Onlayn ictimai-siyasi qəzet
Belə görünür ki, Ermənistan havadarlarından aldığı təlimatlar əsasında sülhün əldə olunmasını əngəlləyən fəaliyyətindən əl çəkmək istəmir. Nikol Paşinyan Estoniyada iki günlük səfərdə olduğu zaman Ermənistan ordusu növbəti dəfə şərti sərhədlərdə sükutu pozaraq növbəti təxribata əl atdı.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 28-i saat 00:25-də Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, - rəsmi məlumatda bildirilir.
Şübhə yoxdur ki, düşmənin son təxribatından sonra yenə də Ermənistan mətbuatı hansısa evin pəncərə və ya divarındakı dəliyi göstərib, Azərbaycan tərəfdən guya atəş açıldığı barədə saxta iddiaları tirajlayacaq. Bu da faktdır ki, bir çox hallarda erməni ordusu yaşayış məntəqələrinin arxasında mövqe qurur, Azərbaycanın mülki obyektləri heç zaman hədəfə almadığını bildiyi üçün. Amma düşmən hərbçilər ölkəmizə təhdid yaradırsa, atəş nöqtələrini məhv etmək hüququmuz var, sadəcə, hələlik ordu rəhbərliyi baş verənlərə təmkinlə yanaşır.
Ermənistanın baş naziri Nikol Paşinyan sülh bəyanatlarını davam etdirsə də, həm silahlanma sürətlə davam etdirilir, həm də şərti sərhədlər boyunca təxribatlar intensiv şəkildə davam edir. Hər şey ondan başladı ki, Paşinyan Azərbaycanla sülh müqaviləsinin 17 bəndinin razılaşdırıldığını söylədi və imzalanma üçün problemin olmadığını dedi. Bundan sonra şərti sərhədlərdə davamlı təxribatlara da start verildi. Baş verənlərin Paşinyanın iradəsindən kənarda olduğunu söyləmək mümkün deyil, çünki Naxçıvan bölgəsi istiqamətində və digər bölgələrdə də Ermənistan ordusunun şəxsi heyətinin sayı artırıldı, həmçinin hərbi texnika, artilleriya qurğuları çoxaldıldı. Paralel qaydada Avropa İttifaqının (Aİ) missiyası - casus şəbəkəsi də xeyli aktivləşdiyi, gecə növbətçiliyinə də keçdiyi halda, təxribatlar haqda susur. İstisna deyil ki, elə təxribatların planı Azərbaycanla şərti sərhədlərin “beş addımlığına” qədər gəlib, binoklla ərazilərimizə baxan Aİ kəşfiyyatçıları tərəfindən hazırlanıb. Ermənistan nə sülh şərtlərini sonadək icra edir, nə Zəngəzur dəhlizini açır, nə də təxribatlara son qoyur. Amma vəziyyət bu cür davam edə bilməz. Ermənistanda faktiki olaraq səfərbərlik elan olunub və hər an daha ciddi təxribatlar törədilə bilər. Azərbaycan bu təxribatlara necə reaksiya verməlidir? Son xəbərdarlıq etmək və ardınca şərti sərhədlər boyunca legitim hədəflərə zərbə endirilməsi mümkündürmü?
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan-Ermənistan şərti sərhədində atəşkəsin intensiv pozulması mediada qarşı tərəfin “bliskriq”ə hazırlaşdığı haqda xəbərlərin yer almasından sonra baş verdi: “Belə bir avantüranın onlara necə baha başa gələcəyini bildikləri halda, Ermənistan rəhbərliyinin buna gedəcəyi ilk baxışda elə də ağlabatan görünmür. Ancaq məsələ burasındadır ki, Ermənistanın necə hərəkət etməli olduğunu hazırda rəsmi İrəvanın özündən çox Brüsseldə, Parisdə və digər yerlərdəki "havadarları" müəyyənləşdirir. Yerləşdikləri ölkənin qanunlarının Avropa Birliyinin casus missiyasına şamil edilməməsi, orada quru və hətta havada tam hərəkət sərbəstlikləri və onlar üçün tanınan digər üstünlüklər belə bir təəssürat formalaşdırır ki, sanki bu missiya 18-19-cu əsrlərdə Afrikaya göndərilən hərbi ekspedisiyadır, Ermənistan isə müstəmləkə. Həmin missiya Ermənistanda peyda olandan hərbi infrastrukturun əsaslı şəkildə yenilənməsi, hətta bu regionda qarşıdurmanın aradan qaldırılmasında qətiyyən maraqlı olmayan Fransanın xarici işlər nazirinin belə ötən günlərdə onların orada yeni istehkamlar yaratdıqlarını etiraf etməsi onu göstərir ki, şərti sərhəddəki gərginliyin arxasında, cənab Prezidentin təbirincə desək, qonşularımızın yeni bossları dayana bilər". S.Alıyevin fikrincə, məqsəd bölgədə casus missiyasını hərbi kontingentlə əvəz etmək, Zəngəzur dəhlizinin üçtərəfli bəyanatda göstərildiyi rejimdə fəaliyyət göstərməsinin qarşısını almaq üçün onları orada yerləşdirməkdir: “Yenə həmin Fransanın xarici işlər naziri Barronun Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasının Avropa Birliyinin missiyasının genişləndirilməsini tələb etdiyi haqda açıqlaması da bir növ bunu təsdiqləyir. Beləliklə, mən bu fikirdəyəm ki, şərti sərhəddə atəşkəsin intensiv şəkildə pozulması guya məqsədləri bunun qarşısını almaq olanların əgər əmrləri ilə deyilsə, razılıqları ilə baş verir. Bu təxribatlar sərhədboyu yaşayış məntəqələrimiz və hərbçilərimiz üçün daha təhlükəli xarakter alarsa, təbii ki, təhdid mənbələri əvvəllər olduğu kimi zərərsizləşdiriləcək və buna heç kimin şübhəsi olmamalıdır”.
Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov da təxribatları təsadüfi hesab etmir: “Günlərdir ki, Ermənistan tərəfindən Azərbaycanla sərhəddə atəşkəs rejiminin mütəmadi pozulduğunun şahidi oluruq. Biz də verdiyimiz proqnozlarda Ermənistanın bu tip təxribatlarının növbəti genişçaplı provokasiyalarla nəticələnmə ehtimallarından bəhs edirdik. Əlində danışıqlar üçün heç bir imkan qalmadığının fərqinə varan rəsmi İrəvan cəbhə bölgəsində təxribatlar yaradaraq dünyada Azərbaycanla Ermənistan arasında problemin bitməməsi ilə bağlı bir görüntü yaratmağa çalışır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, "Dəmir yumruq" hələ də yerindədir. Ermənistan provokasiyalara davam edəcəyi təqdirdə, Azərbaycan tərəfindən öz layiqli cəzasını alacaq". Ekspert əmindir ki, Ermənistan siyasi qərar qəbul etmək iqtidarında deyil: “Rəsmi İrəvanla hansısa formada danışmaq da mümkün olmur. Ermənistan əlindən gələni edir ki, regionu və bölgəni şantaj etsin və gərginlik yaratsın. Bu hadisələrin nəticəsində məğlub olan tərəf Ermənistan özü olacaq. Onsuz da bizim ölkəmiz qalib ölkədir, torpaqlarımızı işğaldan azad etmişik. Ermənistan yalnız məğlubiyyətə uğramayıb, həm də ölkənin iqtisadi- siyasi sistemi çökmüş vəziyyətə gəlib. Demək olar ki, Ermənistanda iflic vəziyyətinə düşən iqtisadi münasibətlər sistemi süqut ərəfəsinə gəlib çatıb. Ona görə də atəşkəsin pozulması və bundan sonra baş verəcək atəşkəs pozulmaları birbaşa Ermənistan dövlətinin daha da dalana dirənməsi ilə nəticələnəcək. Ermənistan siyasi iqtidarı ölkədə baş alan özbaşınalıqlar fonunda siyasi savadsızlığın acı nəticələri ilə üzləşib. Ölkənin xarici siyasət kursunda sabit xətt yoxdur. Bütün dövlət aparatı və idarəetmə institutları iflic vəziyyətdədir. Bu qədər səbatsızlıqlar fonunda baş nazir Nikol Paşinyan və onun bacarıqsız komandası indi çətin sınaqlar qarşısındadır. Azərbaycan və Türkiyə ilə dürüst siyasət apararaq əlaqələri normallaşdırmaqdan başqa Ermənistanın heç bir qurtuluş şansı yoxdur"".
T.İsmayılov digər məqamlara da diqqət çəkdi: “Eyni zamanda revanşist qüvvələrin daxildə Paşinyan komandasına təzyiqləri və Rusiya siyasi elitası ilə Ermənistan hakimiyyəti arasında çatların dərinləşməsi Ermənistan hakimiyyətinin çıxılmaz vəziyyətdə qalmasını şərtləndirir. Paşinyan hakimiyyətə gəlməzdən əvvəl verdiyi vədlərin heç birini gerçəkləşdirə bilmir. Əksinə, Ermənistanın iqtisadi vəziyyəti hər gün daha çox neqativ çalarlarla zənginləşir. Belə olan təqdirdə Gümrüdəki Rusiya hərbi bazası, İranın Qafandakı konsulluğu da daxil olmaqla, teokratik İran casusları, bütün Ermənistan ərazisinə yayılan sorosçu imperialist agentura şəbəkələri Ermənistandan nələrsə qoparmaq üçün təsirlərini artırmağa cəhd edirlər. Ermənistan əraziləri hakim komanda tərəfindən xarici təsisatlara və ölkələrə peşkəş edilir. Nəticə isə göz qabağındadır. Regionda xaosda maraqlı olan qüvvələr basqılarını daha da radikallaşdırırlar. Bizim bu təxribatlara sonsuza qədər dözmək fikrimiz yoxdur”.
E.PAŞASOY,
“Yeni Müsavat”
ŞƏRHLƏRŞƏRH YAZ