İnsanlara hürriyət, millətlərə istiqlal!

SOCAR-ın bu NQÇİ-si ləğv olunur

Milli Məclisdə ratifikasiya olunan “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsini Prezident İlham Əliyev bir neçə gün əvvəl təsdiqləyib.

Beləliklə, Azərbaycanda yeni neft müqaviləsinin icrasına başlanıb. Müqavilə 2021-ci ilin dekabrında imzalanıb. Onun əhatə etdiyi Buzovna-Maştağa yatağı Abşeron yarımadasının şimal-şərqində, Şərqi Abşeron neftli-qazlı rayonunda, Maştağa və Buzovna kəndlərinin arasında yerləşir. Yataq 588 hektar (7 km x 2 km) ərazini əhatə edir. Sənaye əhəmiyyətli işlənməyə 1941-ci ildən başlanılıb. Yataq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi tərəfindən istismardadır.

Yatağın işlənməsinə başlanandan 2021-ci ilin yanvarın 1-dək 1 326 quyu qazılıb. Həmin quyulardan indiyədək 29,74 milyon tona yaxın neft, 5,4 milyard kubmetrə yaxın qaz hasil olunub. Yataq üzrə maksimum hasilat - 1950-ci ildə 1 milyon 927 min ton təşkil edib. Yatağın qalıq çıxarılabilən neft ehtiyatları 6,74

“Qala” (Köhnə Qala) neft yatağı Abşeron yarımadasının şərq hissəsində Binə, Mərdəkan və Qala kəndlərinin arasında yerləşir. Yatağın işlənməsinə başlanandan 2021-ci ilin yanvarın 1-i tarixinədək 1 517 quyu qazılıb, hazırda onlardan 73-ü istismar fondundadır. Yataqdan 58,41 milyon ton neft, 9,7 milyard kubmetr qaz hasil olunub. Hazırda yataq işlənmənin sonuncu - IV mərhələsindədir və sulaşması– 95,5 faiz, cari neftvermə əmsalı 0,47-dir. “Qala” yatağı da SOCAR-ın “Azneft” İB-in H.Z.Tağıyev adına NQÇİ tərəfindən istismar olunur.

Müqavilə ilə bağlı SOCAR İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən sorğumuza verilən cavabda bildirilir ki, yeni saziş çərçivəsində nəzərdə tutulan işlənmə və hasilat dövrü SOCAR tərəfindən işlənmə proqramının təsdiq edildiyi tarixdən etibarən 25 il müddətində davam edəcək.

Müqavilə üzrə yataqlara investisiya qoyuluşu nə qədər olacaq?

Xidmətdən bildirildiyinə görə, hələ bu məbləğ məlum deyil: “Qeyd olunan yataqlar işlənmənin son mərhələsində olduğu üçün hasilat təbii templə aşağı düşür. Hasilatın stabil saxlanması və artırılması üçün yeni texnologiyalar tətbiq edilməli və qazma işləri aparılmalıdır. Sazişə əsasən podratçı tərəfindən ilk növbədə, aralıq dövrü üçün quyu və yataqların elektron məlumat bazası yaradılmalı, yataqların müvafiq modelləri hazırlanmalı, yeni müasir üsullarla 6 yeni quyu qazılmalıdır. Bu işlərin nəticəsində müvafiq qiymətləndirmə aparıldıqdan sonra işlənmə proqramı təsdiq üçün SOCAR-a təqdim ediləcəkdir”.

Adları çəkilən yataqların istismarını həyata keçirən H.Z.Tağıyev adına NQÇİ-nin işçiləri ilə bağlı müqavilədə hansı təminatlar nəzərdə tutulur?

SOCAR-dan verilən məlumata görə, NQÇİ ləğv olunacaq:

“Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, podratçı SOCAR-ın struktur vahidi olan H.Z.Tağıyev adına NQÇİ-nin ləğvi zamanı əmək müqavilələrinə xitam verilən işçiləri yeni yaradılacaq əməliyyat şirkətinə işə götürəcək. Qeyd edək ki, bu proses Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aparılacaq”.

Müqavilənin icrası çərçivəsində hansı nəticələrin əldə olunması planlaşdırılır? Azərbaycan dövləti nə qədər gəlir əldə edəcək? Bu məsələ üzrə də dəqiq məbləğ müəyyən olunmayıb:

“Köhnə yataqlarda neft hasilatının stabilləşdirilməsi və ya artırılması məqsədilə yeni texnologiyaların tətbiqi nəzərdə tutulur. Bu isə, öz növbəsində, hasilat potensialının artımını şərtləndirəcək. Ümumilikdə isə, dünyada neft qiymətlərindən asılı olaraq Azərbaycan bu layihədən qazanılacaq mənfəətin 50-60 faiz payına sahib olacaqdır”.

Dünya,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR