 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            ABŞ və Böyük Britaniyanın sanksiyalarına məruz qalan Rusiyanın Lukoyl şirkəti ölkə hüdudlarından kənarda olan bütün aktivlərini alacaq müştəri tapıb.
Musavat.com xəbər verir ki, aktivlərin satışının açıqlandığı 27 oktyabrdan 3 gün sonra- 30 oktyabrda Lukoyl artıq alıcı tapdığını elan edib. Şirkətin açıqlamasına görə, söhbət neft treyderi olan Gunvor şirkətindən gedir. Bu şirkət Lukoyl-un neft emalı zavodlarının, yanacaqdoldurma məntəqələri şəbəkələrinin və dünya miqyasında istehsal müəssisələrinin yeni sahibi ola bilər.
Lukoyl-un niyə məhz Gunvor-un təklifini vazkeçilməz elan etməsi çox sadədir: Bu şirkət 1997-ci ildə Torbjörn Törnqvist və hazırda Vladimir Putinin ən yaxın adamlarından olan Gennadi Timçenko tərəfindən təsis edilib. 2014-cü ildə Rusiya Krımı işğal edəndə Timçenkoya qarşı sankskiyalar tətbiq olunduqda oliqarx şirkətdəki payından formal şəkildə imtina edib. Lakin onun indiyədək Gunvor-un idarəçilərindən və benefifisiarlarından biri olduğu neft ticarəti sahəsində hər kəsə bəllidir.
Rusiya mətbuatının yazdığına görə, əgər müqavilə baş tutarsa, Gunvor şirkəti Avropa İttifaqı və ABŞ da daxil olmaqla 20 ölkədə yanacaqdoldurma məntəqələri şəbəkəsi, Rumıniya və Bolqarıstandakı neft emalı zavodları, Hollandiya neft emalı zavodunda pay, Azərbaycan, Qazaxıstan, Özbəkistan, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Meksika, Qana, Misir, Kamerun, Nigeriya və Konqo Respublikasındakı istehsal aktivləri, eləcə də Xəzər Boru Kəməri Konsorsiumunda pay alacaq.
Mütəxəssislər Lukoil-un bütün xarici aktivlərinin dəyərini təxminən 10-12 milyard dollar qiymətləndirirlər.
Qeyd edək ki, Lukoyl-un Bolqarıstandakı aktivləri ilyarım əvvəldən satışa çıxarılıb. Onları almağa iddialılar arasında SOCAR-la Türkiyənin Çengiz Holdinqinin alyansı da vardı. İki həftə əvvəl Bolqarıstan Milli Assambleyası İnvestisiya Qanununa düzəlişi təsdiqləyib. Düzəliş Lukoyl-un aktivlərinin satışının əvvəlcə Milli Təhlükəsizlik üzrə Dövlət Agentliyi (SANS), sonra isə Nazirlər Şurası tərəfindən nəzərdən keçirilməsini və təsdiqlənməsini tələb edir.
Gunvor-un faktiki olaraq Putinin yaxın çevrəsinin nəzarətində olması Bolqarıstan hökumətinin alqı-satqıya imkan verməsini böyük sual altına alır. Elə Aİ-nin digər ölkələrində, ABŞ-dakı aktivlərin də bu şirkətə satılmasına yerli hakimiyyətlərin razılaşması real görünmür. Azərbaycan, Mərkəzi Asiya, Afrikadakı aktivlərə münasibətdə alqı-satqının baş tutması ehtimalı yüksəkdir.
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ