Onlayn ictimai-siyasi qəzet
“Şərq” qəzetinin baş redaktoru, istiqlal tariximizin yorulmaz tədqiqatçılarından biri Akif Aşırlı rəhbərlik etdiyi qəzetin redaksiyasında çox gözəl bir muzey yaradıb. Səsini, sorağını çoxdan eşitsək də, bu günlərdə yolumuzu “Azərbaycan” nəşriyyatının 7-ci qatındakı “Şərq”dən salıb, Akif Aşırlı ilə muzey-kabinetində görüşdük, həm də digər otaqları birgə ziyarət etdik.
Çoxsaylı qiymətli eksponatlarla zənginləşdirilmiş muzeydə Azərbaycanın mətbuat tarixinin müxtəlif dövlərinə aid orijinal nüsxədə sənədlər toplanıb. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin iki kitabı da orijinal eksponatlar sırasındadır.
Həmçinin 1934-cü ildə Almaniyada dərc etdirdiyi “İstiqlal” qəzetinin nüsxəsi də burada saxlanılır. Bundan əlavə, Ceyhun bəy Hacıbəyli kimi çoxsaylı Azərbaycan-Türk sevdalı ziyalıların dərc etdirdiyi mətbu orqanlar, məqalələr muzeydə toplanıb. Həsən bəy Zərdabi ilə bağlı olan ilk kitab, 1911-ci ildə nəşr olunan “İşıq” qəzeti - qadın mətbuatının ilk nümunəsi – həmçinin Azərbaycanın ilk qadın publisisti Şəfiqə xanım Əfndizadəyə məxsus əşyalar, yazılar saxlanılır. Həmçinin “Molla Nəsrəddin” jurnalının, “Fyüzat”ın, “Açıq söz”ün nüsxələri buradadır. 134 yaşlı “Ziya” qəzeti də muzeyin qiymətli nümunələrindəndir.
“Əkinçi” qəzetinin kətan üzərində olan ilk sayı, Cümhuriyyət dövrünün mətbuat nümunələri və s. çoxsaylı eksponatlar toplanıb. 31 mart 1918-ci il soyqırımı ilə bağlı çox nadir material da Azərbaycan sevdalı insanlardan biri tərəfindən xaricdən alınaraq muzeyə hədiyyə edilib.
Akif Aşırlı Musavat.com-a bildirdi ki, dövlət qurumlarından istəyərlərsə, bu materalları təqdim edə bilər.
Təəssüf ki, 250-yə yaxın eksponatın olduğu məkan darısqaldır və əlavə materialların sərgilənməsi üçün şərait yoxdur. Hətta bəzi eksponatlar 3D formatında təqdim olunur. Ziyarətçi sarıdan isə “Şərq”çilər korluq çəkmirlər. Türkiyədən, Orta Asiyadan alimlər, ziyalılar Bakıya gələndə muzeyi ziyarət edirlər. Həmçinin tələbələrin buradakı kitabları oxuması üçün şərait yaradılıb.
Hörmətli Akif Aşırlı ilə videosöhbəti oxucularımıza təqdim edirik, dəyərli tamaşaçılarımız da virtual şəkildə muzeyin səyahətində olsunlar. Amma imkan bu məkanı ziyarət etməyə dəyər... Burada eksponatlar danışır...
Elşad Paşasoy,
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ