İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçılar “komitə” yaratdı - Bakıya qarşı növbəti demarş?

Azərbaycan Paşinyanın qarşısında qəti şərt qoyacaqmı; politoloq: “Xarici dairələr bölgədə münaqişənin qalması vəziyyətində öz maraqlarını təmin edirlər”

“Miatsum” ideyası və mifik “artsax” həmişəlik tarixin zibilliyinə gömülsə də, qaçıb canını güclə qurtaran və Ermənistana sığınan cinayətkar separatçı-revanşist qalıqları sırtıqcasına hələ də “bəlkə də qaytardılar” xülyası ilə yaşayırlar. 

Azərbaycana qarşı min cür hoqqadan çıxmağa çalışırlar. Bu da, əlbəttə, ilk növbədə Fransa başda olmaqla, xaricdəki avantürist hamilərin davam edən boş vədləri ilə birbaşa bağlıdır.

Bu arada separatçılar Bakıya qarşı yeni qurum yaratmaq sevdasına düşüblər.  

“Kollektiv repatriasiya və "artsax" xalqının digər hüquqlarının müdafiəsi məqsədilə yaradılan komitə ən əvvəl beynəlxalq platformalarda işləyəcək. Komitə “artsax”ın dövlət qurumları ilə fəal əməkdaşlıq edəcək".

Özünü hələ də xəyali “artsax”ın “ombudsman”ı sayan Qeqam Stepanyan yerli mediaya açıqlamasında belə deyib.

“Komitənin tərkibi daha sonra açıqlanacaq, amma söyləyə bilərəm ki, onun tərkibinə "artsax", Ermənistan və diaspor nümayəndələri daxil olacaq. Beynəlxalq platformalarda işləyərkən təbii ki, bizim tərəfimizdən toplanmış materiallardan, "artsax" ombudusmanı ofisindən, həmçinin beynəlxalq insan hüquqları təşkilatlarının qiymətləndirmələrindən, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarından, Aİ və digər aktorlar daxil, beynəlxalq təşkilatların bəyanatlarından istifadə edəcəyik, hansılar ki, “artsax” xalqının təməl hüquqlarını vurğulayır", - deyə Stepanyan sayıqlayıb.

Qeyd edək ki, ərazi bütövlüyümüzə qarşı indi də üzdəniraq “komitə”nin yaradılmasını bir gün əvvəl Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan anons etmiş, onun “işinin əlaqələndirilməsini” öz üzərinə götürdüyünü bildirmişdi. Necə deyərlər, suda boğulanın saman çöpündən yapışması... 

Yəni “saman çöpü” kömək edəcəkmi? Paşinyan hökumətinin reaksiyası nə olacaq və nə olmalıdır? İrəvanda separatçı tör-töküntülərin Azərbaycana qarşı oyunlarına Paşinyan hökuməti nə zamanadək göz yumacaq, yaxud şərait yaradacaq?

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL)  - Turkic World

İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Qarabağdan könüllü olaraq köçən separatçılar son bir ayda fəallaşıblar: "Əslində onların aktivləşməsi Ermənistanın özünün dövlətçiliyi üçün təhlükədir. Ermənistan dövlətçiliyini içindən aşındırmaq, revanşizmi gücləndirmək və ölkəni yeni böhran müstəvisinə çəkmək istəyən qüvvələr İrəvanda “artsax” oyununu davam etdirmək istəyirlər. İstisna olunmur ki, Ermənistan hakimiyyəti də "artsax" məsələsinin gündəmdə saxlanmasında gizlində maraqlıdır. Çünki Nikol Paşinyan və onun hökumətinin bu illər ərzində ikili oynadığını sübut edən çoxsaylı faktlar var. İndi də istisna deyil ki, üzdə “artsax”ın Ermənistanda fəaliyyətinin mümkün olmadığı bəyanatlarını verirlər, gizlində isə bunun əksini edirlər. Lakin Ermənistan hakimiyyəti anlamalıdır ki, özünü buraxmış və fəaliyyətinə son qoyulmuş separatçı rejimin Ermənistanda fəaliyyət göstərməsi istəyinin arxasında dayananlar əslində Cənubi Qafqazda öz maraqlarını Ermənistanın maraqlarına qurban verməklə təmin etmək istəyirlər. Xarici dairələr bölgədə münaqişənin qalması vəziyyətində öz maraqlarını təmin edirlər. Separatçılarla erməni kilsəsinin birgə fəaliyyəti də müşahidə olunur. Separatçıların Ermənistanda fəaliyyətinin qarşısı tam şəkildə alınmalıdır. Əks halda, sonda Ermənistan çox böyük problemlərlə üz-üzə qalacaq".  

Ekspert vurğuladı ki, İrəvanda Qarabağ separatçılarının “nümayəndəliyi” ləğv edilməli və hər hansı “komitə” adı altında fəaliyyətə şərait yaradılmamalıdır. Rəsmi İrəvan separatçı tör-töküntülərinin bu hərəkətlənmələrinin, fəaliyyətlərini guya bərpa etmək cəhdlərinin qarşısını almalıdır: “Separatçı tör-töküntülərinin Ermənistanda fəallaşması, toplantılar keçirməsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün də çox ciddi təhdiddir. Bunun isə məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə düşür. Baş nazir Nikol Paşinyan bir tərəfdən sülh sazişini imzalamağa hazır olduğundan bəhs edir, o biri tərəfdən separatçıların Ermənistan ərazisində fəaliyyət göstərməsinə, Azərbaycana qarşı fəaliyyətə keçməsinə göz yumur. Bu, qəbuledilməz yanaşmadır. Ona görə də proseslərin bundan sonrakı inkişafına görə məsuliyyət Ermənistanın baş naziri Nikol Paşinyanın, Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşəcək. Əgər Ermənistan hökuməti separatçıların fəaliyyəti üçün şərait yaradacaqsa və Bakı görsə ki, Ermənistanın dövlət strukturları separatçılara şərait yaratmaqda davam edir və onları Azərbaycana qarşı təzyiq üçün aktivləşdirirlər, öz etirazını sərt şəkildə ortaya qoyacaq”.

Bəzi siyasi, hərbi ekspertlər isə hesab edir ki, separatçı tör-töküntüləri Azərbaycanla böyük sərhədi olan Ermənistanın ərazisində qondarma “artsax”ı diriltməyə cəhdlər edərlərsə və anti-Azərbaycan fəaliyyətlərini genişləndirərlərsə, Azərbaycan dövlətinin öz təhlükəsizliyini qorumaq üçün sərt addımlar atmaq hüququ var. Bu addımlar sırasında hətta Ermənistan ərazisində həmin separatçıların saxlanması, zərərsizləşdirilməsi üçün əməliyyat keçirmək hüququ da var. Bu hüququ beynəlxalq konvensiya və qanunlar da Azərbaycana verir. 

Özlərini buraxdıqlarını elan etmiş separatçıların son zamanlar Ermənistanda fəallaşmasının, toplantılar keçirməsinin bir neçə səbəbləri və məqsədləri var. Ermənistanın dövlət büdcəsindən 200 milyon dollara yaxın qondarma “artsax respublikasının” maliyyələşməsinə vəsait ayrılırdı. Bundan başqa, diaspor vasitəsilə “artsax”a yardım adı ilə böyük miqdarda vəsaitlər toplayırdı. Bütün bu vəsaitlər hesabına separatçılar özlərinin maraqlarını təmin edirdilər, varlanırdılar. Azərbaycan Qarabağda separatçılığı çökdürəndən və separatçılar özlərinin buraxıldığını elan edib Ermənistana köçdükdən sonra həmin vəsaitlərdən məhrum olublar. Hətta məlumatlara görə, onların saxta “dövlət strukturları”nın maaşları da kəsilib, Ermənistan mövcud olmayan nəyəsə büdcəsindən pul ayırmaq istəmir. Ona görə də separatçı tör-töküntüləri süni şəkildə guya öz mövcudluqlarını, fəaliyyət göstərdiklərini, hansısas “komitə” yaratdıqlarını elan etməklə Ermənistan büdcəsindən və xaricdən maliyyə ayrılmasını az da olsa təmin etmək istəyirlər. “Komitə” və “mühacir hökuməti” adı altında öz “fəaliyyətləriini” qurmaqla xarici ölkələrdən, erməni diaspor və lobbi təşkilatlarından vəsait almaq istəyirlər. 

Başqa bir səbəb və məqsəd isə guya mövcud olduqlarını göstərməklə Ermənistan hakimiyyətinə təsir göstərmək istəyirlər. Ən müxtəlif məqsədlərini həyata keçirmək üçün onlar Paşinyan hökumətinə təsir və təzyiq etmək imkanına sahiblənməyə çalışırlar. Onları indi də Ermənistanda Robert Köçəryan-Serj Sərkisyan cütlüyü qızışdırır. Anti-Azərbaycan “komitə”nin yaradılmasının anonsunu Köçəryan-Sərkisyan qruplaşmasının “qırğı”sı-Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın verməsi və “komitənin işinin əlaqələndirilməsini” öz üzərinə götürdüyünü bəyan etməsi və bundan bir gün sonra Qeqam Stepanyanın məlum açıqlama ilə çıxış etməsi də bunun təsdiqidir. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR