İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərsəng nəzarətimizdə - rayonlarımız susuzluqdan qurtuldumu...

Ekspertlərə görə, bundan sonra rayonların su problemi və kənd təsərrüfatına dəyən zərər aradan qalxacaq

Sərsəng su anbarının bölgə üçün strateji əhəmiyyəti böyükdür. Bu barədə mediaya açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin baş məsləhətçisi Sarvan Ağayev deyib. O bildirib ki, su anbarının Azərbaycan nəzarətinə keçməsi bir çox ərazilərinin suvarma suyu ilə təminatında böyük rol oynayacaq.

“Sərsəng su anbarında toplanan su axıb Suqovuşan su anbarında toplanır. Bu su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq. Anbarın əkin sahələrinin suvarılması üçün böyük əhəmiyyəti var. Bu da Qarabağın iqtisadiyyatının inkişafına müsbət təsirini göstərəcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir. Sərsəng su anbarı Qarabağın ən böyük su anbarıdır. Su anbarından təkcə suvarma üçün deyil, elektrik enerjisinin alınması üçün də istifadə edilir. Hazırda su anbarının üzərində 50 meqavatlıq gücündə su elektrik stansiyası var. Oradakı su elektrik stansiyalarında işğalda olduğu dövrdə təmir-bərpa işləri görülməyib, texniki qurğular baxımsızlıqla üzləşib. Yəqin ki, Suqovuşan su anbarında gördüyümüz işləri Sərsəng su anbarında da görəcəyik", - deyə o qeyd edib.

Qeyd etmək yerinə deşər ki, Qarabağ iqtisadi rayonunda yerləşən və 47 ildir ki, istismar edilən Sərsəng su anbarı qəzalı vəziyyətdədir. 30 il erməni işğalında olan anbara heç bir texniki baxış keçirilməyib, hidrotexniki qurğular yenilənməyib, bəndlər bərkidilməyib. Bu səbəbdən Sərsəng su anbarında həm texniki, həm də ekoloji problemlər getdikcə artır. Sərsəng su anbarı Qarabağda əsas elektrik enerjisi mənbəyidir.

Yeri gəlmişkən, mühüm strateji əhəmiyyətə malik olan Sərsəng su anbarı Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. 1976-cı ildə ümummilli lider Heydər Əliyev su anbarının açılışında şəxsən iştirak edib. Azərbaycanın ölkə daxilində yaranan ən bolsulu çaylarından biri olan Tərtərçayın üzərində yerləşən Sərsəng su anbarının ümumi həcmi 560 milyon kubmetrdir. Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsi olan Sərsəng su anbarı vasitəsilə 96 000 hektar ərazi (Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy) suvarılır. Su anbarı bəndində ümumi gücü 50 mVt olan su elektrik stansiyası tikilib.

Onu da bildirək ki, Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı bugünlərdə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Su Ehtiyatları Agentliyi birgə bəyanat yayıblar. Bəyanatda bildirilib ki, qəza vəziyyətində olan su anbarı aşağı hissədə yerləşən yaşayış məntəqələri, təsərrüfatlar və infrastruktur obyektləri üçün ciddi təhlükələr yaradır. Bununla əlaqədar, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş 2016-cı il 26 yanvar tarixli 2085 nömrəli Qətnamədə Ermənistanın hərəkətləri Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlərin yaradılmasına yönəlmiş ekoloji təcavüz kimi qiymətləndirilib.

Xəzər suyu içəcəyik, özü də ucuz başa gələcək..." - Rövşən Abbasov -  Turkustan.az

 Rövşən Abbasov 

Ekoloq-hidroloq Rövşən Abbasov da mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Sərsəng su anbarının tikintisindən sonra 120 min hektardan çox ərazi suvarılmaya başlayıb: “Lakin işğal illərində ermənilər su anbarını yaxşı idarə etmirdilər. Onlar yay aylarında aşağıya doğru heç bir su buraxmırdılar. Nəticədə Bərdə və Tərtər rayonlarında kəskin su çatışmazlığı baş verirdi. Suyu isə əksinə, qış aylarında buraxırdılar. Sərsəng su anbarı üzərində çox böyük su elektrik stansiyası var, gücü 50 mVt-dan çoxdur. Suyun qışda buraxılmasının əsas səbəbi odur ki, Azərbaycan tərəfinə təzyiq edirdilər, elektrik enerjisi alırdılar. Lakin su anbarı xilas olduqdan sonra Azərbaycanın su təsərrüfat sisteminə inteqrasiya olunacaq. Bunun nəticəsində su anbarının idarə olunmasında əvvəllər yaranmış boşluqlar doldurulacaq. Bərdə, Tərtər rayonlarının su ilə təminatına çox xeyir verəcək. Bu, təkcə Bərdə və Tərtərin yox, digər rayonlarımızın su təminatına da öz töhfəsini verəcək. Çünki Qarabağ kanalına və digər su mənbələrinə olan təsirlər azalacaq. İşğal illərində Sərsəng su anbarından gələn suyu kompensasiya etmək üçün Bərdə rayonunda çoxlu subartezian quyuları tikilmişdi. Subartezian quyuları elektrik enerjisi ilə işləyirdi. Çoxlu əlavə məsrəflər tələb edirdi. Artıq bu məsrəflər olmayacaq. Subartezian quyularına ehtiyac qalmayacaq. Əvvəlki kimi yenə də Bərdə Tərtər digər rayonlar su ilə təmin olunacaq.  Eyni zamanda Bərdə rayonunda Qarabağ kanalında suyun miqdarı azalacaq. Beləliklə, Ağcabədi, Beyləqan və İmişli rayonlarına şirin su artacaq”.

c91ef79c-d2bd-436c-8f54-9978d600bafc.jpeg (96 KB)

Bəhruz Nəzərov

Kənd təsərrüfatı və aqrar məsələlər üzrə mütəxəssis Bəhruz Nəzərov  “Yeni Müsavat”a dedi ki, Sərsəng su anbarının bizim nəzarətimizdə olması dövlətimiz üçün böyük uğurdur: “Allah şəhidlərimizə rəhmət eləsin, Ali Baş Komandanımızı qorusun, bu uğurlara görə onlara borcluyuq. Sərsəng su anbarı həqiqətən də 5-6 rayonu suvarma suyu ilə təmin edə biləcək potensiala malikdir. Tam olaraq təmin etməsə də, həqiqətən də vəziyyətdən çıxara bilər. Anbarın suyundan istifadə edə biləcək sahələrdən danışsaq, təqribən 90-100 min hektarlarla ərazilərdən söhbət gedir. Yəni bu əraziləri təmin edə biləcək güclü anbardır. Yəqin ki, orada kanallar bərpa olunacaq, sıradan çıxan kanallar yenilənəcək. Bundan sonra onun faydasını fermerlər, kənd təsərrüfatı ilə məşğul olan mülkiyyətçilər görəcək. Ötən illərdə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlər, hansılar ki, dənli bitkilərin əkini ilə məşğul olurlar, ciddi şəkildə susuzluqdan əziyyət çəkdilər. Təbii ki, ümid ancaq yağıntılara idi, yağıntılar da vaxtında yəni, bitkinin vegetasiya dövrünün suvarmaya ehtiyac olan anında olmadı, gecikdi. Gecikmiş yağıntının olmasının da heç bir əhəmiyyəti qalmadı, çünki artıq bitki tam və ya qismən məhv olmuşdu. Bu da təbii ki, məhsuldarlığa öz mənfi təsirini göstərdi. Sərsəng su anbarının nəzarətimizə keçməsi ilə, o sudan istifadə etməklə işğaldan azad olunmuş ərazilərdə, eləcə də digər ərazilərdə dənli bitkilərin əkinində suya olan tələbatın nə qədər təmin olunduğunun şahidi olacağıq. Dənli bitkilərdə (buğda, arpa) vegetasiya dövründə əkin sahələrində dörd suvarma aparılır. Onlardan biri bitiş (torpaq) suyu, üçü vegetasiya suvarmasıdır.  Vaxtında suvarılmanın aparılması çox vacibdir, amma elə təsərrüfatlar olur ki, su ehtiyacı yarananda, bitki su istəyəndə tapıb suvarılmanı həyata keçirə bilmir və ya vegetasiya dövrü ərzində cəmi 1-2 su verə bilir, yaxud da heç su verə bilmir. Bu da birbaşa məhsuldarlığa təsir edir. Təbii ki, məhsuldarlığın və keyfiyyətin yüksəldilməsində bu amillərin önəmi var. Çünki susuzluqdan əziyyət çəkən bitkilərdən toplanan dənlər də o qədər də keyfiyyətli olmur. Ona görə də dənli bitkilər üçün suyun bol olması çox əhəmiyyətlidir"

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR