Onlayn ictimai-siyasi qəzet
Erməni spikerin Azərbaycanın Qarabağda BMT qətnamələri əsasında legitim əməliyyat həyata keçirdiyini təsdiqləməsindən hüquqi müstəvidə istifadə edə bilərik
Ermənistan parlamentinin sədri Alen Simonyan kifayət qədər sensasion sayıla biləcək bir etiraf edib. “Azatutyun” radiosuna müsahibəsində o, Azərbaycanın Qarabağda BMT qətnamələri əsasında, legitim əməliyyat həyata keçirdiyini söyləyib. Simonyanın sözlərinə görə, erməni tərəfi İkinci Qarabağ müharibəsi zamanı dünya ictimaiyyətindən istədiyi reaksiyanı almayıb.
“İkinci Qarabağ müharibəsi başlayanda çox məyus olduq, çünki dünya bu savaşa bizim istədiyimiz kimi reaksiya vermədi. Səbəb həm də bizim tərəfimizdən legitimliyin olmaması idi. Azərbaycan Qarabağda azı 3-4 BMT qətnaməsinə əsaslanan əməliyyat keçirdi”, - erməni spiker bildirib. “Ermənistanın rəhbərliyi etiraf edirsə, Qərbdəki bəzi aktorlar da reallığı qəbul etməlidirlər”. Bunu isə politoloq Zaur Məmmədov mövzunu şərh edərkən deyib. O qeyd edib ki, hazırda Qərb dövlətlərinin bir çox rəsmiləri Ermənistandan daha çox erməni məsələsini gündəmdə saxlamağa çalışır: “Onsuz da hər kəs bilir ki, 44 günlük müharibə və 19-20 sentyabr 2023 əməliyyatları tam olaraq beynəlxalq hüquqa uyğun həyata keçirilib. Buna eyhamı Paşinyan bir neçə dəfə vurub. Bu dəfə isə parlamentin spikeri Alen Simonyan Qarabağdakı əməliyyatlarla bağlı reallığı etiraf edib”.
Zaur Məmmədov
Politoloqa görə, bu etiraf “erməni siyasi məhbuslar”, “etnik təmizləmə” və sair kimi ittihamların da üzərindən xətt çəkir. “Növbə Makronundur. O da papaq taparaq başına qoymalı, sonra isə onu qarşısındakı masaya qoyaraq etiraf etməlidir”, - əlavə edib. Amma edəcəkmi? Başqa yandan, bu etiraf Qərbdəki məkrli çevrələrə qarşı və beynəlxalq səviyyədə Ermənistanla məhkəmə davamızda əlimizi nə dərəcədə gücləndirə bilər? Sirr deyil ki, iki xalq arasında barışığın mühüm şərtlərindən biri hərbi cinayətkarların cəzalanmasıdır. Bu mənada Simonyanın yuxarıdakı etirafının davamı nə ola bilər - İrəvanın, məsələn, Xocalı soyqırımını da etiraf eləməsi mümkündürmü? Ümumiyyətlə, etiraf faktından hüquqi müstəvidə necə istifadə edə bilərik? Yeri gəlmişkən, politoloq Qaqik Ambaryan isə Simonyanın 2018-ci ildə Ağdamda çəkdirdiyi fotonu xatırladıb: “Simonyan 2018-ci ildə Aknada (Ağdamda - red.) nar tutaraq foto çəkdirəndə o qətnamələrdən xəbəri yox idi? Simonyan heç qətnamələrin sayını da bilmir. O, sadəcə, yalan və manipulyasiya ilə məşğuldur”.
Elşad Musayev
Deputat Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, Simonyanın timsalında Ermənistan işğal faktını etiraf edib: “İlk dəfə idi ki, erməni tərəf işğalçı olduğunu dolayısı ilə boynuna aldı. Beynəlxalq məhkəmələrdə iddialara gəlincə, çoxsaylı faktlarımız, arqumentlərimiz var. Biz bu çıxışdan da istifadə edərək beynəlxalq müstəvidə təzminat və digər məsələlərdə mübarizəmizi gücləndirə bilərik. Çünki Ermənistan soyqırımı həyata keçirib, kütləvi məzarlıqlar aşkarlanıb, maddi-mənəvi irsimizə ziyan vurulub, abidələrimiz, məscidlərimiz, flora-faunamız dağıdılıb, sərvətlərimiz talan olnub. Ermənistan təzminat ödəyə bilməyəndə isə beynəlxalq təcrübəyə əsasən, bizə torpaq mübadiləsi mümkündür”.
Deputat açıqladı ki, Azərbayan öz tarixi torpaqlarını tələb etməlidir: “Təəssüf ki, bizdən başqa bunu dilə gətirən yoxdur. Biz niyə belə ehtiyatla danışırıq? Qərbi Zəngəzur bizim tarixi torpaqlarımızdır və bu ərazilərə qayıtmalıyıq. Düşmənə qarşı maksimalist olmaq lazımdır və diplomatiyada hücuma keçməliyik”. E.Musayev hesab edir ki, BMT qətnamələri icra olunsaydı, torpaqların azad edilməsi üçün güc tətbiqinə ehtiyac qalmazdı: “Ermənistan rəhbərliyi saxtakarlığa yol verir. Simonyan və Paşinyan kimilər danışıqlar prosesini tamamilə pozdular. Erməni baş nazirin "Qarabağ Ermənistandır" deməsi hadisələri müharibəyə gətirib çıxardı. İndi Simonyan ikiüzlülüyə yol verir. Əgər Azərbaycanın BMT qətnamələrinə əsaslanıb hərbi əməliyyatlar həyata keçirdiyini etiraf edirsinizsə, bəs niyə qan tökülməsinin qarşısını almaq üçün zamanında həmin 4 qətnaməni yerinə yetirmədiniz?"
Elxan Şahinoğlu
Analitik Elxan Şahinoğluna görə, Simonyanın “Azərbaycan BMT-nin qətnamələri əsasında Qarabağda əməliyyat keçirib və dünya bu müharibəyə bizim istədiyimiz kimi reaksiya vermədi” cümləsi qədər eyni müsahibədə Rusiyaya atmacaları da diqqətçəkicidir: “Simonyan bildirib ki, Ermənistan və Azərbaycana düşmən olan ölkələr sülh danışıqlarının dalana dirənməsini istəyirlər. Aydındır ki, Simonyan bunu deyərkən, nə ABŞ, nə Fransa, nə də ki, İranı nəzərdə tutub. Ermənistanın bu 3 ölkə ilə sıx tərəfdaşlıq münasibətləri var. Ermənistan parlamentinin sədri Rusiyaya eyham vurub. Simonyanın 3+3 platformasıyla bağlı səsləndirdiyi fikirdə də Rusiyaya eyham var: "Mən, açıq desəm, nə üçün mövcud olmuş və ya mövcud olandan başqa başqa formata ehtiyacımız olduğunu başa düşmürəm". Yəni Simonyan demək istəyib ki, Rusiyanın iştirak etdiyi format Ermənistanın maraqlarına cavab vermir". Politoloq hesab edir ki, buna baxmayaraq, İrəvan istəsə belə Tiflis kimi bu formatdan imtina etməyəcək: “Çünki bu İrəvanın açıq-aşkar qonşu dövlətlər olan Rusiya, Türkiyə və İranın Cənubi Qafqazda təhlükəsizlik sistemində yer almasının əleyhinə mövqe kimi qiymətləndiriləcək. İrəvan belə riskə getməyəcək”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ