Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda bəzi rayonlarda iqtisadi həyat demək olar ki, tam dayanıb. Dövlət Statistika Komitəsinin (DSK) son hesabatı bölgələr üzrə dərin sosial-iqtisadi fərqləri bir daha üzə çıxarıb. Rəqəmlər göstərir ki, yeni iş yerlərinin əksəriyyəti Bakı və Abşeron iqtisadi zonasında açılır, regionlarda isə işsizlik artmaqda davam edir.
Statistikaya görə, Kəngərli və Ordubad rayonlarında 2025-ci ilin ilk yarısında bir dənə də yeni iş yeri yaradılmayıb. Eyni dövrdə Sədərək və Culfa rayonlarında cəmi 1, Babək rayonunda isə 2 yeni iş yeri açılıb.
İqtisadi aktivliyin zəif olduğu digər bölgələr sırasında Xızı (7), Daşkəsən (8), Şahbuz, Ucar və Zəngilan (hər birində 11) rayonları qeyd olunur. Bu göstəricilər həmin ərazilərdə demək olar ki, heç bir yeni iqtisadi fəaliyyətin olmadığını göstərir.
İlin ikinci rübündə isə mənzərə daha da ağırlaşıb - sıfır göstəricili rayonların siyahısına Sədərək də əlavə olunub. Həmin dövrdə Şuşa, Naftalan, Daşkəsən, Xızı, Babək və Culfa kimi 6 rayon və şəhərdə cəmi 1 yeni iş yeri, Masallıda isə 5 iş yeri açılıb.
Rəsmi məlumatlarda əksini tapan bu göstəricilər yalnız qeydiyyatda olan iş yerlərini əhatə edir. Halbuki bölgələrdə minlərlə insan nə rəsmi işsiz kimi qeydiyyatdan keçir, nə də sosial dəstək ala bilir. Çünki məşğulluq idarələrində qeydiyyat həm bürokratik əngəllərlə, həm də çox cüzi məbləğdə müavinətlərlə müşayiət olunur.
İqtisadçılar hesab edirlər ki, rayonlarda sənaye müəssisələrinin olmaması, kənd təsərrüfatında zəif təşkilatlanma və dövlət sifarişli istehsal proqramlarının dayandırılması bu vəziyyətin əsas səbəblərindəndir.
Xalid Kərimli
İqtisadçı Xalid Kərimli “Yeni Müsavat”a bildirib ki, ölkədə yeni iş yerlərinin açılması ilə yanaşı, bir çox müəssisələr də bağlanır: “Vacib məsələ bazar balansının qorunmasıdır. Bağlanan iş yerləri açılanlardan çoxdursa, problem qaçılmaz olur. Digər tərəfdən, yeni açılan iş yerlərində maaşlar çox zaman aşağı olur, bu isə sosial vəziyyəti yaxşılaşdırmır. Qeyri-neft sektoru hələ də yetərincə inkişaf etməyib. Adambaşına düşən ÜDM göstəricisi aşağıdır. İnsanlar məhz bu səbəbdən kütləvi şəkildə Bakıya, hətta Rusiyaya üz tutur”.
Ekspert xüsusilə Naxçıvanın acınacaqlı vəziyyətinə diqqət çəkib: “Muxtar respublika faktiki blokadadadır, ora nə investor gəlir, nə də istehsal mühiti formalaşır. Zəngəzur dəhlizi açılandan sonra müəyyən canlanma ola bilər, amma hələlik vəziyyət çox ağırdır”.
Deputat Fazil Mustafa hesab edir ki, iqtisadi aktivliyin artması üçün real sahibkarlıq mühiti formalaşdırılmalıdır: “Əlverişli faizlə kredit götürmək, məhkəmə sisteminin sahibkarı qoruması, qeyri-rəsmi yoxlamaların qarşısının alınması əsas şərtlərdir. Mülkiyyətə toxunulmazlıq təmin edilməlidir ki, sahibkar sərmayəsini risk etmədən yatırmağa cəsarət etsin. Dövlət sahibkar qədər istehsalın inkişafını təmin edə bilməz. İnhisarçılıq meylləri azaldılmalı, bazar hər kəs üçün açıq olmalıdır. Əgər bu mexanizmlər işləsə, azərbaycanlı sahibkar çox qısa müddətdə iqtisadi fəallığı bərpa edə bilər”.
Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli isə problemin kökündə idarəetmə və investisiya mühiti ilə bağlı sistemli çatışmazlıqların dayandığını bildirir: “Bölgələrdə iqtisadi fəallığın yaranması üçün dövlətin zavod tikməsinə ehtiyac yoxdur. Hökumət elə şərait yaratmalıdır ki, yerli və xarici investor özü gəlib zavod və fabrik tiksin. Bu gün əsas problem vergitutma, gömrük və idarəetmə sistemlərindəki xaosdur. İcra hakimiyyətləri biznesə əngəllər yaradır. Əgər siyasi, hüquqi və iqtisadi islahatlar aparılsa, regionlarda investisiya axını və iş yerləri artar”.
Rəsmi statistikaya əsasən, təkcə 2025-ci ilin ilk yarısında 20 mindən çox insan rayonlardan Bakıya köçüb - bu, son illərin rekord göstəricisidir. Əgər bu tendensiya davam etsə, yaxın illərdə bölgələrin sosial infrastrukturu tamamilə çökə, kəndlər boş qala bilər.
Reallıq odur ki, iş yerləri Bakıda açılır, amma işsizlər bölgələrdə qalır. Rayonlardan Bakıya axının “sirri” sadədir - insanlar, sadəcə, yaşamaq və dolanmaq üçün qaçırlar.
2025-ci il avqustun 1-nə olan rəsmi məlumata görə, iqtisadi fəal əhali sayı 5 milyon 355,4 min nəfərdir. Onlardan məşğul əhali 5 milyon 74,2 min nəfər, işsiz əhali isə təxminən 281,2 min nəfər təşkil edib, yəni işsizlik səviyyəsi 5,2% civarındadır.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
10 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ