İnsanlara hürriyət, millətlərə istiqlal!

Səmərqəndlə Niderland arasında

Öncə Qarabağ folklorundan bir əhvalatla köşə yazımızı açaq.

“Bir çoban gəlir məclisə. Görür, molla kitab oxuyur. Bir kitab da bu alır, aparır örüşə. Açır qoyur qabağına, deyir:

– Danış.

Hər nə qədər eləyir, kitab bununla danışmır. Durur kitabı qoyur qabağına, başlayır çomaqla döyməyə:

– Mollanı görəndə fitil-fitil ötürsən, məni görəndə lal olursan?”

Şübhəsiz, burada qananlar üçün böyük hikmət vardır. İndi keçək yazımıza.

Yazı isə odur ki, Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilir. Türk xalqları bütün dünyada öz demokratik rejimləri ilə tanınır, qədim Oğuz yurdumuz Özbəkistan da belədir. Bu söz “Oğuz bək istan” sözlərindən yaranmışdır. Hazırkı və gələcək prezident Şövkət müəllimə həyat və yaradıcılığında böyük uğurlar arzulayırıq. Qonşuda türkmən elimiz də fövqəladə uğurlar törədir, məsələn, təzəlikcə Arxadağ adlı şəhərin açılışı oldu. Şəhər öncəki prezident Qurbanqulu müəllimin şərəfinə belə adlandırılmışdır. Lakin malı mala qatmayaq, mövzumuz seçkilərdir.

9 iyunda artıq günortaya az qalmış Özbəkistan Mərkəzi Seçki Komissiyası seçkinin baş tutduğunu açıqladı. Neçə faizsə - doğrusu, yadımda dəqiq qalmayıb, oxuculardan üzr istəyirəm, əgər vacib lazımdırsa teleqram vurun, növbəti köşəmizdə öyrənək – özbək seçici məntəqələrə axışmışdır.

Ancaq Özbəkistanda növbədənkənar prezident seçkilərinin baş tutmasında bir yoldaşın böyük rolu vardır, nədənsə dünya informasiya agentlikləri bu mövzunu açıqlamaq istəmir. Dünya birliyi həmişə belədir - ədalətsizliyə susur. Dünya birliyi Binəqədi rayon məhkəməsi deyil ki, ədalətsizliyə susmasın? Hərə öz taleyini yaşayır.

Burda da bir pritçanın yeri gəlib. Deyir günün birində kənd yerində adamın qonağı gəlir, ev yiyəsi xəsis imiş, qonağa ancaq çay-su verirmiş. Çaynik-çaynik dalıyca, axırda qonaq dözmür, ev yiyəsini dartır yaxındakı gölün qırağına, deyir: “Bax, bu gölü görürsən? Əgər sudan adama xeyir olsaydı, burdakı qurbağanın hərəsi bir dağ boyda olardı”.

Söhbət ondadır ki, Özbəkistan seçkilərini müşahidə etmək üçün Azərbaycandan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir müəllimin başçılığı altında möhtəşəm nümayəndə heyəti yollanmışdır. Məzahir müəllim şəxsən Daşkənd, Səmərqənd, Buxara şəhərlərində müşahidələr aparmışdır. Seçkilərin düzgün keçirilməsini təşkil etmişdir. Hafiz Şirazinin bu istiqamətdə yaxşı beyti vardır, uşaqlarınıza verin oxusunlar, ləzzət aparsınlar: “Əgər an turki Şirazi bədəst arəd dili mara, Bəxali hinduyəş bəxşəm Səmərqəndu Buxarara...”

İndi mən bütün tərəqqipərvər dünya ictimaiyyətindən soruşuram: gəlin etiraf edək, əgər Məzahir müəllim müşahidə aparmasa, Özbəkistanda növbədənkənar prezident seçkiləri baş tutardımı?

Böyük ehtimalla baş tutmazdı. Lap baş tutsa da, yarımçıq olardı. Xalq narazı qalardı. Pambıq tarlasına çıxmaqdan imtina edərdi. Nəticədə payızda hazır geyimlər bahalaşardı. Çinin avtomobil ixracına, Ukraynadan taxıl tədarükünə, Tayvanda mikroçip, Niderlandda qızılgül istehsalına mənfi təsirlər yaranardı.

Elə Niderland demişkən, bugünlərdə orada baş nazir Mark Rutte bütün hökumətini də götürüb istefa vermişdir. Hansısa miqrant böhranı problemində razılığa gələ bilməyiblər. Hökumətin yarısı deyirmiş sərhədi açaq, daha çox suriyalı, əfqan, afrikalı gəlsin, o bir yarısı deyirmiş sərhədi açmayaq. Təxminlərim belədir, dəqiq bilmirəm, lazımsa bunu da öyrənərik (bax: yuxarı).

Rutte-nin istefası Niderland üçün adi hadisə sayılmır, çünki adam baş nazirlikdə rekord qırmışdı. 13 il idi hökumətə başçılıq edirdi.

İndi mən özüm-özümə sual verirəm ki, əgər Məzahir müəllimi Niderlandda hökumət krizisini müşahidə etmək üçün göndərsəydik, Rutte istefa verərdimi, verməzdimi? Açıq danışaq, bu suala hələlik cavab tapa bilmirəm.

Həm də ona görə ki, əgər Məzahir müəllimi Niderlanda göndərsək, Səmərqəndə kim gedəcəkdi?     

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR