İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sərhəd revizorları”nın vaxtı bitir... - İrəvan Aİ müşahidəçilərinin qalmasında israr edir

İki həftə sonra Avropa İttifaqının mülki missiyası Ermənistanın Azərbaycanla sərhədini tərk etməlidir, ekspert: “Görünən budur ki, Ermənistan istəyinə müvəffəq olacaq”

Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki monitorinq missiyasının işini genişləndirməyə və vaxtını uzatmağa ümid edir. “Yeni Müsavat”ın xəbərinə görə, bunu ötən həftəsonu parlamentdə keçirdiyi brifinqdə Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan bildirib.

Oktyabrın 17-də Aİ xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə Azərbaycanla sərhəddə Ermənistana 40 müşahidəçinin göndərilməsini rəsmən təsdiqləmişdilər. Bu qərar sentyabrın ortalarında regionda baş verən genişmiqyaslı eskalasiyadan sonra qəbul edilib. Avropalı müşahidəçilər Ermənistana gəlib və oktyabrın 20-də fəaliyyətə başlayıblar.

Missiya iki ay üçün nəzərdə tutulub. İlk müşahidəçi-ekspertlər oktyabrın 20-də fəaliyyətə başlayıblar. Missiyanın mandatına iki ölkə arasında etimadın möhkəmləndirilməsini dəstəkləmək və dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə iki ölkənin dövlət komissiyasına Aİ-nin daha əsaslı dəstəyini təmin etmək üçün Ermənistan və Azərbaycan arasında sərhədə yaxın rayonlarda vəziyyətin monitorinqi daxildir. Qrup iki ay müddətinə yerləşdiriləcək maksimum 40 Avropa İttifaqı mülki müşahidəçi-ekspertindən ibarətdir. Bundan əlavə, Aİ-nin Ermənistana göndərdiyi cəmi 40 müşahidəçinin bütün Ermənistan-Azərbaycan təmas zonasını necə lazımi şəkildə izləyəcəyi sualı yaranır. Sərhəd xətti kifayət qədər uzundur və Ermənistan istənilən yerdən təxribatlar törədir.

Beləliklə, Aİ missiyasının real məqsədləri ilə bağlı çoxlu şübhələr yaranır. Bugünlərdə isə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan özünün “Twitter” mikrobloqunda bəyan edib ki, Aİ monitorinq missiyası Azərbaycanın guya “Ermənistanın suveren ərazisinə gündəlik hücumlarını” sənədləşdirib. Manukyanın açıqlaması da onu göstərir ki, Ermənistan Aİ “revizorlarının” İrəvanın maraqlarına cavab verən hesabat hazırlayacaqlarına arxayındır. Ermənistan ilkin periodda missiyadakı müşahidəçilərin sayını 10 dəfə artırmaq istəyirdi. Azərbaycan tərəfinin təkidli təzyiqindən sonra bundan imtina edildi. Bəs o halda Ermənistan Avropadan gələn müşahidə missiyasının ömrünü uzatmaqda niyə bu qədər maraqlıdır? Buna nail olacaqmı?

Yeri gəlmişkən, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclası zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko avropalı müşahidəçilərin Ermənistan sərhədində olmasına qəzəblənmişdi: “Başa düşmürəm, bəlkə kimsə izah edəcək ki, niyə burada vasitəçiliklə məşğul olan Rusiyadan başqa, Avropa İttifaqı və ATƏT də var? Bizim aramızda, müttəfiqlər arasında münasibətlərə daha da təsir etmək üçün? Tarixdə həmişə belə olub. Biz bilirik ki, bu cür "vasitəçilik" nəyə gətirib çıxarır. Onlara regionumuzda sabitlik və əmin-amanlıq lazım deyil, onların idarə etdikləri dağıntılar lazımdır".

Sosial Tədqiqatlar Mərkəzinin sözçüsü, siyasi ekspert Əziz Əlibəyli “Yeni Müsavat”a qeyd etdi ki, Aİ-nin mülki missiyası Bakının razılığı ilə bölgəyə gəlməyib. Onun fikrincə, bu qərar Avropadakı görüşlərin nəticəsi idi və Prezident reallıqları bildiyi üçün missiyanın fəaliyyətindən imtina etdi. “Amma Ermənistanın istəyi ilə onlar sərhədə gəldilər. Məqsəd Rusiyanın regionda təsirlərini zəiflətməkdir. Ona görə müddəti uzatmaq niyyət güdülür. Proses buna getməkdədir. Faktiki olaraq Avropa İttifaqı vasitəsilə Ermənistan bir mexanizm tapa bilib. Ukraynada Rusiyanın sərf etdiyi enerjiyə görə bunu bir fürsət hesab edirlər. Görünən budur ki, Ermənistan mülki missiyanın fəaliyyətinin müddətini uzatmağa müvəffəq olacaq”.

Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə ekstradisiya edilən  terrorçu görünmür” – MÜSAHİBƏ | DEFAKTO.AZ

 Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova isə deyir ki, mülki missiya gəldiyi vaxtdan heç bir nəticə yoxdur: “Hər gün demək olar ki, erməni tərəfi sərhəddə atəşkəsi pozur. Müdafiə Nazirliyimiz elə gün yoxdur ki, Kəlbəcərin, Tovuzun, Daşkəsənin atəşə tutulduğu xəbərini yaymasın. Hətta mülki missiya orada olduğu dövrdə Ermənistanın dinc dayanacağını gözləyirdik, bu da olmadı. O zaman hesabat hazırlanırsa, erməni təxribatlarının sayı düzgün hesablanıb beynəlxalq ictimaiyyətə açıqlanmalıdır. Biz buna, açığı, ümid etmirik, sadəcə, ədalət naminə Avropa İttifaqının mülki missiyası obyektiv olmalıdır. Ona görə də müddəti uzatmağa nail olsalar belə, regionda vəziyyətin dəyişməsinə xidmət etməyəcək”.

Təhlilçi düşünür ki, Azərbaycan-Ermənistan sərhədində gərginlik yaşandığını və hər gün atəşkəsin pozulduğunu KTMT-nin baş katibi Stanislav Zas da İrəvan sammitində təsdiqləmişdi: “Eyni zamanda Qarabağda olan terrorçu ünsürlər də mövqelərimizi atəşə tutur. Əslində Ağdamdakı Monitorinq Mərkəzi də bir hesabat hazırlamalıdır. Əgər ermənilər dəvət etdikləri müşahidə qrupundan belə çəkinməyib sərhəddə ordu bölmələrimizi atəşə tuturlarsa, İrəvan ordumuzun onların ərazilərinə hücum etməsi haqda hansı faktlara söykənə bilər? Fikrimcə, mülki missiya özünü doğrultmadı və sadəcə, KTMT-yə alternativ atılan addım idi. Bölgədə sabitliyin pozulmasında maraqlı olan qüvvələr var və nəticə etibarı ilə Avropa İttifaqının vasitəçiliyi, onun mülki missiya şəklində təmsilçiliyi, ardınca gələcəkdə sərhədə hərbi missiya göndərmək arzuları sıfırın altındadır”.

Fuad Əliyev Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubuna  münasibət bildirib

Fuad Əliyev

ALDP sədri Fuad Əliyevin fikrincə, Aİ-nin missiyası uzadıla bilər. Partiya sədri hesab edir ki, indi Qərb bu məsələdə maraqlıdır: “Amma Azərbaycan əleyhinə hər hansı hesabat gözləmirəm. Əvvəla, Bakı Brüssellə münasibətləri yaxşılaşdırıb. İkincisi, Avropa Komissiyasının sədri Ursula von der Leyen Bakıda strateji qaz sazişi imzalayıb və Ukraynada müharibə gedən vaxtda Bakını narazı salmaq istəməzlər. Lakin ola bilsin ki, hansısa tövsiyə xarakterli sənəd yayılsın. Ermənistan çalışır ki, regionda Qərbin iştirakını bütün parametrlər üzrə təmin etsin. Paşinyanın KTMT-nin iclasında sənədi imzalamaqdan imtina etməsi də göstərir ki, İrəvan bu təşkilatın fəaliyyətindən şikayətçi olduğunu nümayiş etdirir və Avropa İttifaqının mülki missiyasının sərhəddə müşahidə aparmaq müddətini uzatmaq istəyir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR