Onlayn ictimai-siyasi qəzet
Yay fəslinin ortasında olsaq da, ölkədə hələ də mövsümə uyğun olmayan küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. İyul ayının ilk ongünlüyündə havada payız ab-havasını xatırladan sərinlik hiss edilir. Halbuki əvvəlki illərdə bu dövrlərdə 30 dərəcəni keçən isti günlər adi hal sayılırdı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Musavat.com-a açıqlamasında bildirib ki, şimal axınlarının təsiri ilə ölkə ərazisində sərin və mülayim hava hökm sürür. Onun sözlərinə görə, iyulun ilk ongünlüyünün sonunadək əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağışları və dolu müşahidə oluna bilər.
Lakin həftənin ikinci yarısından başlayaraq hava şəraitində dəyişiklik gözlənilir. Cənub axınlarının təsiri ilə temperaturun yüksələcəyi, bəzi bölgələrdə istilərin normanı da keçəcəyi ehtimal edilir. Proqnozlara əsasən, Aran rayonlarında maksimal temperatur 37-39, Bakıda və Abşeron yarımadasında 37, dağətəyi rayonlarda 35, dağlıq ərazilərdə isə 28 dərəcəyədək isti olacaq. G. Məmmədova bu dəyişiklikləri qlobal iqlim dəyişikliklərinin regional əks-sədası kimi qiymətləndirib.
Bəs bu gözlənilməz sərin hava şəraiti kənd təsərrüfatına necə təsir edir? Məhsuldarlıqda azalma müşahidə oluna bilərmi?
Aqrar sahə üzrə ekspert Rəcəb Orucov Musavat.com-a açıqlamasında bildirib ki, aran bölgəsindəki əksər bitkilər üçün sərin hava əlverişli sayılır:
“Pambıq istisna olmaqla, digər əkinlər üçün bu iqlim mühiti xeyirlidir. Amma nəzərə almaq lazımdır ki, ölkədə 100 min hektara yaxın pambıq sahəsi var və bu bitkinin inkişafı üçün uzunmüddətli günəşli günlər vacibdir”.
Ekspert əlavə edib ki, gecə və gündüz temperaturları arasında 18-20 dərəcə fərq olması kənd təsərrüfatı bitkilərinin inkişafına müsbət təsir göstərir. Bu da göstərir ki, havanın sərin keçməsi müxtəlif məhsullara fərqli təsir edir — bəzi bitkilər üçün faydalı olsa da, digərləri üçün əlverişsizdir.
Rəcəb Orucov hava şəraitinin meyvə qiymətlərinə təsirindən də danışıb:
“Respublika üzrə meyvə bazarının əsas tələbatı şimal bölgələrində yetişdirilən məhsullar hesabına ödənilir. Bu il gilas məhsulları bazarda yüksək qiymətlə satılıb. Əriklə bağlı isə vəziyyət fərqlidir. Yerli ərik istehsalı bazarın ümumi tələbatını qarşılamır. Ərik çeşidləri məhduddur və bu da qiymət artımına səbəb olur. İstehsalın aktiv fazası başa çatdıqdan sonra bazarda qiymətlər daha da artır.Yəni, qiymət artımı yalnız hava ilə deyil, eyni zamanda məhsulun bazardakı mövcudluğu və müxtəlifliyi ilə də birbaşa bağlıdır”.
Şahanə Rəhimli
Musavat.com
11 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ