İnsanlara hürriyət, millətlərə istiqlal!

Sloveniya ilə Avstriya arasında sərhəd nəzarətinə görə gərginlik yaranıb

Sloveniya Avstriyanın sərhəd nəzarəti ilə əlaqədar tutduğu mövqeyə görə cavab tədbirləri görməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, Avstriya Şengen məkanına daxil olan iki ölkə arasında sərhəd nəzarətinin müddətini artıq 17-ci dəfə uzadıb və bu addım Sloveniya tərəfindən etirazla qarşılanıb.

Sloveniyanın Avstriyadakı səfiri Aleksander Qerzina Avstriya mətbuatına verdiyi açıqlamada bildirib ki, rəsmi Lyublyana vəziyyətlə əlaqədar bütün mümkün cavab tədbirlərini nəzərdən keçirir. Onların arasında Avstriya ilə sərhəd nəzarətini bərpa etmək də var. Sloveniya tərəfi qarşıdakı yay mövsümündə sərhədlərdə tıxacların yaranacağından narahatlıq keçirdiyinə görə, problemin yaya qədər həllinə çalışır. Hətta Sloveniyanın yeni Prezidenti Nataşa Musarın bu həftə Vyanaya gerçəkləşən rəsmi səfərinin gündəliyində duran əsas məsələlərdən biri də məhz sərhəd nəzarəti olub. Dövlət başçısı sərhəd-keçid məntəqələrində nəzarəti sərhədboyu ərazilərdə nəzarətlə əvəzləməyi və bu yolla avtomobillərin maneəsiz hərəkətinin təmin olunmasını təklif edib.

Sloveniyanın səfiri bildirib ki, Avropa Məhkəməsi də Avstriyanın bu yanaşmasını qeyri-qanuni hesab edib və eləcə də sərhəd nəzarəti qanunsuz miqrasiyanın azalmasına təsir göstərmir.

Avstriyanın daxili işlər naziri Qerhard Karner qonşu ölkənin mövqeyi ilə tanış olduğunu, lakin miqrasiya ilə əlaqədar sərhəd nəzarətinin qüvvədə saxlanılacağını vurğulayıb.

Qeyd edək ki, Avstriya və Sloveniya arasında sərhəd nəzarəti 2015-ci ildən tətbiq olunur. Avstriya bu qərarı Qərbi Balkan marşrutu ilə baş tutan qanunsuz miqrasiya ilə əlaqələndirir. Ötən il cəmi 60 nəfərin, cari ildə 13 nəfərin qeyri-qanuni miqrasiyaya cəhdini nəzərə alaraq, Sloveniya tərəfi sərhəd nəzarətinin qeyri-effektiv olduğunu iddia edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR