Onlayn ictimai-siyasi qəzet
Ermənistan xarici işlər naziri Ararat Mirzəyan separatçıların Bakıdakı məhkəməsini “qondarma”, “qanunsuz” adlandırıb. Bu barədə o, dünən BMT-nin komitəsində çıxışı zamanı deyib. Özünə ənənəvi yazıq görkəmi verən nazir, “əzabkeş xalqa” xas “timsah göz yaşları” ilə ünvanımıza başqa şər-böhtanlar da yağdırıb.
Az öncə onun “patronu”, “sülh göyərçini” roluna girməyi xoşlayan baş nazir Nikol Paşinyan eyni riyakarlıqla “əsrin Nürnberq məhkəməsi”ni “tamaşa” adlandırmışdı.
Dərhal altını cızaq: bunlar sıradan biri yox, Ermənistan adlı saxta, qondarma dövlətin rəsmi şəxsləridir...
İşə bax. Azərbaycan dövləti və xalqına illərlə meydan oxuyan, dövlət içində dövlət yaratmağa çalışan cinayətkar dəstəyə sən demə, təşəkkür eləməli imişik. Görəsən Bakıdakı məhkəməsinin harası, irəli sürülən ittihamların hansı biri qondarma və əsassızdır? Hansı qanunsuzluqdan söhbət gedir? Ərazimizin 20 faizində 30 ildən çox beynəlxalq hüquq normalarına tüpürən separatçıları mühakimə etməməli idik?
Özünə hörmət qoyan hansı dövlət onun torpaqlarında etnik təmizləmələr aparan, təbii sərvətlərini talayıb satan, ekologiyasını məhv edən bir cinayət şəbəkəni cəzalandırmadan buraxar(dı)? Ötə yandan, bu cinayətlər bəyəm Azərbaycanın qanuni ərazilərində törədilməyibmi ki, məhkəməni “qanunsuz”, istintaq altında olanları isə “əsir”, “siyasi dustaq” sayırsınız?! Bu ikiayaqlı məxluqları məhz Azərbaycan dövləti mühakimə eləməli deyildi?
Ardınca da utanıb-qızarmadan Bakı ilə beynəlxalq hüquq əsasında sülh müqaviləsi imzalamaqdan dəm vurur bu dığalar.
Sən nə vaxt beynəlxalq hüquqa hörmət etdin ki? BMT və onun Nizamnaməsi, beynəlxalq hüquq indimi yadınıza düşdü? O zaman nədən Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi iddiaları hələ də qalır? Niyə bədnam Minsk Qrupunun de-yure ləğvini ləngidirsiz, “münaqişə həll olunsun, sonra baxarıq” deyirsiniz. Hansı münaqişə?..
Sonra. Beynəlxalq hüquq, təməl insan haqları 300 min soydaşımızın az öz tarixi yurd yerlərinə - Qərbi Azərbaycana qayıdışını tələb edir. Gəl ki, İrəvan bu qanuni tələbimizi hər addımda dünyaya ərazi iddiası kimi təqdim etməkdən yorulmur. Qonşusu ilə sülh istəyən ölkənin ritorikası beləmi olur?
Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün gör nə çərənləyib. Sitat: “Avropa İttifaqının mülki (oxu: yarım-hərbi casus – Z.S.) missiyasının Ermənistanda yerləşdirilməsi nəticəsində sərhəd insidentlərinin sayı xeyli azalıb, mümkün eskalasiya riskinin qarşısı alınıb”.
Yəni ki, bu günədək baş vermiş insidentlərin tək səbəbkarı guya Azərbaycan imiş. Guya Aİ missiyası olmasaydı, Azərbaycan Ermənistana o saat hücum edərdi. Yaxud həmin bu casus missiyası varkən biz sərhədlərimizin, Qarabağdakı əhalimizin təhlükəsizliyi naminə o tayındakı təhdid və terror nöqtələrini gərəkən anda susdurmayacağıq. Buna ehtiyac yaranarsa, əlbəttə ki, Bakı heç bir “missiyaya” məhəl qoymayacaq...
Sərhəddə nisbi sakitliyə gəlincə, bu, ona görə mümkün olub ki, Ermənistan istənilən təxribata misli ilə cavab veriləcəyinə artıq əminlik hasil edib. Burda Aİ-lik heç nə yox. Təxribatçı missiyanı boşuna mataha, qiymətə mindirməsinlər. Ondansa, sülh müqaviləsinin razılaşdırılmayan iki bəndindən biri kimi sərhəddən üçüncü tərəfin qüvvələrini çıxarsınlar.
Məsələ də ondadır ki, digər qatı cinayətkarları və hərbi caniləri də Bakıya təhvil vermək, istintaqa kömək eləmək əvəzinə, durub məhkəməni “qondarma” adlandırmağın, Minsk Qrupunu israrla saxlamağın, Aİ-nin casus missiyası arxasında gizlənməyin bir adı var: erməni tərəfi ərazi iddiasından əl çəkməyib. Demək ki, 44 +1 günlük savaşdan lazımi dərsi götürməyib. Ağıllanmayıb.
Madam belədir, madam ki, haylar yenə söz qanmır, onda “dəmir yumruq” təzədən işə düşəcək. O halda nəinki Aİ-nin missiyası, Aİ-nin özü də Ermənistanın dadına çata bilməyəcək. Bizdən yenə xəbərdarlıq eləmək...
Zahid SƏFƏROĞLU
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ