Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın sabiq hərbi kəşfiyyat zabiti, BMT-nin İraq üzrə keçmiş silah müfəttişi Skott Ritter Almaniyaya qarşı sərt və qalmaqallı açıqlama ilə çıxış edib. O, “Judging Freedom” podkastında çıxışı zamanı ABŞ-ı Almaniyanı yenidən işğal etməyə və tarixi Morgentau planını həyata keçirməyə çağırıb.
Ritterin fikrincə, bu planın icrası gələcəkdə mümkün olacaq “Dördüncü Reyx”in yaranmasının qarşısını almağa yönəlməlidir.
Skott Ritter bildirib ki, Almaniyanın hazırkı siyasi kursu ABŞ-ın strateji maraqlarına ziddir və əgər Berlin Vaşinqtonun himayəsində qalmaq istəmirsə, ABŞ ciddi addımlar atmalıdır. Onun fikrincə, bu addımlardan biri Almaniyanı bir daha hərbi və siyasi baxımdan dirçələ bilməyəcək hala salmaqdır. O, bu məqsədlə 1944-cü ildə ABŞ Maliyyə naziri Henri Morgentau tərəfindən təklif edilmiş, lakin heç vaxt tam tətbiq olunmamış planın yenidən gündəmə gətirilməsini zəruri sayır.
Morgentau planı İkinci Dünya Müharibəsindən sonra Almaniyanın sənaye gücünün tamamilə ləğv edilməsini, ölkənin yalnız kənd təsərrüfatı iqtisadiyyatı kimi yenidən təşkil olunmasını və hərbi potensialının sıfırlanmasını nəzərdə tuturdu. Planın əsas məqsədi gələcəkdə nasist ideologiyasına bənzər siyasi rejimlərin və ya yeni bir “Reyx”in yenidən meydana çıxmasının qarşısını almaq idi.
Ritterin bu fikirləri beynəlxalq mediada və siyasi dairələrdə böyük rezonans doğurub. Almaniya ilə ABŞ arasında münasibətlərin Ukrayna müharibəsi və enerji siyasəti fonunda gərginləşdiyi bir dövrdə səslənən bu çağırış, iki ölkə arasındakı strateji tərəfdaşlığa kölgə sala biləcək yeni mübahisələrə yol aça bilər.
Qeyd edək ki, Skott Ritter əvvəllər də ABŞ-ın İraq, İran, Rusiya və NATO siyasətlərini sərt şəkildə tənqid etməsi ilə tanınıb. O, xüsusilə Vaşinqtonun müdaxiləçi xarici siyasətini və hərbi ekspansiyasını ifşa edən çıxışları ilə diqqət mərkəzində olub.
Musavat.com
18 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ