İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhidlər Xiyabanını şortiklə ziyarət etmək olarmı

Ekspertlərə görə, belə məsələlər qanunvericiliklə tənzimlənsə, daha yaxşı olar

“Ərəb ölkələrindən gələn bəzi turistlər ora şortiklə gəlmişdilər. Mən orada növbətçi polisə yaxınlaşıb, bununla bağlı etirazımı bildirdim. Polis mənə cavab verdi ki, bizə bu barədə hər hansı bir tapşırıq verilməyib və bura şortiklə daxil olmaq qadağandır - deyilən qanun da yoxdur”.

Bu barədə “Yeni Müsavat” qəzetinin redaksiyasına daxil olan müraciətdə yazılıb. Məktubda  Şəhidlər Xiyabanında şortiklə gəzən turistlərlə bağlı narahatlıq ifadə olunub: “Bu yaxınlarda rastlaşdığım bir xoşagəlməz hadisə ilə bağlı fikrimi sizlərlə bölüşdürmək istəyirəm. 9 mayda Şəhidlər Xiyabanına ziyarətə getmişdim. Xiyabanda ziyarətçilər arasında vətəndaşlarımızla yanaşı, xarici turistləri də gördüm. Sevindim ki, turistlər bizim xalqın müqəddəs ocağını ziyarət edir və tariximizin bu qanlı səhifəsinin bizlərə yaşatdığı faciəni bizlərlə birlikdə bölüşürlər. Əlbəttə ki, bu yaxşı haldır. Ona görə ki, başımıza gələn bu faciəni gedib öz ölkələrində danışacaqlar. Bununla da həmin turistlər bir növ ölkəmizin tarixini öz ölkələrində yayan təbliğatçılara çevrilirlər. Təəssüf ki, bir xoşagəlməz vəziyyətlə də rastlaşdım. Ərəb ölkələrindən gələn bəzi turistlər ora şortiklə gəlmişdilər. Mən orada növbətçi polisə yaxınlaşıb, bununla bağlı etirazımı bildirdim. Polis mənə cavab verdi ki, "bizə bu barədə hər hansı bir tapşırıq verilməyib və  şortiklə daxil olmaq qadağası yoxdur. Ona görə də mən bir polis işçisi kimi turistə heç bir irad tuta bilmərəm, amma bir azərbaycanlı kimi sizin fikrinizlə həmrəyəm", - deyə o mənə cavab verdi.

Təəssüf ki, bu,  Milli Məclisin lap yaxınlığında baş verir, deputatlardan isə bununla bağlı heç bir reaksiya yoxdur. Xahiş edirəm  bu ciddi problemi mümkünsə gündəmə gətirəsiniz, çünki Şəhidlər Xiyabanı xalqımız üçün ləyaqət məsələsidir! Azərbaycan xalqı üçün Şəhidlər Xiyabanı elə bizim Kəbəmizdir! Şərəfli tariximizi qorumaq hər birimizin müqəddəs borcudur!"

Yerə tüpürmək, növbəyə durmamaq, qışqıra-qışqıra danışmaq “mədəniyyəti” -  Mentalitet, yoxsa...

Əhməd Qəşəmoğlu 

Sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ətrafında gərginlik yaratmamağa çalışan insanlar mədəni insan hesab olunur. Ekspert regionlarda şortiklərdə gəzməyi doğru hesab etmir. O ki qaldı Şəhidlər Xiyabanına, Ə.Qəşəmoğlu hesab edir ki, bu barədə yerli əhali arasında maarifləndirmə işləri aparılmalıdır: “Əcnəbi ölkələrdə yaşayanların şortik haqqında düşüncələri tamam ayrıdır. Turistin ağlına gəlmir ki, Şəhidlər Xiyabanına şortiklə getmək  pis qəbul oluna bilər. Buna görə də bu kimi hallara təmkinlə yanaşmalıyıq. İnsanlar şəhərdə şortiklə sərbəst gəzirsə, bunu rahat qəbul etmişiksə, Şəhidlər Xiyabanını da bu geyimdə ziyarət etməsində pis heç nə yoxdur. Müdaxilə etmək, polisə müraciət etmək və s. ehtiyac yoxdur. Bu, əksinə, gərginlik yarada bilər. Turistlər öz ölkələrində bunu neqativ danışa bilərlər. Onlar belə düşünürlər ki, küçədə şortiklə gəzmək məqbuldursa, Şəhidlər Xiyabanına da getmək olar”. 

Rey Kərimoğludan qazilərlə bağlı yeni təklif

Rey Kərimoğlu 

Rey Kərimoğlu mövzunu şərh edərkən qeyd etdi ki, xarici turistin geyiminə müdaxilə etmək çətin məsələdir: “Xarici turistə necə deyək ki, şortik yox, şalvar gey!? Belə hallar qanunvericiliklə tənzimlənsə, daha rahat olar. Azərbaycan İran deyil. Şəhidlərimizə hörmət etmək lazımdır. Hesab edirəm ki, Şəhidlər Xiyabanına şortiklə gəlinməsə, daha yaxşı olar, amma geyinilibsə, sərt reaksiya vermək doğru deyil. Xarici ölkələrdə bəzi ziyarətgahlarda geyimə diqqət edilir. İstənilən halda, belə məsələlər qanunvericiliklə tənzimlənsə, daha münasib olar”.  

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR