İnsanlara hürriyət, millətlərə istiqlal!

Düşənbə görüşü-Regionda yeni diplomatik mərhələnin başlanğıcı 

Oktyabrın 9-da Tacikistanda Azərbaycan Prezidenti İlham Əliyevlə Kremlin sahibi Vladimir Putin arasında keçirilən görüş dünya gündəmindədir. Dünya bir daha Dövlət Başçısının qətiyyətli duruşunu, uzaqgörən siyasətini izlədi, eyni zamanda, Rusiyanın Cənubi Qafqazın lider ölkəsini itirmək istəmədiyinin fərqinə vardı.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a dedi ki, Düşənbədə keçirilən MDB dövlət və hökumət başçılarının Zirvə toplantısı regional münasibətlər sistemində yeni diplomatik mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

 Onun sözlərinə görə, xüsusilə də, Azərbaycan və Rusiya prezidentləri arasında baş tutan görüş, Azərbaycanın mülki təyyarəsinin Rusiya hava məkanında vurulmasından sonra dövlət başçıları səviyyəsində ilk dialoq olması baxımından strateji məna daşıyır: “Prezident Vladimir Putinin görüş zamanı hadisə ilə bağlı bir daha başsağlığı verməsi, üzr istəməsini xatırlatması, kompensasiya ödəniləcəyini və məsul şəxslərin cəzalandırılacağını bəyan etməsi Moskvanın faktiki olaraq Bakının haqlı mövqeyini qəbul etdiyini göstərir. Əslində, Rusiya prezidentinin bu bəyanatı təkcə humanitar jest deyil, həm də siyasi etiraf xarakteri daşıyır. Çünki hadisə baş verdiyi ilk gündən Azərbaycan tərəfi məsələni beynəlxalq hüququn prinsipləri çərçivəsində qaldıraraq, şəffaf araşdırma, məsuliyyətin müəyyənləşdirilməsi və kompensasiyanın təmin olunması tələbi ilə çıxış etmişdi. Bakı emosional ritorikadan, destruktiv bəyanatlardan uzaq duraraq, hadisəyə dövlət məsuliyyəti və strateji soyuqqanlılıq prizmasından yanaşdı. Bu, həm Rusiya diplomatiyasına, həm də beynəlxalq ictimaiyyətə açıq mesaj idi – Azərbaycan ədaləti tələb edən, lakin münasibətlərin strateji dəyərini qoruyan tərəfdir. Rusiyanın hadisədən aylar sonra məsuliyyətin tanınması istiqamətində addım atması, əslində, Kreml üçün reputasiyadan daha çox  geosiyasi reallıq məsələsidir”.

Deputat onu da bildirib ki, Prezident İlham Əliyevin bu prosesdə nümayiş etdirdiyi qətiyyətli, prinsipial və rasional mövqe hadisənin siyasi trayektoriyasını müəyyənləşdirən əsas amil kimi qiymətləndirilməlidir:

"Azərbaycan rəhbərliyinin ədalət prinsipinə əsaslanan ardıcıl, qətiyyətli siyasətinin Moskva üçün açıq siqnal olduğunu da söyləmək mümkündür. Bu yanaşma təkcə konkret hadisəyə deyil, ümumilikdə regionda formalaşan yeni siyasi reallığa, Azərbaycanın strateji müstəqilliyinə əsaslanan xarici siyasət kursuna da dəlalət edir. Rusiya üçün bu hadisəyə Azərbaycanın yanaşması həm də münasibətlərin gələcək formatını müəyyənləşdirən faktor kimi dəyərləndirilə bilər. Kremlin gecikmiş etirafı göstərdi ki, Azərbaycanla dialoq yalnız qarşılıqlı hörmət, bərabərlik və hüquqi məsuliyyət prinsipləri üzərində qurulduğu halda davamlı ola bilər. Putinin açıqlamaları bir daha sübut edir ki, Azərbaycanın ardıcıl və prinsipial siyasəti qarşısında hətta böyük dövlətlər də öz mövqelərini korrektə etməyə məcbur qalırlar. Bu, diplomatik mübarizənin və milli maraqlara əsaslanan siyasi liderliyin real nümunəsidir. Azərbaycan hadisəni beynəlxalq hüququn və siyasi etikanın kontekstində idarə etməklə, həm dövlət nüfuzunu qorudu, həm də regionda güc və ədalət arasında tarazlıq modelinin tətbiqinin mümkünlüyünü ortaya qoydu.

Beləliklə, Rusiya prezidentinin Düşənbədə səsləndirdiyi fikirlər  bir dövlətin digərinin mövqeyinə verdiyi sadə diplomatik reaksiya deyil, Azərbaycanın prinsipial mövqeyinin və siyasi çəkisinin təsdiqi kimi dəyərləndirilməlidir. Bu hadisə göstərdi ki, müasir geosiyasətdə ədalət, qətiyyət və strateji müstəqillik bəzən ən güclü hərbi resurslardan daha təsirli vasitəyə çevrilə bilər”.

Cavanşir ABBASLI

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR