İnsanlara hürriyət, millətlərə istiqlal!

Sələflərin səhvlərindən imtina – Cənubi Qafqazın gələcəyinə nikbin baxmaq üçün əsas yaranır

ABŞ ilə Azərbaycan arasında bəzi səbəblərdən başlanmış və bir müddət davam edən soyuq münasibətlərin Prezident ilham Əliyevin Prezident Donald Tramp tərəfindən Vaşinqtona dəvət edilməsi ilə başa çatması bir çox məqamlara görə əhəmiyyətli hadisə oldu.

Bu səfər Azərbaycan-ABŞ ikitərəfli münasibətlərində yeni - əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi açdı, anlaşılmazlıqları arxa plana keçirdi. Bu, Azərbaycan üçün indiki həssas məqamda, bəzi qonşu dövlətlərin ölkəmizə qarşı yersiz tənqid və ittihamlarının şiddətləndiyi bir dönəmdə xüsusilə mühüm idi.

ABŞ-nin əvvəlki administrasiyalarından fərqli siyasət yeridən Donald Trampın iradəsi özünü bir çox sahələrdə parlaq şəkildə göstərməkdədir. Azərbaycan-ABŞ prezidentlərinin görüşünün səmimi şəraitdə keçməsi isə dövlətimizin başçısının liderliyinə və Azərbaycana göstərilən böyük önəmin göstəricisi oldu. Gerçəkdən də prezidentlərin dialoqu, bir-birilə lütfkar davranışları elə bir qənaət yaradırdı ki, sanki onlar çoxdan tanışdırlar və aralarında köhnə dostluq var. Bir çoxları yəqin ki, Trampdan belə bir davranış gözləmirdi. Dünyanın ən qüdrətli dövlətinin başçısının, üstəlik, yaşca böyük prezidentin bu sayaq rəftarı gerçəkdən də səmimiyyətin zirvəsi idi.

İki ölkənin arasında Strateji Tərəfdaşlıq Xartiyası hazırlamaq üçün işçi qrupunun yaradılmasına dair sənədin əhəmiyyəti böyükdür. Həmin sənəddə təsbit edilən gələcək əməkdaşlıq istiqamətləri çərçivəsində ölkəmizin qarşısında böyük imkanlar açılacaq.

Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğv olunması və strateji əməkdaşlıq formatına başlanması da tarixi hadisədir. Azərbaycana qarşı haqsız olaraq tətbiq edilmiş bu sanksiyanı ləğv olunması çoxdan baş verməliydi, amma Trampdan əvvəlki administrasiyalar bunu ölkəmizin başı üstündə “Damokl qılıncı” kimi saxlayır, özlərinə sərf edəndə istifadə edirdilər. Bu, istər-istəməz ABŞ-la Azərbaycan arasındakı onsuz da uzaq məsafəni bir az da uzadırdı.

Önə görə də indiki dönəmdə ədalətsiz 907-ci düzəlişin məhz Prezident İlham Əliyevin iştirakı ilə ləğv edilməsi tarixi və rəmzi xarakter daşımaqla, ABŞ-nin öz səhvlərini təftiş edib düzəldən ölkə olduğunu göstərdi.

Əslində ölkəmizin həmin “düzəliş”ə görə ayrılacaq maddi vəsaitə ehtiyacı yoxdur, Azərbaycan özü donor ölkəyə çevrilib, xarici dəstəklər, yardımlar olmadan da öz problemlərini həll edir. Ancaq bu, həm də siyasi qərar idi, haqlı olduğumuz halda haqsız duruma salınmağımız demək idi. Hər halda, ədalət bərpa olundu və bu, Prezident Tramp tərəfindən Azərbaycan üçün siyasi jest oldu.

Onu da qeyd edək ki, 1992-ci ildə Azərbaycana qarşı tətbiq edilən bu sanksiya sonrakı illərdə, Azərbaycanla ABŞ arasında karbohidrogen ehtiyatlarının istismarı üzrə ciddi əməkdaşlıq başlandığı vaxt dondurulmuş, amma ləğv edilməmişdi. ABŞ hökumətinin Əfqanıstanda dəstəyə ehtiyacı olduğu illərdə Azərbaycan bu dəstəyi nəqliyyat vasitəsilə onlara təqdim etdiyi üçün bu düzəliş hər il müvəqqəti olaraq dayandırılırdı. 2023-cü ildə isə Bayden administrasiyası, böyük ehimalla erməni lobbisinin istəyi ilə, həmin sanksiyanı yenidən Azərbaycana tətbiq etdi. Bu, etibarsızlığın bariz nümunəsi idi.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin təşəbbüskarı lap əvvəldən Azərbaycan dövləti olub. Ancaq ortada öz mənafelərini güdən dövlətlərin destruktiv müdaxiləsi ilə sülh prosesinin başlanması ləngiyirdi. İndi ABŞ prezidentinin vasitəçiliyi və qarantorluğu ilə sülh sazişinin bütün maddələrinin razılaşdırılması Cənubi Qafqaz üçün çox önəmli tarixi nailiyyət oldu. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsinin olması Vaşinqtonda sülh sazişinin imzalanmasına mane olsa da, bu dəyişikliklər ediləndən sonra sülh sazişi istənilən vaxt imzalanacaq.

Əsas odur ki, Azərbaycan və Ermənistanın sülh sazişinin mətninin Ağ Evdə paraflanəması ilə bölgəmizə dayanıqlı sülh gəlib. Bu, həm Azərbaycanın, həm Ermənistanın, həm də bütün bölgənin gələcəyinə nikbin baxmağa əsas verir.

Ermənistanın konstitusiyasında dəyişiklik edilməsi tələbi bu ölkənin daxili işlərinə qarışmaq deyil. Belə də olmalıdır. Elə bir müddəa bizim konstitusiyamızda olsaydı, onu da dəyişdirmək lazım gələrdi. Çünki sülh sazişi bağlamaq istəyən ölkələrin əsas qanununda bir-birinin ərazi bütövlüyünə dair açıq tələb və iddia ola bilməz, olarsa, sülh sazişi imzalanması mümkün olmaz.

Bu xüsuda Azərbaycanın mövqeyi hər zaman ardıcıl, məntiqli, əsaslı olub. Bu, Ermənistanın qarşısında qeyri-real və qəbul edilə bilməyəcək şərt qoyulması demək deyil. Ermənilər çox asanlıqla öz əsas qanunlarını normal, dünya standartlarına uyğun hala gətirə bilərlər.

Artıq Ermənistanda nüfuzlu siyasi qüvvələr konstitusiyada dəyişikliklər edilməsinin zəruriliyini anlayırlar. Taleyin gərdişiylə, hansısa fors-major halların baş verməsi ilə bu dəyişikliklər edilməsə, bu, münaqişə dövrünə qayıdış demək olacaq və ilk növbədə ABŞ-yə qarşı hörmətsizlik səciyyəsi daşıyacaq.

Ona görə də Ermənistan dövlətini idarə edənlər, nəhayət, sələflərinin səhvlərindən nəticə çıxarmalı, onların yanlışlarını təkrar etməməli, öz qinşuları ilə dinc, yanaşı yaşamaq, əməkdaşlıq etmək yolunu seçməlidirlər. Tərəqqi, rifah, təhlükəsizlik bu yoldadır. Münaqişə, müharibə və xroniki qarşıdurmada isə xeyir-bərəkət, uğur-nailiyyət yoxdur, qan-qada və itkilər var.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR