İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sərhəd revizorları” Ermənistanı tərk edir

Ermənistan düşünürdü ki, Avropa İttifaqının missiyası İrəvanın perspektivdə Bakıya dil uzatmasına şərait yaradan vasitə kimi ona fayda gətirəcək

"Şərq tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunları üzrə keçirilən brifinqdə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borell bəyan edib ki, missiyanın işi əvvəldən göstərilən vaxtda başa çatacaq: “Ermənistan-Azərbaycan sərhədindəki Aİ missiyasının fəaliyyəti dekabrın 19-da başa çatacaq”.

Onun sözlərinə görə, oktyabrda yaradılmış missiya effektivliyini göstərib: “Lakin missiya həm Ermənistan, həm də Azərbaycanla razılaşmalara uyğun olaraq dekabrın 19-da öz işini başa çatdıracaq”.

Ermənistanın Avropa İttifaqından gözlədiyi ümidlər İttifaqın Azərbaycanla sərhəddəki “revizorların” orada qalma müddətini uzatmaq istəkləri alınmadı. Bakı Avropa İttifaqının Ermənistanın Azərbaycanla şərti sərhədinə müvəqqəti monitorinq qrupu göndərməsinə razılıq vermişdi, amma İrəvan onların daha çox qalmasını istəyirdilər. Ermənistan düşünürdü ki, Avropa İttifaqının Azərbaycanla sərhəddəki missiyası İrəvanın perspektivdə Bakıya dil uzatmasına şərait yaradan vasitə kimi ona fayda gətirəcək. Amma Borell ermənilərin istəklərini gözlərində qoydu. Avropa Birliyi niyə ermənilərin istəklərini rədd etdi, missiyanın bölgədə hazırlayacağı hesabat erməniləri nə dərəcədə məmnun edəcək?

Ermənistanın KTMT hikkəsi - İrəvandan “Rusiyaya təpik, Qərbə qucaq” mesajı

 Rəşad Bayramov 

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov Avropa Birliyinin hesabatının necə olacağı barədə tam şəkildə nikbin deyil: “Məlumdur ki, Aİ missiyasının Azərbaycan-Ermənistan şərti sərhədinə göndərilməsinə dövlət olaraq əvvəldən qarşı olmuşuq. Hələ oktyabr ayında bununla bağlı qərar veriləndə Azərbaycan həmin missiyanın bizim sərhəd daxilində monitorinq aparmasına razılıq vermədi və nəticədə adıçəkilən missiya yalnız Ermənistan ərazilərində monitorinq aparmaq məcburiyyətində qaldı.

Təbii ki, Ermənistan bu missiyanın davamlı olaraq fəaliyyət göstərməsində maraqlıdır. Çünki rəsmi İrəvan həmin missiyaya Azərbaycan əleyhinə təbliğat imkanları kimi baxır. Ermənistanın məqsədi Aİ-nin missiyası arxasında gizlənməklə təxribatlarını davam etdirmək və Azərbaycanın da bu təxribatlara cavabını guya ki, Ermənistana təcavüz kimi bütün dünyaya çatdırmaqdan ibarətdir. İndi Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borellin “Ermənistan-Azərbaycan sərhədindəki Aİ missiyasının fəaliyyəti dekabrın 19-da başa çatacaq” bəyanatı onu deməyə əsas verir ki, Avropa İttifaqı missiyanı davam etdirməkdə maraqlı deyil.

Amma bu qərarın Ermənistanı nə dərəcədə məyus edib-etməyəcəyini biz həmin missiyanın hesabatından sonra görəcəyik. Açığı deyim ki, missiyanın hesabatından Azərbaycan üçün müsbət bir şey gözləmirəm. Belə ki, missiyanın tərkibində əksəriyyətin Fransa təmsilçiləri olduğu məlumdur. Belə olan halda hansısa müsbət nəticə gözləməyə də dəyməz.

Borellin “missiya öz effektliyini göstərdi” bəyanatı da mücərrəddir. Hansı effektivlikdən söhbət gedir? Monitorinqin hansı parametrlər üzrə aparılması, obyektivliyin nə dərəcədə təmin olunması bəlli deyil. Ermənistan artıq iki aydır ki, Aİ-nin sözügedən missiyasının fəaliyyətə başlaması haqqında qərarı Azərbaycanın təcavüzünə cavab olaraq qəbul etdiyi ilə bağlı təbliğat aparır. Və bu iki ay müddətində Aİ missiyası bir dəfə də olsun onların bu yalanın ifşa edən mövqe ortaya qoymayıbsa, demək ki, monitorinqlə bağlı hazırlanacaq hesabatın qərəzli və birtərəfli olacağını da indidən təxmin etmək olar".

Rusiya-Ukrayna müharibəsi ilə bağlı bütün proqnozlar iflasa uğradı!

Kamran Məmmədli 

AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi şərhçi Kamran Məmmədli proseslərin durmadan ölkəmizin lehinə işlədiyini bildirdi: “Bildiyiniz kimi, Avropa İttifaqının mülki missiyasının fəaliyyəti Azərbaycan-Ermənistan sərhədində kimin atəşkəsi pozmasını və hazırda vəziyyətin nə yerdə olmasını müşahidə etmək üçün nəzərdə tutulmuşdu. Zatən əvvəlcədən Azərbaycanın da buna müvəqqəti razılıq verməsi sərhəddə baş verən həqiqətləri erməni lobbisinin dünya ictimaiyyətinə çatdırdığı kimi deyil, həqiqətə uyğun təqdim olunması məqsədi daşıyırdı. Düşünürəm ki, biz buna nail olduq . Bu müddət ərzində Ermənistan tərəfi dəfələrlə bizi provokasiyaya çəkmək istəsə də, niyyətlərinə çata bilmədilər. Aİ missiyası da bu müddət ərzində görəcəklərini gördü, qeydlərini apardı. Bu səbəbdən yenidən mandatını uzatmağına da ehtiyac qalmadı. Eyni zamanda Aİ də artıq görür ki, Ermənistan tərəfi hələ də ikili oyunlarına davam edir. İttifaq anlayır ki,  bölgədə sülhün bərqərar olmasına mane olmağa çalışan da məhz Ermənistanın özüdür. Paşinyan Soçidə Putinin çətiri altına girərək rus sülhməramlılarının uzun müddət bölgədə qalmasını tələb edir. Brüsseldə keçirilməsi planlaşdırılan görüşdə Makronun olmasını şərt kimi irəli sürür. Artıq Ermənistanın təxribatçı və ikili mövqeyi hamının gözü önündədir və bunu Avropa İttifaqı da bilir. Bütün bu baş verənlərin Azərbaycanın əleyhinə olduğunu düşünürəm. Fikrimcə, Azərbaycan bu formada uğurlu xarici siyasətini davam etdirməli,  dünyada Rusiyaya qarşı artan nifrətin fonunda Ermənistanı Rusiya tərəfdə, ikili oyunun içində göstərərək ifşa etməlidir. Artıq Avropa da Ermənistanın sağlam tərəfdaş olmadığını anlamalıdır”.

Asif Nərimanlı: "Bu, vəziyyəti yenidən gərginləşdirə bilər"

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı isə ittifaqın hesabatında balansın qorunacağını düşünür: “Avropa İttifaqı anlayır ki, bölgəyə göndərdikləri missiyanın vaxtını uzatmaq onların zərərinə işləyə bilər. Çünki Brüsselin vasitəçiliyi iki tərəf arasındadır və indiki halda bir tərəfin - Ermənistanın istəyini nəzərə almaq Azərbaycanla münasibətlərdə problemlərin yaranmasına səbəb ola bilər, o cümlədən özlərinin vasitəçiliyi şübhə altına düşə bilər. Razılaşmada qeyd olunurdu ki, missiyanın müddəti iki aylıqdır və indi bunu uzatmaq üçün Azərbaycanla yenidən müzakirələr aparılmalıdır. Bakı ilə müzakirə aparılmadan uzatmaq qeyd etdiyim kimi, Aİ-nin vasitəçiliyinə də, Azərbaycanla münasibətlərinə də ziddir. Bu baxımdan, Aİ-nin hazırlayacağı hesabatda balansın müəyyən qədər də olsa qorunacağını düşünürəm. Azərbaycanı ittiham etməsi Brüsselin növbəti mərhələdə proseslərdə iştirakına əngəllər yarada bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR