində qalan Qarabağdakı separatçı tör-töküntülərdir. Baş verənlər və Rusiyanın əl atdığı metodlar onun getdikcə zəifləməsinin təsdiqidir. Rusiyada media vasitəsilə aparılan kampaniya isə əks nəticə verəcək və bölgədə Kremlə qarşı mənfi münasibət, etiraz getdikcə güclənəcək”, - deyə o əlavə edib.

Rəsmi Moskvanın Azərbaycan əleyhinə “barmaq izləri” olan digər bir təxribatı Laçın yolu ilə Ermənistandan ərazimizə gizlincə minalar daşınmasıdır. Şəkk-şübhəsiz, Qarabağdakı “sülhməramlı” qüvvələr istəsə, bunun qarşısını xüsusi cihazlar vasitəsilə asanca alarlar. Almırlar. Görünür, “yuxarının” tapşırığı belədir ki, iki xalq arasında gərginlik, qarşıdurma atmosferi daima körüklənsin, kin-küdurət, nifrət səngiməsin. Yekun etibarilə də sülh müqaviləsinin imzalanması reallaşmasın.  

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu qəbildən təxribatlarla da bağlı bəyanat yayıb. Özü də ilk dəfə.  

Soçi görüşü: Azərbaycanın növbəti diplomatik qələbəsi

“2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir” - XİN-in yaydığı məlumatda deyilir.

“Bu, eyni zamanda son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac etmədiyi barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirir”, - sənəddə qeyd olunub.

Əlbəttə, Azərbaycanın etirazı eyni zamanda Rusiya tərəfinə ünvanlanıb.

“Burada əsas məsələ Ermənistanın mina istehsal etməsi yox, onu rus sülhməramlıların himayəsində Azərbaycan ərazisinə keçirməsidir. Rəsmi İrəvan bir tərəfdən sülh müqaviləsindən danışır, digər tərəfdən isə təxribatçı addımlar atır”.

General Yücel Karauz: Son hadisələr zamanı Azərbaycanda xalq-ordu,  xalq-Prezident birliyinin şahidi olduq - AZƏRTAC

Bu sözləri Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

“Laçın dəhlizi ilə keçirilən minaların əksəriyyəti piyada əleyhinə minalardır. Sözügedən minaların istehsalı və istifadəsi 4 dekabr 1997-ci ildə Kanadanın paytaxtı Ottovada qəbul edilən və 1 mart 1999-cu ildə qüvvəyə minən "Piyada əleyhinə minaların istifadəsi, saxlanması, istehsalı və daşınmasının qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiya"ya ziddir. Bu konvensiyaya Ottova Konvensiyası da deyilir", - hərbi ekspert qeyd edib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları mina döşənməsinə göz yummaqla törədilən müharibə cinayətinə şərik olur: “Yəni bununla Ermənistanla yanaşı, mina partlayışı nəticəsində hərbçilərimizin şəhid olmasının səbəbkarı həm də Rusiya olur. Rus sülhməramlılarının vəzifəsi bitərəf olmaqdır, lakin onlar təəssüf ki, Ermənistanın tərəfindədir. Ermənistanın addımları 10 noyabr bəyanatının da pozulması deməkdir. Çünki rəsmi İrəvan çoxdan öz hərbi birləşmələrini Azərbaycandan çıxarmalı, sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atmalı idi. Lakin biz bunu görmürük. Azərbaycanın səbrinin bir həddi var və Bakının səbir kasası daşanda heç kimin xahiş-minnətinə, telefon zənginə baxmayacaq”.

Bunu isə həm Moskvada, həm də ələlxüsus İrəvanda gərək ki, yaxşı bilirlər...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR