Onlayn ictimai-siyasi qəzet
Hələ 20 il öncə sözü qurtaran, tükənən insanların bu günədək qırıq qrammofon valı kimi eyni pozulmuş cizgi üzərindən səs çıxarmaları da çox maraqlı fenomendir. Bəlkə də xüsusi istedad tələb edir və ola bilsin ki, analoqu da yoxdur.
…Ölkəmizdə siyasətçi və media mənsubu adına iddia edən bir qrup insan var ki, uzun illərdir şər-böhtanla, yalanla, şər-şəbədə ilə siyasi gündəmi zəbt etməyə çalışır, çirkabın, çamurun dibinə, hətta dəfələrlə baş vurduqları halda başqalarını, çeşidli yerlərdən gələn sifarişlərlə hədəfə almaqla “süddən çıxmış QAŞIQ” kimi görünməyə çalışırlar. Hər kəsdən hesab sorur, amma sözün bütün mənalarında məhz özlərinin, hətta uzun illərdən bəri siyasi və digər mövcudluqlarının hansı imkanlar və vəsaitlər hesabına təmin etdikləri barədə hesabat verməli olduqlarını belə dilə gətirmək istəmir, koldakı başlarını qorumaq üçün dəridən-qabıqdan çıxırlar.
…Biri var, çənəsini və gözlərini yük altında çökən dəvə kimi sağa-sola hərləməklə, bir-biri ilə yaxından-uzağa əlaqəsi olamayan ifadələri alayarımçıq cümlələrinin gerisinə pərçimləməklə, heç bir əsası, mənşəyi olmayan ittihamları hay-küylə sıralamaqla hər kəsi suçlu çıxarmağa, hər kəsin gözü önündə olan reallıqları, yaxın tarixdəki həqiqətləri dilə gətirənləri aşırı hikkə və qəzəblə, şər-böhtanla susdurmağa çalışır. Və düşünür ki, səsini başına atmaqla cüdanı cuvalda gizlətməyi bacaracaq.
Adamın sahibləndiyi media resursları illərdir ki, dövlətin ayırdığı vəsaitlər hesabına kimsəyə faydası dəyməyən mövcudluğunu qoruyub saxlayır və özü də etiraf edir ki, “Medianın İnkişafı Fondu” tərəfindən maliyyələşir. Hərçənd ki, Azərbaycanda “Medianın İnkişafı Fondu” adlı təsisat yoxdur, Medianın İnkişafı Agentliyi var. Görünür ki, yaddaşının dərin qatlarında “fond” sözü daha çox oturuşub. Səbəblərinə vaxt ayırmayacağam.
Amma başqalarını ittiham edəndə deyir ki, “dövlətin pulu ilə özlərinə media qurumu yaradıblar”. O zaman sual olunur: Sən dövlətin pulu hesabına şər-şəbədə, böhtan, qarayaxma, şantaj resursları yarada və saxlaya bilirsən, ölkənin milli maraqlarını, dövlətin mənafeyini üstün tutan, illərdən bəri bir addım belə sapmadan yoluna davam edən insanlar peşə prinsiplərinə sadiq qalan, ciddi media təsisatları yarada bilmirlər?
Birbaşa ünvanıma səslənən iddialara və bər-bəzəkli şər-şəbədəyə isə bir neçə abzasla cavab verəcəyəm:
Adam deyir ki, “Elçin Mirzəbəyli Qüdrət Həsənquliyevin yanındadır”. Əvvəla mən heç kimin yanında, yörəsində deyiləm və olmamışam. 23 il Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi Ədalət, Hüquq, Demokratiya Partiyasında (əvvəlki adı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - BAXCP) təmsil olunmuşam, uzun illər sədr müavini kimi fəaliyyət göstərmişəm. Partiya quruculuğundan, təşkilatın siyasi kursunun müəyyənləşdirilməsindən, Nizamnamə və Proqramının hazırlanmasından başlamış seçkilərdə iştirakınadək bütün proseslərdə fəal iştirak etmişəm və bu gün də keçdiyim yola və yoldaşlarıma hörmətlə yanaşıram.
18 ildən artıq bir zaman kəsiyində “Xalq cəbhəsi” qəzetinə və eyni adlı sayta rəhbərlik etmişəm, Milli Məclisin deputatı seçildikdən sonra qanunun tələblərinə uyğun davranaraq, bütün bu vəzifələrdən imtina etmişəm və hazırda sözügedən media resurslarının baş redaktoru mənimlə birlikdə 10 ildən artıq çalışan istedadlı, zəhmətkeş bir qələm adamıdır. Və bütün bu proses – qəzetdən və partiyadan gedişim şəxsi münasibətlərə xələl gətirilmədən, ləyaqətli davranışla müşahidə olunub. İndi siz özünüzün və sizə dəstəvuz verənlərin təmsil olunduqları siyasi partiya, blok, birlik, hərəkat və daha nə bilim nələrdən gedişinizin hansı qalmaqallarla, ittihamlarla müşayiət olunduğunu xatırlayın. Barmağınızı qatlayın ki, bir yerdən urvatla getmisiniz, bir adamla münasibətlərə xələl gətirmədən ayrılmısınız… Yoxdur, belə fakt!
Kiminsə puluna, imkanlarına görə, yanında yer almısınız, pul-para kəsiləndə isə, elə indiki kimi siyasi cingənəliyin dibinə varmısınız.
Adamlar mənim kim olduğumu sorğulayırlar, utanmadan. Mən, müəllifi olduğum “Azadlıq” marşını yüz minlərlə insanla birlikdə ifa edərək, əli yalın imperiya tanklarının qarşısında dayananda, siz heç özünüzün də iddia etdiyi kimi, “aşırma şalvar” da geyinmirdiniz… İndi kiminsə “kilidlənərək dubinka (dəyənək) tuneli”nə qarşı hərəkət etməsini “qəhrəmanlıq” kimi qələmə verməkdən belə abır-həya etmirsiniz. Siz və qahmar çıxdıqlarınız xaricdən aldığınız təlimat və pullarla təhlükəsizliyi, ictimai asayişi qoruyan Azərbaycan polisinə qarşı hərəkət edirdiniz, mən və mənimlə eyni əqidənin daşıyıcısı olanlar isə ərazi bütövlüyümüzə, istiqlalımıza, azadlığımıza qənim kəsilənlərin tanklarına, top-tüfənglərinə qarşı… Bizim fərqimiz də elə bundadır! Dövlətçilik əxlaqı və təfəkkürü olmayanların bu fərqi dərk etmələri isə mümkün deyil. Bu baxımdan, özünüzü bərkə-boşa salmayın…
Hər kəsin gözü önündə olan faktlara istinad edərək, hər kəlməsi gerçəklikdən, həqiqətdən yoğrulan bir yazı yazmışdım, adamlar günlərdir ki, ünvanıma yalan və böhtan üyütməkdən usanmırlar.
Ay “Elçin Mirzəbəylinin kəndində onu istəyən yoxdur”, ay “Elçin Mirzəbəyli hansısa çox yüksək vəzifədə çalışan yaxın bir qohumunun vasitəsilə parlamentə seçilib”, ay “Elçin Mirzəbəyli BAXCP-nin mətbuat orqanında yazırdı indiyədək” və daha nələr və nələr…
Kənddə doğulmamışam, doğulsaydım da bundan yalnız qürur duyardım. BAXCP-nin də mətbuat orqanı olmayıb. Mən təsisçisi fiziki şəxs olan “Xalq cəbhəsi” qəzetinin və eyni adlı saytın 18 ildən çox bir zaman kəsiyində baş redaktoru olmuşam. Yüksək dövlət qurumunda çalışan yaxın qohumum da yoxdur. Bütün bunlar hər kəs üçün əlçatan məlumatlardır və indi təsəvvür edin, əgər bir adam göz önündə olan bəsit və hər hansı bir ittihama əsas verməyən həqiqətləri təhrif edərək, yalan-palanla haqlı olduğunu sübuta yetirməyə çalışırsa, görün iş dərin mətləblərə çatanda necə yalan üyüdə bilər.
Adam iddia edir ki, mən də daxil olmaqla hədəfə aldığı siyasət və media mənsubları “Ramiz Mehdiyevi vura-vura, döyə-döyə xalqın gözündə Rusiya əleyhdarları kimi görsənib, əslində Rusiyanın qulu olanlardı...” Cümlənin qiruluşuna görə məsuliyyət daşımıram. İqtibas gətirdiyim bu cümləyəbənzər söz yığınından belə anlaşılır ki, bəlli şəxsin “ittihamnamə”sində adı keçən şəxslər Ramiz Mehdiyevin əleyhinə çıxış etməklə Rusiyanın əleyhdarları kimi görünmək istəyirlər, amma əslində Rusiyaya xidmət edirlər”. Sonra isə bildirir ki, “Rusiya köhnə sistemi məhv edərək yeni sistemi dövriyyəyə buraxır”. Yəni, bu adamın məntiqinə görə, biz Rusiyanın yeni sisteminin adamlarıyıq və Rusiyanın köhnə sistemini – onları sıradan çıxarmaq istəyirik. Arqumentsizliyin, məntiqsizliyin, ağına-bozuna baxmadan yalan üyütməyin sonu da belə olur. Özünü möhkəm yandırdın, bə adam... Deməli etiraf edirsiniz ki, siz də, dəstəklədikləriniz də Ramiz Mehdiyevin də daxil olduğu Rusiyanın köhnə sistemi”nin adamlarısınız. Bunu mən demirəm, sizin dediklərinizin sonucu birbaşa, sağa-sola varmadan, məhz belə nəticə çıxarmağa imkan verir.
Sizin üçün anlamaq çətin olsa da, mən nə Rusiyanın, nə Amerikanın, nə Avropanın, nə də bir qeyrisinin yaratmaq istədiyi “sistemin” adamı deyiləm, olmağım mümkün də deyil. Öz elimin, obamın, Vətənimin, Azərbaycanımın övladıyam. Bir vaxtlar, artıq çökməkdə olan terror təşkilatının təmsilçisi ilə görüşənlər, gecə vaxtı, həmin dövrdə Azərbaycana qarşı bütün istiqamətlərdə, o cümlədən ideoloji müstəvidə savaş açan ölkənin diplomatik nümayəndəliyinin qapısından oğrun-oğrun çıxarkən yaxalananlar və bütün oyunların nütfəsindən keçib cığır-bağırla “təmiz görünmək” istəyənlər öz elinə qanıyla, canıyla bağlı olmağın insana nə qədər böyük rahatlıq və xoşbəxtlik gətirdiyini dərk edə bilməzlər.
Bu qədər... “Köhnə sistemin uşaqları”, indi tapındıqlarınıza birlikdə tarixə qovuşmağın vaxtıdır…
Elçin Mirzəbəyli, Millət vəkili
31 Oktyabr 2025
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ