İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şmits, ruslar bu hesablama ilə almanlara necə qalib gəldilər?”

 

Almaniya jurnalisti və yazıçısı Ferdinand Ertelin “Uzun çəkən qayıdış” adlı bir romanı var, real hadisələr əsasında yazıb.

Əsər 1945-ci ilin mayında sovet otdusuna əsir düşən alman döyüşçü Teodor Xendriksin (əsərdə adı Teo Xenndir) başına gələn olaylardan bəhs edir.

Gənc Teo 1946-cı ilin baharında Ukraynanın Nikolayev şəhərindəki hərbi əsirlər düşərgəsindən qaçır, 3 min kilometr məsafə qət edir, min bir zülm və məşəqqətdən sonra ailəsinə qovuşur.

“Uzun çəkən qayıdış”da bir epizod var: alman əsirləri Nikolayev şəhəri yaxınlğındakı şaxtaya gətirirlər, deyirlər, fəaliyyəti bərpa olunacaq şaxta üçün inzibati bina tikiləcək, ona görə də bu kərpic qalağını 20 metr kənara daşımaq lazımdır. Əsirlər iki gün ərzində kərpiçi binanın özülü qoyulacaq yerdən kənara daşıyırlar.

scale_1200.jpg (98 KB)

Ertəsi gün mühəndis gəlir, ölçür-biçir, deyir, kərpiclər daha 20 metr qırağa daşınmalıdır, özülə mane olur. Əsirlər bu dəfə kərpicləri 3 günə daha 20 metr kənarda qalaqlayırlar.

Yenə bir neçə gündən sonra tikintiyə cavabdeh olan məsul şəxslər gəlir, hesablama aparırlar və bəyan edirlər ki, kərpic qalağı hazırda olduğu yerdən 30 metr kənara daşınmalıdır.

Belə olanda alman hərbi əsirlərdən biri daha yaşlı hərbi əsirə deyir: “Ruslar bu ağılla, bu hesablama qabiliyyəti bizə necə qalib gəliblər?”

Yaşlı hərbi əsir ona belə cavab verir: “Bizə ruslar qalib gəlməyiblər, yankilər (amerikalılar) qalib gəliblər. Bir zabitlərə baxın, əyinlərində Amerika geyimi, çəkməsi, gəldikləri avtomobil Amerika maşını “Studebekker”, yedikləri Amerika konservası...”.

Əlbəttə, burada məğlub olmuşların dəyişməz özünütəsəlli elementi də var. Adətən, məğlub olan tərəf düçar olduğu məğlubiyyəyə görə düşmənin gücündən çox, ona yardım edənlərin rolunu qabardırlar. Biz bunu 44 günlük müharibədən sonra ermənilərin təcrübəsində də gördük. (Əslində 1994-cü ildən ta 2020-ci ilə qədər biz də Qarabağda uduzduğumuz müharibədə rusların ermənilərə kömək etməsi amilini qabardırdıq).

Ancaq gerçəklik budur ki, 44 günlük müharibədə bizə verilən dəstək əsasən siyasi, mənəvi, psixoloji planda idi. İşlətdiyimiz silahları öz pulumuzla alırdıq, heç kəsin çəkməsinə, konservinə möhtac deyildik, ermənilərə ikinci cəbhə açan yox idi, qələbə uğrunda şəhid olanlar öz əsgər və zabitlərimizdir və s. və i.a.

mAuL4Qw31cMVtjmvcgdIxgjbrqcY1IP8kiDOBmpC.jpg (60 KB)

Alman hərbi əsirin öz həmvətəninə dediklərində isə həqiqət payı daha böyükdür. Gerçəkdən də ABŞ və Böyük Britaniyanın SSRİ-yə son dərəcə vacib yardımları olmasaydı, Stalin bu müharibədə qalib gələ bilməzdi. Bir şey ki, Hitler ordusu müharibənin il aylarındaca gəlib Moskvaya, Qafqaza dirənmişdi. ABŞ-in yardımlarına icazə verən “Lend-liz” işə düşən kimi alman hərb maşınnın yürüşü dayandı. (Bu proqram çərçivəsində SSRİ-yə 17500 min ton hazır məhsul, dəzgahlar, yarımfabrikatlar, ərzaq və benzin tədarük ediliib və bu, ABŞ Xəzinədarlığına 11,3 milyard dollara başa gəlib. Böyük Britaniya və Kanadanın yardımını da nəzərə alsaq, bu məbləğ 13 milyard dollara çatıb).

Bu baxımdan faşizm üzərindəki qələbə təkcə SSRİ-nin, rusların deyil, bütün Avropanın qələbəsidir.

Düzdür, hazırda Kreml o qələbəni tamamilə özəlləşdirib, onu öz hərbi tarixinin mirasına çevirib, amma daha bir gerçəklik də odur ki, 1941-45 müharibəsində Ukrayna və Belarus partizanlarının, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Ermənistan və Tacikistandan, eləcə də Rusiyanın tərkibindəki Şimal Qafqaz vilayətlərindən, Sibir diyarlarından səfərbər olunanların qələbədə rolu böyük olub. Təkcə Azərbaycandan o müharibəyə 600 min civarında gənc kişi aparılıb və yarısı qayıtmayıb.

Hazırda Rusiyanın Ukrayna müharibəsində qələbə qazana bilməməsinin sirri bundadır. Rusiya 84 il öncəylə müqayisədə hərbi baxımdan 85 dəfə güclüdür, amma nəhəng Hitler ordusunun belini 3 ilin içində qıra bilmişdisə, indi 3 ildir bataqlığa saplanmış yük maşını kimi yerində eşələnir. Çünki indi ABŞ və Böyük Britaniya, eləcə də digər Avropa ölkələri Rusiyaya yox, Ukraynaya kömək edirlər, ona hərbi texnika, çəkmə, konserv verirlər.

Momyshuly-620x398.jpg (31 KB)

İndi keçmiş SSRİ respublikaları da bir kənarda durublar, Rusiya ordusuna Taqanroq, Mozdok diviziyaları göndərmirlər. Azərbaycanlı İsrafil Məmmədov, qazaxıstanlı Baurjan Məmişoğlu (Momışulı) da yoxdur ki, ruslar üçün müstəsna şücaətlər göstərsinlər.

Rusiya ordusunun Şimali Koreyadan olan əsgərlərə ehtiyacı bu üzdəndir. Canlı hərbi qüvvə çatışmır. Əksəriyyəti bir uşaqdan ibarət olan milyonlarla rus ailələrinin ən azı yarısındakı tək övlad da qadın cinsinə mənsubdur. Eyni durum Ukrayna üçün də keçərlidir. Ukrayna da döyüşən əcnəbilərə ehtiyac duyur.

Ukraynadan gələn xəbərlər göstərir ki, bu ilin əvvəlinə qədər koreyalıların ağzı isti yerdəymiş, elə bilirmişlər, işləri Ukrayna şəhərlərinin küçələrində parada çıxmaq, nizami addımlarla keçid etmək olacaq. İndi qırılır, əsir düşür, ağlaşırlar.

Bir sözlə, tərəflərin sülhə gəlməkdən başqa yolları yoxdur. Bir-birini qırıb qurtarası deyillər.

Ancaq yenə də hiss olunur ki, sırf rusların yanlış hesablamaları üzündən sülh mənzilinin bünövrəsini tökməyə mane olan kərpic qalağını üç dəfə başqa yerə daşımaq lazım gələcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR