Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni sədri vəzifəsinə Sahib Məmmədov seçilib.
Bəs, Sahib Məmmədov kimdir?
Sahib Məmmədovun bioqrafiyasını təqdim edirik:
Sahib Məmmədov 1978-ci ildə anadan olub.
2000-ci ildə Kiyev Dövlət Universitetinin "Beynəlxalq hüquq" fakültəsini bitirərək bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirib.
Sahib Məmmədov BMT-nin Proqramların və layihələrin idarəolunmasının əsasları (Azərbaycan), Asiya İnkişaf Bankının İnvestisiyalar (Laos), UNİDO-nun "Qida məhsullarının qablaşdırılması və onun davamlılığının izlənməsi" (Türkiyə), Avropa İttifaqı Tasis layihəsi çərçivəsində "Regional iqtisadi inkişafın dəstəklənməsi" üzrə kursları (İrlandiya), Harvard Biznes Məktəbininin "Menecerlər üçün iqtisadiyyat" Sertifikat Proqramını bitirib.
Əmək fəaliyyətinə 2001-ci ildə Belçika Krallığında Avropa Məsləhətçilər Təşkilatında (ECO) Avropa İttifaqı TACIS layihəsi üzrə ekspert köməkçisi kimi başlayıb.
2002-ci ildə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) Azərbaycan nümayəndəliyində miqrasiya məsələləri üzrə, Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq sazişinin icrası üzrə Azərbaycanda Avropa İttifaqı TACİS layihəsində ekspert işləyib.
2003–2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək Ofisində "Europe House", BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycan nümayəndəliyində informasiya üzrə məsul şəxs vəzifələrində işləyib.
O, 2004–2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və Davamlı inkişaf və regional siyasət şöbəsinin müdiri vəzifələrində işləyib.
2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Daha sonra isə Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2012-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə”, 2018-ci ildə "Tərəqqi" medalları ilə təltif olunub.
Ailəlidir, 2 övladı var./Lent.az/
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ