Onlayn ictimai-siyasi qəzet
“Orta intensivlikli fiziki aktivlik oynaqların sağlam qalmasına kömək edir”.
Musavat.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri Nizami Məmmədov deyib:
- Nizami müəllim, ilk öncə oynaq ağrıları barədə ümumi məlumat verərdiniz...
- Oynaq ağrıları bir və ya bir neçə oynaq nahiyəsində baş verən xoşagəlməz haldır. Bu zaman oynaqlarda diskomfort yaranır. Adətən bu hal qollarda, ayaqlarda, bud-çanaq oynağında, dizlərdə və ya onurğada hiss olunur. Ağrı daimi və ya periodik ola bilər.
Bəzi xəstələr oynaqlarında yanma, çırpınma və ya "xırtılma" hissindən şikayət edirlər. Bundan əlavə, səhər saatlarında oynaqda sərtlik hiss oluna bilər. Bir müddət keçərkən oynaqlarda sərtlik itir, lakin intensiv hərəkətlər etdiyi zaman daha da artır. Oynaq ağrıları oynaqların funksiyasına təsir göstərən və insanın əsas fiziki aktivliyini yerinə yetirmək qabiliyyətini məhdudlaşdıra bilər.
- Doktor, oynaq ağrılarına nə səbəb ola bilər?
- Oynaq ağrılarının yalnız yaşlı insanlara aid olması fikri yalnışdır, çünki ağrılar hər yaşda yarana bilər. Bununla belə, oynaq ağrılarının əsas səbəbi kimi müxtəlif artritlər (osteoartrit, revmatoid artrit, reaktiv artrit, podaqra və s.) hesab olunur. Belə ki, artritin ümumi növü olan osteoartrit zamanla sümüklər arasındakı qoruyucu yastıq olan qığırdaqın köhnəldiyi zaman baş verir. Osteoartrit yavaş inkişaf edir və adətən orta yaşda baş verir. Romatoid artrit oynaqlarda şişlik və ağrıya səbəb olan xroniki bir xəstəlikdir. Bu zaman tez-tez oynaqlar deformasiyaya uğrayır (adətən barmaqlarda və biləklərdə olur). Podaqra bədəndəki kristalların oynaqda toplandığı, şiddətli ağrı və şişkinliyə səbəb olan ağrılı bir vəziyyətdir. Bu, adətən ayağın baş barmağında olur. Bursit gərginlik səbəbindən baş verir, bud-çanaq, diz, dirsək və ya çiyin nahiyəsində olur.
Bundan əlavə, viral infeksiyalar, səpgilər və ya qızdırma, həmçinin sümüklərin qırılması və ya burxulması kimi xəsarətlər oynaq ağrıların yaranmasına səbəb ola bilər. Belə ki, tendinit, tendonların və ya sümük və əzələləri birləşdirən bağlantıların iltihabıdır, dirsəkdə, dabanda və ya çiyində görünür.
Belə ağrılar vaxtilə oynaqların zədəsini alan, intensiv məşqlər və ya peşəsi ağır fiziki əməklə məşğul olan, artrit və ya digər xroniki xəstəliklər (məsələn, şəkərli diabet), stres, artıq çəkidən əziyyət çəkən şəxslərdə baş verir.
- Hansı simptomlar oynaq ağrılarından xəbər verir?
- Ağrılar oynaqların sərtliyi, hərəkətsizliyi və hərəkətlərin məhdudlaşdırılması, oynaqlarda şişkinlik və s. kimi əlamətlərlə özünü büruzə verir. Bursit, yəni oynaq kisəsinin iltihablanması, yumşaq toxumalarda sıxılmaların yaranması, əzələ və oynaqların həddindən artıq gərginliyi, oynaq ətrafı bəzi yumşaq toxuma hissələrinin zədələnməsi, vətərlərin və ya vətər qişalarının iltihablanması, oynaq kisələrində həddindən artıq mayenin toplanması nəticəsində rast gəlinən oynaq ağrıları səbəblərindəndir.
- Oynaq ağrıları necə müalicə edilir?
- Oynaq ağrıların müalicəsi olmasa da, onun simptomlarının aradan götürməsi üçün təsirli üsulları mövcuddur. Bəzən sadə gündəlik məşqlər etməklə ağrı keçə bilər. Digər hallarda, ağrı yalnız dərman və ya cərrahiyyə əməliyyatı ilə aradan qaldırıla bilər.
Nəzərə almaq lazımdır ki, hətta reseptsiz satılan dərmanlar da insanlara fərqli təsir göstərir. Hər hansı bir dərman qəbul edərkən həkiminizin göstərişlərinə diqqətlə əməl edin və əlavə təsirlərlə qarşılaşdığınız təqdirdə ona məlumat verin.
Eyni zamanda, fizioterapiya və ya idman terapiyası, orta intensivlikli fiziki aktivlik (gəzinti, üzgüçülük və s.) və balanslaşdırılmış fitnes proqramı sağlam oynaqların elastikliyinə, insanın sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına, həmçinin normal bədən çəkisini saxlamağa kömək edir.
- Nə vaxt həkimə müraciət etmək məqsədəuyğun hesab olunur?
- Əgər ağrı normal gündəlik həyat fəaliyyətinə müdaxilə edirsə, problem barədə həkimə müraciət etmək lazımdır. Ağrının səbəbini tez bir zamanda müəyyən etmək, ağrıları aradan qaldırmaq və oynaqları sağlam, işlək vəziyyətdə saxlamaq üçün müalicəyə başlamaq vacibdir.
Eyni zamanda, oynaq ağrıları qızdırma ilə müşayiət və normal hərəkətə mane olursa, bu təqdirdə həkimə müraciət edilməlidir.
Təsirə məruz qalan oynağın müayinəsi ağrının və ya hərəkətin məhdudluğunun olub-olmadığını, həmçinin ətrafdakı əzələlərin, tendonların və bağların zədələnmə əlamətlərini müəyyən edəcək.
Lazım gəldiyi təqdirdə, həkim tərəfindən rentgen və ya qan testlərini də təyin oluna bilər. X-şüaları (Rentgen şüaları) oynaqların pisləşməsini, oynaqda mayenin, sümük qıvrımlarının və ya ağrıya səbəb ola biləcək digər problemlərin olub- olmadığını göstərə bilər. Qan testləri diaqnozu təsdiqləməyə və ya ağrıya səbəb ola biləcək digər xəstəlikləri istisna etməyə kömək edəcəkdir.
- Oynaq xəstəlikləri zamanı oynaqların yükünü necə azaltmaq olar?
- Oynaqların yükünü azaltmaq üçün müalicə edən həkim xəstəyə əsa, ortopedik ayaqqabı və ortez (diz breketləri) kimi köməkçi cihazlarlar tövsiyə edə bilər.
Oynaq ağrıları həm dərmanlar, həm də fiziki müalicə ilə uzun müddət aradan qaldırılmadığı təqdirdə cərrahiyyə müdaxilə effektiv müalicə variantı ola bilər. Xəstənin vəziyyətindən asılı olaraq, bu, artroskopiya, yəni cərrahın oynağın üzərində iki və ya üç kiçik kəsik etdiyi, oynağın içərisində və ya yaxınlığında qığırdaqları bərpa etmək, sümük qırıntılarını çıxarmaq üçün artroskop alətdən istifadə edərək oynağa daxil olduğu minimal invaziv prosedur icra edilə bilər. Bununla yanaşı, oynaqların dəyişdirilməsi əməliyyatları (sümüklərin uclarını qoruyan qığırdaq köhnəldikdən sonra oynağın dəyişdirilməsi) kimi üsullardan istifadə oluna bilər.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ