İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid mayora həsr olunan kitabın təqdimatı keçirilib – Fotolar

44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri, şəhid mayor Emin Süleymanovun əziz xatirəsinə həsr olunan "Qutsal yolçu" adlı kitabın təqdimatı keçirilib.

Musavat.com bildirir ki, təqdimat Milli Məclisin Mədəniyyət komitəsinin təşəbbüsü, “Nəfəs” İctimai Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyinin dəstəyi ilə Muğam Mərkəzində keçirilib.

Tədbirdə millət vəkili Qənirə Paşayeva, şair, ictimai xadim Əkbər Qoşalı, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin sədri İntiqam Yaşar, Əməkdar artist, muğam ifaçısı Nuriyyə Hüseynova, tanınmış ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları iştirak edib.

İlk öncə şəhid mayor Emin Süleymanovun, eləcə də Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Dövlət Himni səsləndirilib.

Əkbər Qoşalı bir müddət bundan əvvəl işıq üzü görən “Qutsal yolçu” kitabı haqda iştirakçılara məlumat verib. O qeyd edib ki, publisist, jurnalist Şahanə Müşfiqin müəllifliyi ilə çap edilən “Qutsal yolçu” adlı kitab 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri, şəhid mayor Emin Süleymanovun əziz xatirəsinə həsr olunub. Kitabda E.Süleymanovun həyat yolu, 25 illik hərbi xidməti, Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolu ailəsinin, dostlarının, əsgərlərinin, döyüş yoldaşlarının xatirələri əsasında əks olunub. Həmçinin, kitabda şəhid mayor haqqında müxtəlif zamanlarda dövri-mətbuatda işıq üzü görən məqalələr, ona həsr olunmuş şeirlər də toplanıb. Qəhrəman hərbçi ömrünün şəhadətə qədərki dövrü həyatının fərqli zamanlarına aid şəkillər də kitabda öz əksini tapıb.

““Qutsal yolçu” adlı kitab da daxil olmaqla Vətən müharibəsi şəhidləri haqqında işıq üzü görmüş, hazırlanan və işıq üzü görəcək bütün kitabların müəlliflərinə öz təşəkkürümü bildirirəm. Biz hər bir şəhidimizin həyat, döyüş yolunu öyrənməli, təbliğ etməli, xüsusilə gənc nəslə tanıtmalıyıq ki, əldə etdiyimiz zəfər birdən-birə başa gəlməyib. Bir yüksək çinli zabitin yetişməsi hər şeydən öncə mənsub olduğu ailəsinin yuxusuz gecələri, intizarı, əzab-əziyyəti deməkdir. Bu mənada şəhid mayorumuz Emin Süleymanovun timsalında bütün şəhid ailələrini alqışlayır, onların həyat yoldaşları, valideynləri qarşısında baş əyirik”, - deyə Əkbər Qoşalı qeyd edib.

Əkbər Qoşalı xatırladıb ki, şəhid mayora həsr olunan kitab “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva tərəfindən nəşr olunub.

Firəngiz Balakişiyeva çıxış edərək, Vətən uğrunda canlarını fəda etmiş şəhidlər haqqında bu cür kitabların işıq üzü görməsinin çox vacib olduğunu vurğulayıb:

“Şəhidlik zirvəsinə yüksələn insanlar heç bir zaman ölmürlər, əksinə, şəhadətləri ilə bir əbədilik qazanırlar. Ölən bizlərik, şəhidlər isə tarix səhifələrindədir və xalqımızın yaddaşında əbədi olaraq qalırlar. Müharibənin bitdiyi ilk vaxtlarda bir araya toplaşıb deyirdik ki, vaxt gələcək hər bir şəhidimiz haqqında kitablar yazılacaq, onların keçdiyi yollardan filmlər çəkiləcək, gənc nəsil də bu kitabları oxuyub, filmlərə baxıb, fəxr edəcək. Düşünürəm ki, indi həmin günlərdən biridir. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, vətənimizin başından qara buludların tez bir şəkildə çəkilməsini arzulayıram”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da çıxış edərək bildirib:

“Türkiyənin İstiqbal Marşını yazmış şair şeirlərinin birində deyir: “Ey şəhid oğlu şəhid, İstəmə məndən makber, Sənə ağuşunu açmış, Gözləyir Peyğəmbər”. Peyğəmbər əfəndimizin ağuşunu açıb gözlədiyi şəhidlərimizin qarşısında baş əyirik. “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq uğrunda ölən varsa vətəndir!” Vətən kimi oğullar doğan analar, vətən kimi oğullar yetişdirən atalar, sizin də qarşınızda baş əyirik. Qazilərimizə, müharibə iştirakçılarına da bildirmək istəyirəm ki, sizin fədakarlıqlarınızı heç bir zaman unutmayacağıq. Bu gün hamımız şəhid mayor Emin Süleymanovun işığına toplaşmışıq. Bu, əslində hamımızın bir vəfa borcudur. Bu cür tədbirlərin keçirilməsi çox vacibdir. Bununla biz gənc nəslə şəhidlik məqamının necə uca olduğunu bir daha göstərmiş oluruq. Sonda şəhid qardaşımıza həsr olunan “Qutsal yolçu” kitabının ərsəyə gəlməsində iştirak edən gənc yazar, jurnalist Şahanə Müşfiqə, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyevaya, Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin sədri İntiqam Yaşara öz təşəkkürümü bildirirəm”.

Daha sonra Əməkdar artist Nuriyyə Hüseynova musiqisi özünə məxsus “Yaşa, yaşa, min yaşa Azərbaycan!” adlı mahnısını ifa edib.

Şəhid mayor Emin Süleymanovun ailəsi sonda “Qutsal yolçu” kitabının ərsəyə gəlməsində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.

Xatırladaq ki, Emin Bəhmən oğlu Süleymanov 1977-ci il iyulun 21-də İmişli rayonunun Xubyarlı kəndində anadan olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissələrində uğurla xidmət edib, müxtəlif medallara layiq görülüb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində şəhər və kəndlərimizin işğaldan azad olunmasında rəhbərlik etdiyi artilleriya heyəti ilə şücaət göstərib. Emin Süleymanov noyabrın 8-də Laçın döyüşləri zamanı şəhid olub.

Dövlət başçısının müvafiq sərəncamına əsasən, şəhid mayor ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

WhatsApp Image 2023-03-13 at 17.59.57.jpeg (76 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR