İnsanlara hürriyət, millətlərə istiqlal!

“Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi niyə dayandırıldı - iki versiya

Müxalifətin irad və təklifləri nəzərə alınaraq yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi sentyabrın 28-də parlamentdə ictimai müzakirələri keçirilməli idi. Daha sonra layihə komitələrin və plenar iclasların müzakirəsinə çıxarılması gözlənilirdi. Lakin bildirilib ki, ictimai müzakirələr qeyri-müəyyən müddətə təxirə salınır. Milli Məclisdən yayılan məlumatda bildirilib ki,  parlamentin müraciəti əsasında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai rəy sorğusunun həyata keçirilməsi nəzərdə tutulur. Bütün bunları nəzərə alaraq, Milli Məclisdə bu layihə ilə bağlı sentyabrın 28-də keçirilməsi nəzərdə tutulan ictimai dinləmə təxirə salınıb.

"Siyasi partiyalar haqqında" mövcud qanun 1992-ci ilin iyununda İsa Qəmbərin Azərbaycan Respublikası Ali Sovetinin sədri olduğu vaxtda qəbul edilib, sonrakı illərdə bu qanuna müəyyən dəyişikliklər edilib. Yeni qanun qəbul edildikdən sonra bu qanun qüvvədən düşəcək, layihədə deyilir. Hazırkı qanun dörd fəsil və 22 maddədən ibarətdir. Yeni qanun layihəsində isə siyasi partiyalarla bağlı məsələlərin 6 fəsil və 30 maddə ilə tənzimlənməsi irəli sürülüb.

Sənəd müxalifətdə olan siyasi partiyalar tərəfindən tənqidlə qarşılansa da, iqtidar partiyası onun demokratiyaya xidmət etdiyini bildirir.

Sənədə əsasən, dövlət qeydiyyatından keçən partiyaların azad fəaliyyəti təmin edilir. Qarşısına konstitusiya quruluşunun zorla dəyişdirilməsi və hakimiyyətin ələ keçirilməsi məqsədi qoyan, ölkənin ərazi bütövlüyünü pozan, kütləvi iğtişaşlara, terrorçuluğa, dini ekstremizmə çağırış edən, irqi, dini, cinsi, etnik ayrı-seçkilik və ədavəti, sağlamlığa və ətraf mühitə qarşı yönəlmiş hərəkətləri təbliğ edən siyasi partiyaların yaradılmasına yol verilmir. Dövlət qeydiyyatından keçməyən siyasi partiyaların fəaliyyət göstərməsinə icazə verilmir.

Siyasi partiya son 20 il ərzində daimi olaraq Azərbaycanda yaşayan ən az 200 vətəndaş tərəfindən təsis edilə bilər. Təsis qurultayında bu vətəndaşlar şəxsən iştirak etməlidirlər.

Partiyanın dövlət qeydiyyatına alınması üçün ən az 10 min üzvü olmalıdır. Partiya üzvlərinin siyahısı dövlət reyestrinə daxil edilməsi üçün təqdim edilməlidir. Partiyalar parlament, prezident və bələdiyyə seçkilərində ardıcıl olaraq iki dəfə iştirak etmədiyi təqdirdə dövlət qeydiyyatından məhrum edilə bilər.

Partiyalar dövlət büdcəsindən də maliyyələşdiriləcək. Bu zaman vəsaitin 5 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional bölünür.

Qanun qəbul edildikdən sonra 90 gün ərzində partiyalar öz say tərkibini yeni normalara uyğunlaşdırmalı, yəni üzv sayını 10 min nəfərə çatdırmalıdır.

29 partiya “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair təkliflərini təqdim edib. Azərbaycan Xalq Cəbhəsi  və Müsavat partiyaları isə qanun layihəsini Azərbaycanın partiya sisteminin “qəsb edilməsinə yönələn mürtəce layihə kimi” qiymətləndiriblər. Qeyd edək ki, AXCP sənədə etiraz olaraq, sentyabrın 30-da Milli Məclisin qarşısında piket keçirmək qərarı verib. Bakı Şəhər İcra Hakimiyyəti piketin keçirilməsinə icazə verməyib. Bu qərarın AXCP-nin piketi ilə əlaqəsi olub-olmadığını demək olmaz. Amma müzakirələrin ertələnməsi üçün görünür, daha ciddi səbəblər var. Yeni layihədən etiraz doğuran hissələr çıxarıla bilərmi? Hakimiyyət ölkədə qarşıdurma və ya əlavə gərginlik yaratmaq istəyənlərin bəhanələrini əlindən almaq istəyirmi?

Güclü Azərbaycan naminə - Ceyhun Məmmədov

Ceyhun Məmmədov

Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, kimlərsə bu qanun layihəsindəki bəzi məqamları bəhanə edərək ölkədə ictimai-siyasi durumu gərginləşdirmək istəyirlər: “Bu, yolverilməzdir. Qanun layihəsinə hər kəs münasibətini bildirə, təklifini verə bilər. Ancaq bunu sabitliyin, asayişin pozulmasına yönəlmiş cəhd formasında etmək yolverilməzdir. Milli Məclis əvvəldən elan edib ki, kimin rəyi, təklifi varsa, sivil formada bildirsin. Çoxlu sayda rəy və təkliflər irəli sürülüb. Hər birinə də baxılacaq və hər halda, bəziləri nəzərə alınaraq yeni qanun layihəsi hazırlanacaq. Qanunun hazırlanmasında əsas hədəf, məqsəd siyasi münasibətlərin, proseslərin düzgün tənzimlənməsinə nail olmaqdır. İstək bundan ibarətdir ki, müasir tələblərə cavab verən bir qanun qəbul edilsin”.

Foto Rauf Arifoglu.jpg

 Rauf Arifoğlu 

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu isə bildirdi ki, onda olan məlumata görə, "Siyasi partiyalar haqqında" qanun layihəsinin ictimai müzakirəsinin təxirə salınması sırf texniki məsələ ilə bağlıdır: “Mənim əldə etdiyim məlumata görə, hakimiyyət tərəfi bu müzakirələrin mötəbər və yüksək vəzifəli şəxslərin, dövlət xadimlərinin, parlament rərhbərliyinin iştirakı ilə keçirilməsində maraqlıdır. Buna görə də nəzərdə tutulan qonaq heyətinin tam tərkibdə həmin gün orada olmasını təmin eləmək üçün ictimai müzakirələrin 28 sentyabrda keçirilməsi təxirə salınıb. Çünki nəzərdə tutulan iştirakçı dövlət xadimlərindən bəzilərinin 28 sentyabr günü fərqli proqramları olub. Məlumatıma və qənaətimə görə, hakimiyyət orada siyasi partiyaların narahatlıq və narazılığına səbəb olan maddələrin dəyişdirilməsində maraqlıdır. Bunu heç məlumat əldə etmədən də mülahizə eləmək mümkündür. Çünki hakimiyyət heç bir münasibəti olmayan düşərgələr arasında münasibətlərin formalaşmasını son üç ildə təmin edibsə, müxalifətlə münasibətlərin sağlamlaşmasını, yaranmasını təmin edibsə, müxalif düşərgəyə məxsus partiyalara qərargahlar veribsə, onların illərlə uzanan qeydiyyatını həyata keçiribsə, bu bir siyasi iradədir. Bunun məntiqi davamı olaraq da bu proses və bu münasibət, bu iradə özünü qanunvericilik aktlarında da göstərməlidir. Yəni məndə olan qənaətə görə, hakimiyyət müxalifəti narazı salan, özündən uzaqlaşdıran addımlar atmayacaq. Əsas məsələ kağıza nəyin yazılması deyil, əsas məsələ siyasi iradədir. Bu siyasi iradə də düşərgələrarası münasibətlərin səmimiləşməsi, yaxşılaşması və Azərbaycan müxalifətinin dövlət protokoluna salınması istiqamətində inkişaf edir. Qarşıda Azərbaycanı böyük dəyişikliklər, islahatlar gözləyir. Bu islahatların əsaslı bir hissəsi də siyasi islahatlar olacaq, siyasi sahə ilə bağlı olacaq. O baxımdan da mən sözügedən qanun layihəsindəki bəzi narahatlıqların nəinki aradan qaldırılacağını, daha yüksək səviyyədə bir qanunun ortaya çıxacağını gözləyirəm, buna inanıram və bu prosesdə də iştirak etməyə hazıram”. 

Pənah Hüseyn: "Azərbaycana uzanan əllər kəsilməlidir"

Pənah Hüseyn 

AXP sədri Pənah Hüseyn isə bildirdi ki, irəli sürülən layihənin ictimai dinləmələrinin keçirilməsinin konkret hansı səbəbdən təxirə salındığı barədə dəqiq məlumata malik deyil: “Mən deyə bilmərəm və hakimiyyətin əvəzinə şərh vermək istəmirəm. Amma açıqlanan qanun layihəsi dəyişdirilib müzakirəyə başqa bir layihə çıxarılmalıdır. Milli Məclisin dinləmələrin təxirə salınması haqqında məlumatında da belə bir fikir var ki, layihə üzərində iş davam edir. Yəni bu onu göstərir ki, bundan əvvəl irəli sürülən layihə yox, hansısa dəyişikliklər edilmiş bir layihənin müzakirəyə çıxarılması ehtimalı yüksəkdir. Eyni zamanda hətta belə təəssürat da yaranır ki, prinsipcə ola bilsin, bu qanun layihəsinin ictimai dinləmələrə çıxarılması qeyri-müəyyən müddətə ləngiyə də bilər. Çünki məlumatda deyilir ki, Sosial Tədqiqatlar Mərkəzinin ictimai rəy sorğusu da bu barədə keçiriləcək. İrəli sürülmüş qanun layihəsi siyasi çevrələr tərəfindən olduqca tənqidi qarşılanmışdı. 2011-ci ildə ”Siyasi partiyalar haqqında" qanun layihəsi hazırlanıb Avropa Şurasının Venesiya Komissiyasına təqdim olunmuşdu və mənfi rəy alınmışdı. Həmin layihəyə baxanda indi irəli sürülən qanun layihəsi mənfi rəy üçün daha açıqdır. Çünki siyasi partiyaların istər təsisi, istər fəaliyyəti və dövlət qeydiyyatına alınması məsələləri daha da ağırlaşdırılıb. Prinsip etibarilə Azərbaycan Xalq Partiyası da bu layihəni müzakirə edib və mənfi rəy verib. Çünki bu layihə Azərbaycanda çoxpartiyalı sistemin formalaşmasına xidmət etməyən maddələrin əksini tapdığı bir layihədir. Dinləmələr olacaqsa, fikirlərimizi orada da səsləndirəcəyik. Əgər yeni bir layihə ortaya çıxarılsa, təbii ki, bizim dəyərləndirməmiz yenidən müzakirə edilib təqdim olunacaq. Amma prinsipcə burada hansısa ayrı-ayrı müddəalardan söhbət getmir, bütövlükdə bu layihənin ruhu, sistemi, konsepsiyası siyasi partiyaların inkişafına xidmət etmir. Eyni zamanda bu, bizim də iştirak elədiyimiz və 2020-ci ildən başlanmış siyasi partiyalarla münasibətlərdə yeni siyasi kursun həyata keçirilməsi kursundan geri çəkilmək və həmin kursun nəticəsində əldə olunmuş az-çox müəyyən irəliləyişlərin üstündən xətt çəkmək anlamına gəlirdi".  

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, qanun layihəsi ilə bağlı partiya olaraq öz mənfi və müsbət rəylərini ilk andan bildirməyə başlayıblar: “28 sentyabrda Milli Məclisdə keçirilməsi planlaşdırılmış dinləmələrə müxalifət partiyalarının da sədrləri dəvətli idilər. Bu, əslində müsbət tendensiyadır. Gələcəkdə də digər qanun layihələrinin hazırlanması və qəbul olunması ərəfəsində bu cür ictimai müzakirələrin keçirilməsi müsbət hal kimi alqışlanmalıdır. Amma 28 sentyabra nəzərdə tutulmuş dinləmələrin təxirə salınmasının səbəbi Milli Məclis tərəfindən açıqlanıb. Sirr deyil ki, siyasi partiyalar açıqlanmış qanun layihəsində bəzi müddəaların ağırlaşması ilə bağlı fikirlərini bildirmişdilər. Görünür ki, həmin müddəaların bir qədər yumşaldılması baş verə bilər. Bu bizim proqnozumuzdur. İctimai dinləmələrin təxirə salınması, məncə, həm də bəzi siyasi qüvvələrin adıçəkilən qanun layihəsindən istifadə edib ictimai gərginlik yaratmağa çalışması ilə də bağlı ola bilər. Bununla həmin qüvvələrin bəhanəsini əlindən alıb onları zərərsizləşdirmək məqsədinin də olması mümkündür. İstənilən halda qanun layihəsi daha mükəmməl olmalı və hər kəs tərəfindən qəbul  olunmalıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR