Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin növbəti iclası keçirilir.
Musavat.com xəbər verir ki, spiker Sahibə Qafarova son günlər xarici ölkələrə həyata keçirilən səfərlərlə bağlı qısa məlumat verdikdən sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçilib.
İlk olaraq Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun illik məlumatı müzakirəyə çıxarılıb. Məlumatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edib.
General-leytenant bildirib ki, insan alverinin beynəlxalq təhlükəsizliyə ciddi təhdid olaraq qalması, dünyаnın bir sıra regionlarında bаş vеrən silаhlı münаqişələrin cоğrаfiyаsının genişlənməsi, ucuz işçi qüvvəsinə оlаn tələbаtın аrtmаsı və s. amillər nəzərə alınaraq – bu sahədə kriminogen durum 2023-cü ildə də nəzarətdə saxlanılmış, profilaktik iş, cinayət təqibi, qurbanların müdafiəsi, beynəlxalq əməkdaşlıq, bütövlükdə şəxsiyyətin və cəmiyyətin qanuni mənafelərinin həmin hüquqazidd əməllərdən qorunması Milli Fəaliyyət Planına uyğun davam edib.
Milli koordinator bildirib ki, bir sıra qanunlarda da dəyişiklik edilərək cinsi toxunulmazlıq və cinsi azadlıq əleyhinə olan cinayətlərin (zorlama, seksual xarakterli zorakılıq hərəkətləri) yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi ağırlaşdırıcı hal kimi müəyyən edilmiş, uşaqların cinsi istismarı ilə bağlı cinayətlərə görə cəzalar sərtləşdirilib.
Həmin əməllərdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuşlar isə – məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil edilib:
“Valideyninin yaxud digər qanuni nümayəndəsinin müşayiəti olmadan xarici ölkədə aşkar edilmiş çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayanların repatriasiyası və reabilitasiyası qaydalarını müəyyən edən fərman imzalanmış, eləcə də Nazirlər Kabineti tərəfindən uşaqların təhsilə, sosial, tibbi və psixoloji xidmətlərə əlçatanlığının təmin edilməsi sahəsində aidiyyəti dövlət orqanlarının vəzifələrini müəyyənləşdirən qərar qəbul olunub”.
Məlumatda vurğulanıb ki, Milli Fəaliyyət Planının icrası çərçivəsində erkən nikahların qabaqlanması işi də nəzarətdə saxlanılaraq 293 evliliyin qarşısı alınıb:
“Hesabat ilində “Mobil notariat” tətbiqi üzərindən həm ölkə daxilində, həm də xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına doğumun və ölümün elektron qeydiyyatı, ailə vəziyyəti və ailə üzvləri haqqında arayışları onlayn əldə etmək imkanı yaradılıb. Həmçinin səhiyyə müəssisələrində həyata keçirən qeydiyyat şöbələrinin sayı artırılaraq ümumilikdə 4.746-ya yüksəlmiş, o cümlədən əvvəlki illərdə doğumu rəsmiləşdirilməmiş 427 uşağın qeydiyyatı təmin edilib. Bundan əlavə, 10 gəncin mənzillə təmin edilməsi haqda vəsatət qaldırılıb və hazırda müvafiq məsələyə baxılır. Dövlət Əmək Müfəttişliyi Xidmətinin keçirdiyi yoxlamalar zamanı 512 (+143) şəxsin əmək müqaviləsi olmadan işləməsi, bir işçinin əmək funksiyasına aid olmayan işi (xidməti) yerinə yetirməyə məcbur edilməsi, habelə 15 yaşına çatmamış şəxsin işə cəlb olunması ilə bağlı 2 fakt müəyyən edilərək təqsirkarlar barədə qanunvericiliyə uyğun tənbeh tədbirləri görülüb".
S.Əzimov bildirib ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanmış 3 məcburi əmək faktı əsasında 2 cinayət işi başlanılıb və aparılmış araşdırmalarla həmin hüquqazidd əməllərdən zərər çəkmiş şəxslərin ölkə daxilində kənd təsərrüfatı sektorunda istismara məruz qalması məlum olub:
“Müvafiq istiqamətdə davam etdirilən tədbirlərlə 8 miqrasiya kanalı da müəyyən olunaraq 154 şəxs saxlanılmış və barələrində inzibati qaydada ölkə ərazisindən çıxarılma tətbiq edilib. Polis tərəfindən keçirilən reydlər zamanı isə küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 342 azyaşlı müəyyən olunaraq onları hüquqazidd əməllərə təhrik edən 345 valideyn haqqında qanunauyğun tədbirlər görülmüş, uşaqlara müvafiq qayğı və yardım göstərilməsi, sosial problemlərinin həlli məqsədilə icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq strukturlarına 504 material göndərilib. Onu da qeyd edim ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 159 (+2) insan alveri və insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 44 (sabit) cinayət aşkarlanıb. Həmin faktlar üzrə 16 (+2) cinayət işi başlanılaraq 18 şəxs (+2, 15-i qadın, 3-ü kişi) təqsirləndirilən qismində cəlb edilmiş, 11 (-2) cinayət işinin (3-ü ötən illərin) istintaqı tamamlanıb 14 nəfər (-1, 11-i qadın, 3-ü kişi) məhkəmə məsuliyyətinə verilmiş, insan alverçilərinin 10-u (-2) haqqında ittihamedici hökmlər çıxarılıb. Hesabat ilində 17-i (sabit) insan alveri, 4-ü (sabit) ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə 21 (-2) təqsirləndirilən şəxs yerli axtarışda olmuş, onlardan 9 (sabit) nəfəri saxlanılaraq cinayət təqibi orqanına təqdim edilib. Hazırda İnterpol kanalları ilə beynəlxalq axtarışa elan olunmuş 12 (+1) təqsirləndirilən şəxsin ölkəmizə ekstradisiyası üçün tədbirlər görülür”.
E.Paşasoy,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ