Şəmkirdə evə basqını sabiq məmur törədibmiş - Qərar verildi - VİDEO
2021-ci ilin avqust ayının 6-da Şəmkir rayonunun Yuxarı Seyfəli kənd sakininin evinə basqın edərək ev sahibinin əl-qolunu bağlayan, pul və qızıl-zinət əşyaları tələb edən şəxslərə hökm oxunub.
Musavat.com-un Qaynarinfo-ya istinadən məlumatına görə, elə həmin il rayon sakini Salman Mustafayev, tanışları Nizami Əhmədzadə, Rasim Süleymanov və qardaşı oğlu Eynur Mustafayev saxlanılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində 1989-cı il təvəllüdlü Şəmkir rayonu Könüllü kənd sakini Eynur Mustafayev, 1984-cı il təvəllüdlü Təzəkənd kənd sakini Rasim Süleymanov və 1963-cü il təvəllüdlü Sarətəpə kənd sakini Nizami Əhmədzadə tanınıblar.
Aparılan araşdırma zamanı məlum olub ki, cinayət hadisəsi Eynur Mustafayevin qayınatasının ata evində törədilib. Hadisənin tərdilməsinə isə Eynur Mustafayevin əmisi Salman Mustafayevin qumarda külli miqdarda pul uduzaraq, borca düşməsi səbəb olub.
Salman Mustafayev uzun illər Şəmkir İcra Hakimiyyətində müxtəlif vəzifələrdə işləyib. Hazırda həbsdə olan sabiq icra başçısı Alimpaşa Məmmədov onu Könüllü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edib. Rayonda "Aktiv" ləqəbi ilə tanınan Salman Mustafayev sözügedən vəzifədən çıxdıqdan sonra qumar oynamağa başlayıb və həm də üzərində silah gəzdirirmiş.
Qumarda uduzan Salaman Mustafayev qardaşı oğlundan ona verdiyi pulu geri qaytarmasını istəyib. Eynur Mustafayev pulunun olmadığını və arvadının babasının yaxşı imkanının olduğunu deyib. Onlar razılaşaraq sözügedən evdən quldurluq etməyi planlaşdırıblar. Elə bu məqsədlə Salman Mustafayev qardaşı oğlu ilə birlikdə əvvəlcədən tanıdığı Rasim Süleymanovu və Nizami Əhmədzadəni özləri kənarda gözləməklə sözügedən evə basqına göndəriblər. Onlar evdən heç nə tapa bilməyib, hadisə yerindən uzaqlaşıblar.
Məhkəmənin hökmü ilə Eynur Mustafayev, Nizami Əhmədzadə və Rasim Süleymanov Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, hər biri 9 il azadlıqdan məhrum edilib. Hadisənin təşkilatçısı, üzərində TT markalı tapança ilə saxlanılan Salman Mustafayevə hər hansı cəzanın verilib-verilməməsindən xəbər yoxdur.
ŞƏRHLƏRŞƏRH YAZ