İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəd komissiyalarının fəaliyyətində 9 aylıq durğunluq - görüşlər niyə dayandırılıb?

Nikol Paşinyan hər dəfə “hazırıq” deyir, amma hər açıqlama da qanlı toqquşmalarla müşayiət olunur

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası Katibliyinin rəhbəri təyin olunub. Baş nazir Əli Əsədovun sərəncamı ilə bu vəzifəyə Murad Nəcəfbəyli təyin edilib. Bildirilir ki, M.Nəcəfbəyli peşəkar diplomatdır.

Ötən ilin mayında Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalamışdı. Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini, eləcə də xarici işlər, daxili işlər, müdafiə, ədliyyə nazirlərinin müavinləri, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini, Dövlət Sərhəd Xidməti və Xarici Kəşfiyyat Xidməti rəislərinin müavinləri, kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər nazirlərinin müavinləri, Meliorasiya və Su Təsərrüfatı dövlət şirkəti sədrinin müavini, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri komissiyanın üzvləri təyin olunublar. Dövlət Komissiyasının tərkibinə həmçinin Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan Rayon İcra hakimiyyətlərinin başçıları da daxil ediliblər. 

Ermənistan da  Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya yaradıb. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan fərman imzalamışdı. Komissiyaya Paşinyanın müavini Mher Qriqoryanın rəhbərlik edəcəyi bildirilib. Həmçinin komissiyaya xarici işlər nazirinin müavini Mnatsakan Safaryan, müdafiə nazirinin müavini Arman Sarkisyan, ədliyyə nazirinin müavini Qriqor Minasyan, ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hovannes Harutyunyan daxildir.

Ermənistanla Azərbaycan delimitasiya və sərhəd Komissiyalarının işini  sürətləndirmək barədə razılığa gəlib

Komissiyaların yaradılmasından sonra, elə mayın sonlarında komissiyaların ilk görüşü olmuşdu. Tərəflər razılaşmışdı ki, dövlətlərarası sərhəddəki görüşlərlə yanaşı, fərqli yerlərdə də iclaslar keçirsinlər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilmişdi. Ötən ilin 30 avqustunda Moskvada sərhədlərin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın iclası keçirildi. Görüş Rusiya Xarici İşlər Nazirliyinin qəbul evində baş tutdu. İclasdan öncə Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk Şahin Mustafayev və Mher Qriqoryanla görüşdü və komissiyaların işinin davam etdirilməsini alqışladı. Tərəflərin təşkilati və prosedural məsələləri müzakirə etdiyi bildirildi, digər təfərrüatlar açıqlanmadı. Lakin o da bəyan edildi ki, komissiyaların növbəti iclasının Belçikanın paytaxtı Brüsseldə olacağı razılaşdırılıb.

O zamandan artıq 9 ay keçsə də, nə Brüssel görüşü gerçəkləşib, nə komissiyaların işində hər hansı yenilik var. Görünən budur ki, nə Rusiya, nə Ermənistan sərhəd komissiyasının fəaliyyətində maraqlıdır. O da bəllidir ki, komissiyaları yaradılması haqda razılıq Brüsseldə Avropa Birliyinin vasitəçiliyi ilə əldə olmuşdu. Ukrayna müharibəsi Qərblə Rusiya arasında bütün körpüləri yandırdığından bu görüşün Brüsseldə keçirilməsi, ümumiyyətlə, gündəmə gəlmədi. Çünki Rusiya Avropa Birliyinin Qarabağla bağlı və sülh prosesində iştirakına qarşı olduğunu daha gizlətmir də.

Qeyd edək ki, bu ilin 1 martında Ermənistan baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında İrəvanın sülh sazişi layihəsi ilə və sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın işinin reqlamenti ilə bağlı Bakıya verdiyi təklifə cavab gözlədiyini iddia etmişdi. Baş nazir cavabın hazırlanmasının zaman tələb etməsini normal saydığını da demişdi. “Razılaşma üzərində iş davam edir və bu iş şəxsi görüşlərdən ayrı şəkildə aparılır”, - Paşinyan bildirmişdi. Onun sözlərinə görə, lazım olan sənədlər hazırlanır və bunun üçün şəxsi danışıqlar lazım deyil. Paşinyan qeyd etmişdi ki, İrəvan delimitasiya üzrə işçi qrupun işinin reqlamenti layihəsinə cavab gözləyir. “Regional kommunikasiyaların açılması və sərhəddə təhlükəsizliyin təmin edilməsi ilə bağlı təklif qüvvədə qalır”, - baş nazir əlavə etmişdi. Amma bu açıqlamadan dörd gün sonra Qarabağda qanlı hadisələrə səbəb olan təxribat törədildi. Növbəti təxribat 11 apreldə Gorusun Dığ kəndi istiqamətində baş verdi. Bundan sonra N.Paşinyan növbəti dəfə “Ermənistan Praqa və Soçidə əldə olunan razılaşmalar əsasında Azərbaycanla sərhədin delimitasiyasına hazırdır”, - deyə sülh nağılını davam etdirdi. Paşinyan hökumətin iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan, həmçinin daha əvvəl elan olunan prinsiplər əsasında nəqliyyat və iqtisadi regional yolların açılmasına da hazırdır. Əgər Ermənistan doğrudan da hazırdırsa, bəs sərhədlə bağlı komissiyaların iclasları niyə gündəmdən çıxıb, əsas maneələr nədir?

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə Dövlət Komissiyası Katibliyinə məhz indi rəhbərliyin təyin olunması ilk növbədə bütün maraqlı tərəflərə bizim kiminsə torpağında gözümüzün olmadığını anlatmaqdır: “Aprelin 11-də baş verənlər də heç də hayların təqdim etməyə çalışdıqları kimi deyil. Bu, sülh danışıqlarının qarşısının alınmasına yönəlmiş növbəti təxribatdır. Nikol Paşinyanın 12 apreldə yenidən guya sülhə hazır olduqlarından dəm vurması və sərhəd qoşunlarının komandanını vəzifədən azad etməsi də dediklərimizin dolayı təsdiqidir. Delimitasiya danışıqlarının niyə dayandırılmasına gəldikdə isə Ermənistanın bunu uzun bir prosesə çevirmək cəhdi, sərhədləri dəqiqləşdirmək yerinə, mövqelərin bir neçə kilometr geri çəkilməsi kimi cəfəng təkliflər nəticəsində belə bir vəziyyət yarandı. Moderatorluq edənlər də Azərbaycanın mövqeyi ilə razılaşmaq zorunda qaldılar ki, öncə sülh anlaşması imzalansın, tərəflər bir-birinin torpaq bütünlüyünü tanısın, sonra isə uzun vaxt tələb edəcək delimitasiyasa-demarkasiya prosesinə start verilsin. Göründüyü kimi, regionda sülhün olmasını istəməyən güclərin və məsələn, Fransa və İran kimi dövlətlərin diktəsi ilə Ermənistan bu yöndə aparılan danışıqları da tormozlayır, törətdikləri təxribatlarla əldə edilən nəticələrin üstündən xətt çəkir. Azərbaycan da bu təyinatla da göstərir ki, konkret nəticələrə hesablanan delimitasiya danışıqlarına hazırdır”.

Son zamanlar artıq Avropa və Amerika da delimitasiya tərəfdarı kimi çıxış edir. Avropa İttifaqının tərəflərə son müraciətində 1991-ci il sərhədlərinə qayıdılması istənilir. Bu, artıq Ermənistanın zəif duruma düşməsi sayıla bilərmi?

Sahib Alıyev: Vətən müharibəsində Zəfər qazanmağımızın əsas səbəbi məhz  milli həmrəylimiz oldu - AZƏRTAC

Sahib Alıyev

Sahib Alıyev: “Yox, əksinə, onlar da haylarla birgə oyun oynayır, vaxt uzadırlar. Moderatorluq etdikləri sülh danışıqlarını öz sivilizasiyalarından saydıqları Ermənistanın necə tormozladığını görüb ona təzyiq əvəzinə, indi də diqqəti ikinci dərəcəli məsələlərə fokuslandırırlar. Onlar da gözəl bilirlər ki, bir-birinin torpaq bütünlüyünü tanıdıqlarını yazılı sənəddə öz imzaları ilə təsdiqlədikdən sonra delimitasiya danışıqları daha uğurla gedə bilər. Amma bu edilmir, əvəzində Paşinyana tapşırıq verilir ki, sözdə Azərbaycanın torpaq bütünlüyünü tanıdığını desin. Paşinyan da deyir. Amma görün necə deyir: "Biz Qarabağın öz müqəddəratını təyin etməli olduğunu deyirik. Kimdən təyin etməlidir? Azərbaycandan. Demək, biz Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırıq". Bundan nəsə anlamaq olur. Bunu Ermənistanın Azərbaycanın torpaq bütünlüyünü tanıması kimi qəbul etmək olar? Olmazsa, ABŞ və Avropadakı cənablar delimitasiya deyəndə bunun hansı sərhədlər üzrə aparılmasını məsləhət görürlər?"

Deputat digər mühüm məqama diqqət çəkdi: “Səfirlərini Şuşaya göndərmək istəməyən, Qarabağdakı qanunsuz silahlı birləşmələrin oradan çıxarılmasını bir dəfə belə dilə gətirməyənlərin sərhəddə gərginliyin azalması və danışıqlar prosesini guya sürətləndirmək məqsədilə tərəflərin öz mövqelərini qarşılıqlı şəkildə geri çəkmək təklifləri Ermənistanı sülhdən imtinaya həvəsləndirməkdən başqa bir şey deyildir. Bir zamanlar münaqişəni dondurmağa çalışanlar, indi də hazırkı qarşıdurma vəziyyətinı dondurmaq, bununla da burada özlərinin davamlı vasitəçiliyinə ehtiyac duyulması və bundan təzyiq aləti kimi faydalanmaq niyyəti güdürlər ki, bu da Azərbaycan üçün qəbuledilməzdir”.

Tural İsmayılov: İranın mollakratiya şüuru özünə yeni düşmən axtarır

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov isə sərhəd komissiyalarının görüşlərinin Azərbaycan tərəfindən təşviq edildiyini xüsusi vurğuladı: “Azərbaycan bu mövzunun gündəmdən çıxarılma elementlərini əsla qəbul etmir. Vəziyyət bizim tərəfdən mürəkkəb deyil. Amma biz müşahidə edirik ki, Ermənistan bu məsələdə də zaman udmağa çalışır”. T.İsmayılov hesab edir ki, situasiyanın belə hala gətirilməsində Ermənistanın bir sıra məqsədi var: “Əvvəla, Azərbaycanla gərginliyin daim qalması haqqında beynəlxalq aləmdə mənzərə yaratmaq; hər vəchlə konfliktin həll olunmaması ilə bağlı süni gündəm formalaşdırmaq; digər tərəfdən də Ermənistandan kart kimi istifadə edən qüvvələrə "sadiq" olduğunu nümayiş etdirmək. Əslində Rusiya da Ermənistana delimitasiya ilə bağlı təzyiqlər etmir. Çünki Azərbaycanla Ermənistan arasında problemlərin həll olunmağı Rusiyanın regiona təsir imkanlarını zəiflədir. Nə qədər Ermənistan hakimiyyəti Rusiya ilə tarana getsə də, faktiki, İrəvanın ipləri Rusiyanın əlindədir".

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR