İnsanlara hürriyət, millətlərə istiqlal!

Səməd Seyidovdan Rusiya – Azərbaycan münasibətləri ilə bağlı ilginc açıqlamalar

Mülki təyyarəmizin vurulmasından sonrakı bir aydan artıq müddətdə Rusiya – Azərbaycan münasibətlərində soyuqluq göz önündədir.

Hələlik Kreml baş vermiş dəhşətli hadisə ilə əlaqədar məsuliyyətini etiraf etmək və öhdəliklərindən irəli gələn addımlar atmaq istəmir. Üstəlik, ölkəmizə qarşı təhdidlər Rusiya mediasında əksini tapmaqda, azərbaycanlılara qarşı aqressiv mövqe sərgilənməkdədir. Vəziyyətlə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Musavat.com-un suallarını cavablandırdı:

-Səməd bəy, Rusiyada miqrantlara qarşı amansız münasibət var. Azərbaycanlı miqrantların da taleyinə təhlükə olması hər birimizdə narahatlıq yaradır. Milli Məclisin komitə sədri olaraq bu barədə nə deyə bilərsiniz?

- Təbii, bütün bu məsələlərlə bağlı ümumi narahatlıq mövcuddur. Ancaq sizə deyim ki, miqrantlarla bağlı ayrıseçkiliyin olduğunu müşahidə etmirik. Bütün miqrantlarla bağlı eyni yanaşmanı nümayiş etdirirlər və bu, nəyə görə baş verir, hansı proseslər gedir, məncə, sizinçün tam şəkildə aydındır. Sadəcə, Rusiyada elə qüvvələr var ki, onlar Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsində maraqlıdır. Bu ümumi vəziyyətdən dərhal səmərəli şəkildə istifadə etməyə başlayıblar. Siz də müşahidə etmisiniz, biz də görürük, həm mətbu orqanlarda, həm şəxsi səviyyədə, həm siyasətçilər tərəfindən, həm hansısa blogerlər tərəfindən artıq Azərbaycan – Rusiya münasibətlərinin sual altına qoyulmasına başlanılıb.

- Hətta kütləvi şəkildə azərbaycanlıları, həbs etməyə, qovmağa çağırışlar edilir.

- Bəli, belə müraciətlər var. Aydın məsələdir ki, ümumi gərginləşmədən istifadə edilir. Xüsusilə də son hadisələrin ardınca onlar vəziyyətdən sui-istifadə etməyə çalışırlar. Biz bununla bağlı həm XİN, həm dövlət, həm Milli Məclis səviyyəsində öz münasibətimizi bildirmişik. Hesab edirəm ki, bu proseslər Azərbaycan-Rusiya münasibətlərinə müsbət təsir etmir. Ona görə ki, bu insanlar hansı dairələrin, hansı qurumların sifarişlərini yerinə yetirirlər, bizə bəllidir, heç birimiz üçün sirr deyil. Ona görə də təbii, biz bu prosesləri ciddi izləyirik.

- Bilirik ki, Rusiya Dövlət Dumasının qanunvericiliyi sərtləşdirməsindən sonra miqrantlarla bağlı bəlli siyasət yürüdülür, çox hallarda həddini aşan özbaşınalığa rəvac verilir. Bu mənada Milli Məclisin nümayəndə heyəti Moskvaya səfər edib, azərbaycanlılarla bağlı müzakirələr apara bilərmi?


- Həm dövlət səviyyəsində kontaktlar mövcuddur. Həm də Azərbaycan-Rusiya münasibətləri parlamentlərarası səviyyədə mövcuddur və biz lazım olduğu vaxtda bu məsələləri gündəmə gətirə, təhlil edə bilərik.
Ancaq burada bir balaca ehtiyatlı olmaq lazımdır. Ona görə ki, Rusiyada ümumi bir proses gedir. Ümumi prosesin içərisində müxtəlif qüvvələr Azərbaycan – Rusiya münasibətlərini gərginləşdirmək məqsədini irəli çəkərək, bu məsələni subyektivləşdrirlər, gərginləşdirirlər, hansısa mətbu orqanlardan istifadə edirlər. Biz bunu çox gözəl bilirik, görürük, müşahidə edirik. Ancaq dövlətlərarası münasibətlərdə...Bax, görürsünüz, Azərbaycan XİN bir gün öncə “Rusiya Evi”nin akreditasiya olunmaması ilə bağlı bəyanat verdi. Moskvadan da cavab gəldi ki, onlar qanuni məsələlərlə elə qanun çərçivəsində, yəni akreditasiya ilə məşğul olacaqlar. Amma bu cavab gələnə qədər görün orda nə qədər insanlar Azərbaycana qarşı baş qaldırdı, təhdidlər, qəbulolunmaz sözlər işlətdilər. Biz çox gözəl bilirik ki, Azərbaycanın apardığı siyasət qonşularla ən yüksək səviyyədə əlaqələr qurmaqdır. Ancaq qonşuların içərisində də elə dairələr var ki, hər bir fürsətdən istifadə etməyə, vəziyyətdən bəhrələnmək istəyirlər. Ona görə də biz bunu dərk etməli, məsələlərə ehtiyatla yanaşmalıyıq. Uzun illərlə formalaşan münasibətlərə kiminsə maraqları çərçivəsində yox, milli maraqlar çərçivəsində baxmalıyıq. Elə siyasətimizi də bu istiqamətdə qururuq.

- Bəs azərbaycanlıların kütləvi deportasiyası baş verə bilərmi?

- İnanmıram. Ona görə ki, Azərbaycan-Rusiya münasibətləri həm strateji əməkdaşlıq xarakteri daşıyır, həm də vətəndaş olan azərbaycanlılar Rusiyanın inkişafı üçün böyük xidmətlər göstəriblər. O ki qaldı miqrasiya prosesləri, qanuni, yaxud qanunsuz hansısa qərarın qəbul olunması, bu, hər bir ölkənin daxilinə aid olan məsələdir. Bu məsələni ciddi müşahidə edib, izləməliyik ki, Azərbaycan-Rusiya münasibələtinə bu nöqteyi-nəzərdən kimsə xələl gətirə bilməsin.

- Rusiyada milyondan artıq azərbaycanlı miqrantların olduğu da iddia olunur. Vaxtilə Rusiya miqrantlardan işçi qüvvəsi kimi istifadə edir, onların gəlişini təşviq edirdi. İndi isə onların qarşısına “ya vətəndaşlıq al, ya da ölkəni tərk et”, şərti qoyulub. Daha sonra da onların Ukrayna ilə müharibəyə aparılması təhlükəsi var. Hətta Azərbaycan vətəndaşı olan miqrantlar zorla müharibəyə göndərilirsə, bu, beynəlxalq hüququn pozulması və münasibətlərə zərbə vurulması deyilmi?

- Bəli, biz bəzi məsələləri görürük. Orda hansısa problem yaranan kimi səfirliyimiz müdaxilə edir. Hadisələri də izləyirik. Ancaq vətəndaş olmayan insanların müharibəyə cəlb olunması faktları ilə tanış deyiləm. Ancaq siz haqlısınız, vətəndaşlığı qəbul etmək üçün belə bir təklif də gündəmə gətirilir. Ona görə bu prosesləri ciddi nəzarətdə saxlamaq lazımdır. Ona görə də xüsusən indiki dövrdə Cənubi Qafqazda gedən proseslərlə bağlı biz siyasətimizi elə təşkil etməliyik ki, Azərbaycan milli maraqları bizimçün prioritet təşkil etsin. Özünüz görürsünüz, Gürcüstanda hansı proseslər gedir, Ermənistanda nələr baş verir. Bununla yanaşı, dünyada beynəlxalq münasibətlər necə dəyişir. Biz dünən dediyimiz məsələni bu gün dünyanın aparıcı qüvvələri deməyə başlayıb. Biz dünən müdafiə etdiyimiz və bu gün də müdafiə edəcəyimiz dəyərləri artıq dünyanın aparıcı qüvvələri, ölkələri müdafiə etməyə başlayıb. Bu gün dünya çox ciddi şəkildə beynəlxalq münasibətlər nöqteyi-nəzərdən, xüsusilə Qərb dünyası və onun başında dayanan ABŞ öz mövqeyini dəyişdirir. Bu, hansı fəsadlara, hansı nəticələrə gətirib çıxaracaq, hələlik o haqda danışmaq bir az tezdir. Ancaq biz görürük ki, illərdir dediyimiz məsələlər, məsələn, USAID-lə bağlı nəinki öz təsdiqini tapır, elə ifrat dərəcədə açılıb dünyaya təqdim olunur, artıq bu barədə danışmaq da çətindir. Çünki şok yaradan, sensasiya doğuran faktlardır. Ona görə də biz başa düşməliyik ki, Azərbaycan bu gün elə bir səviyyədədir, elə beynəlxalq münasibətlər müstəvisindədir ki, artıq dünya səviyyəsində gedən proseslərə təsir edə bilir. Biz də öz siyasətimizi çox təmkinlə aparmalıyıq və bir daha təkrar edirəm, prioritet milli maraqlar olmalıdır, necə ki, var.

- Qəribəsi budur ki, həm ABŞ-də, həm də Rusiyada miqrantlara qarşı hücum siyasəti həyata keçirir. Dünyanın iki nəhəngi miqrantları öz evlərinə qovmaqla nəyə nail olmaq istəyir?

- Yalnız o məsələ deyil. Miqrantlar üçün qapıların açılması liberal fəlsəfənin ayrılmaz tərkib hissəsidir. Bu liberal, solçu fəlsəfə, liberal-demokratik dəyərlər ümumbəşəri dəyərlərin əvəzinə təqdim olunurdu. Hətta daha dəhşətli, ümumbəşəri dəyərləri sanki liberal-demokratik dəyər kimi təqdim edirdilər, bax, budur problem. Ona görə də nəzarətsiz, qaydasız, qeyri-qanuni, bəzi hallarda ifrat dərəcədə açılmış qapılar artıq bağlanmağa başlayıb. Nəyə görə? Çünki dövlətlər hiss etməyə başlayıblar ki, açıq qapı siyasəti tamamilə başqa nəticələrə gətirib çıxarıb. Hətta dövlətlərin dağılmasına...Bir anlığa fikir verin ABŞ başqa ölkələrin sərhədini qoruyur, öz sərhədi açıqdır. Həm Kanada, həm Meksika tərəfindən. İndi qoşun yeritməyə, sərhədi bağlamağa başlayıblar. Bax, bu disbalans, “qeyri-adilik” ona gətirib çıxarıb ki, artıq ABŞ, yaxud Rusiya bu təhdidləri hiss etməyə başlayıblar. Dövlətlər böyük bir problemlərlə üz-üzə qalıb.

- Eyni zamanda ABŞ Kanadanı özünün 51-ci ştatına çevirmək istəyir, Rusiya da Ukraynanın işğalını davam etdirir. Ortadakı ziddiyyətlə bağlı nə demək olar?

- Bəli, burada söhbət yalnız Kanadadan getmir, Qrenlandiya, Panama var, Qəzza da gündəmə gəldi. Çox təəssüf ki, indiyədək bəyan edilmiş məqsədlər, dəyərlər ikili standartlarla, yalançı tövsiyələrlə, qeyri-səmimi münasibətlərlə o qədər dolmuşdu, o qədər içərisində gözə görünməyən, ifrat məsələlər var idi ki, axırda sadəcə partladı. ABŞ-də keçirilmiş seçkilər onu göstərdi ki, əhali daha çox mühafizəkarlara yox, daha çox demokratların təklif etdiyi dünyaya baxış tərzinə etiraz edərək Trampa səs verdi.

- Səməd bəy, Rusiyadakı bəlli çevrələr bu gün elə davranır ki, sanki Azərbaycan Rusiyanın mülki təyyarəsini vurub, Rusiya Azərbaycan təyyarəsini yox. Bu günə qədər də Azərbaycanın haqlı tələblərinə adekvat reaksiya yoxdur, faktı ört-basdır etməyə çalışırlar. Siz bu məsələnin yekununu necə görürsünüz?

- İndi istintaq gedir və əminəm ki, Azərbaycanın obyektiv və haqlı tələbləri mütləq öz yerini tapacaq. Mütləq, başqa variant ola bilməz. Cənab Prezident bunları səsləndirmişdi, bu, bir reallıqdır. Ancaq araşdırmalar davam edir, birinci mərhələ artıq yekunlaşıb. Bir az səbirli olaq, gözləyək. Bir müddət sonra yekun nəticələr də əldə olunacaq. Əminəm ki, yekun nəticələrdən sonra Azərbaycanın tələbləri tam şəkildə öz əksini tapacaq. Azərbaycanın tələbi haqlı tələbdir, obyektiv tələbdir. Hesab edirəm ki, Azərbaycanın mövqeyi də beynəlxalq qanun çərçivəsində tam düzgün davranış kimi qiymətləndirilə bilər.

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR