İnsanlara hürriyət, millətlərə istiqlal!

“Səfirliyə hücumu terrorçunun arvadı təşkil edib” - İranın yeni yalanı

 

"Kimsə düşünürsə ki, bu kimi addımlarla Azərbaycanı haqq mövqeyindən daşındıra biləcək, yanılır"

Tehran rejiminin əlində olan media resursları anti-Azərbaycan mövqeyindən çıxış etməkdən əl çəkmək istəmir. Xüsusən də bu ilin yanvar ayının 27-də İran polisinin gözləri qarşısında Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu edən İran vətəndaşı Yasin Hüseynzadə ilə bağlı məsələni fərdiləşdirməkdə, şəxsiləşdirməkdə davam edirlər.

Molla rejimi çalışır ki, Yasin Hüseynzadənin törətdiyi terror aktını “şəxsi məsələ” kimi qələmə verib ona cəza kəsməkdən canını qurtarsın. Bir zamanlar rejim rəsmiləri Y.Hüseynzadənin psixi xəstə olduğunu, ondan əvvəl onun bizim səfirliyə həyat yoldaşını “axtarmaq” məqsədilə daxil olduğunu iddia edirdi. İndi də tamamilə yeni iddia ortaya atıblar.(Bakıxeber.az)

Belə ki, Telegramda yayılan məlumatlara görə, İranın “Vətən yolu” qəzeti “Tehrandakı Azərbaycan səfirliyinə hücum edən Yasin Hüseynzadənin arvadı Gülnar Əliyeva xüsusi xidmət orqanlarının əməkdaşıdır və basqının əsas təhrikçisi odur” iddiası ilə çıxış edib. Molla rejimi indi də dolayısı ilə Yasin Hüseynzadənin həyat yoldaşını casusluqda suçlayır və onu “xüsusi xidmət orqanlarının əməkdaşı” kimi qələmə verməyə çalışır. Onu da vurğulayaq ki, indiyə qədər onlar gətirdikləri arqumentlərin heç bir əsaslı olmayıb və hər dəfə mollaların simasını, məqsədini bir az da ifşa edib. Mollalar öz aləmlərində guya səfirliyə hücumun “motivlərini üzə çıxarıblar”.

Qeyd edək ki, basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi yaralanıb.

Yasin Hüseynzadə çox keçməmiş, İran hüquq-mühafizə orqanları tərəfindən saxlanıb. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Hadisəni törədən Yasin Hüseynzadə istintaqa cəlb olunub. Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınayıb, Azərbaycan tərəfi məsuliyyətin İranda olduğunu vurğulayıb və hücumu “terror aktı” kimi qiymətləndirib.

Hücumun ardınca Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları evakuasiya edilib və  fəaliyyəti dayandırılıb. İran rəsmilərinin bəyanatlarında hücumun siyasi motivli olduğuna dair heç bir əlamət yoxdur. İran hüquq-mühafizə orqanları hücumun şəxsi zəmində törədildiyini, Yasin Hüseynzadənin əraziyə iki azyaşlı uşaqla gəldiyini iddia edib. Buna baxmayaraq, təhlükəsizlik kameralarının lentə aldığı görüntülərdə onun tək olduğu müşahidə edilir. Ekspertlərə görə, bu əsassız iddia Tehran hakimiyyətindən qaynaqlanır və yalan xəbəri yayıb istintaq bitmədən ictimai rəy formalaşdırmağa cəhd göstərirlər.

Bəs İran verilən vədlərə rəğmən niyə hələ də bu cür üsullarla məsuliyyətdən yayınmaq istəyir?

Milli Məclisin deputatı Arzu Nağıyev seçicilərinə bayramqabağı ərzaq  yardımı edir (FOTO)

Arzu Nağıyev

Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, İran tərəfi bu terror olayının istintaqına Azərbaycanın hüquq-mühafizə orqanı əməkdaşlarının cəlb olunmasından yayınmaqla faktiki olaraq cinayətin tam, hərtərəfli və obyektiv araşdırılmasının qarşısını aldı: “Bu, tək qapıya futbol oynamaqdan başqa bir şey deyil. Azərbaycan tərəfi də bu prosesdə - araşdırmada mütləq şəkildə iştirak etməli idi. Çünki İran dövləti bunu tək araşdırmamalı və İran buna cavab verməlidir. Necə ola bilər ki, İranın da, Azərbaycanın da üzv olduğu, 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, əgər ora Azərbaycan ərazisidirsə, mütləq şəkildə İran tərəfindən qorunmalı idi. Digər məsələ ondan ibarətdir ki, terror aktı ilə yanaşı, bunun arxasında Azərbaycan və İran arasında olan gərgin münasibətin daha da gərginləşməsinə çalışan bir sıra dövlətlər ola bilər. Ermənistan da burada inkar oluna bilməz. Ermənistan xüsusi xidmət orqanları və digərləri. Birmənalı şəkildə bu, araşdırılmalıdır. Bu terror aktı çox ciddi araşdırılıb ortaya faktlar qoyulmalıdır. İran dövləti birmənalı şəkildə Azərbaycana bununla bağlı fikrini bildirməli və hadisənin niyə baş verməsi haqqında doğru, dürüst hesabat verməlidir. Bu, həqiqətən terrordur. Necə ola bilər ki, avtomatla silahlanmış şəxs səfirliyə hücum etsin, amma İranın yerli hüquq-mühafizə orqanları buna mane olmağa cəhd belə etməsin? Düşünürəm ki, burada İran tərəfinin marağı göz qabağındadır. Terrorun icraçısının əlində avtomat səfirlikdə arvadını axtarması uydurmadan başqa bir şey deyil. Azərbaycan İrandan hadisəni ciddi, obyektiv araşdırmağı, qısa müddətdə sifarişçilərin müəyyən edilərək layiqli cəza almalarını qətiyyətlə tələb edir. Uydurmalar rəsmi Tehranın beynəlxalq hüquq qarşısında məsuliyyətini azaltmır”.

Deputat İran tərəfini terror aktı ilə bağlı hesabat verməyə çağırıb: “Azərbaycanın İrandakı səfirliyində baş vermiş hadisə birmənalı şəkildə terror aktıdır. Bunu kimsə təkzib edə bilməz. Hücumda "Kalaşnikov" avtomatından istifadə olunursa, əldə edilən videolar, eyni zamanda materiallar həmin terroristin məqsədinin adam öldürmək, terror hadisəsi törətmək olduğunu göstərir. Ən ağır məqam da odur ki, terror nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb. Diplomatik nümayəndəliyimizin əməkdaşı Orxan Əsgərov şəhid olub.  İran bu terror aktı törədilməzdən əvvəl Azərbaycana qarşı, Azərbaycan əleyhinə davamlı əks-təbliğat aparırdı. İran mediası, televiziya kanalları, radiosu, qəzetləri Azərbaycan əleyhinə düşmənçiliyi təbliğ edirdilər. Həmin hadisə ərəfəsində SEPAH-ın Xudafərin körpüsünə doğru yürüş etməsi ilə bağlı video da yaymışdı. Bütün bunlar bu cür hadisələrin törədilməsinə zəmin yaradırdı. İran tərəfi səfirliyimizdə törədilən terror hadisəsinin mahiyyətini təhrif etməyə çalışır, hadisənin guya məişət zəminində baş verməsini iddia edir. Hər şey göz önündədir. Əgər kimsə düşünürsə ki, bu kimi addımlarla Azərbaycanı haqq mövqeyindən daşındıra biləcək, yanılır".

Deputat vurğulayıb ki, Azərbaycan tərəfi rəsmi İrandan dəqiq, aydın və məntiqli izahat tələb edir: “Azərbaycanın cinayət hadisəsinə adekvat cavab vermək hüququnu özündə saxlayır. Qatilin kim olması və hadisənin necə törədilməsi ilə bağlı İran tərəfindən yayılan şayiələr, sadəcə, məsuliyyətdən qaçmaq və hadisəni manipulyasiya etməkdir. Terrorçunun Yasin Hüseynzadə, yaxud hər hansı bir erməni olmasının isə məsələnin mahiyyətinə heç bir aidiyyəti yoxdur. Bu uydurma vasitələr rəsmi Tehranın cavabdehliyini və beynəlxalq hüquq qarşısında məsuliyyətini azaltmır. Tam əksinə, onun məsuliyyətdən yayınma cəhdləri kimi qəbul edilir. İlk gündən Tehran polisi məsələni araşdırmaq əvəzinə diqqəti tələsik hadisənin şəxsi motivdə olduğuna yönəltməyə çalışıb. Əslində bunun kökündə uzun müddətdir İranda gedən anti-Azərbaycan kampaniyası, Ermənistanı kor-koranə müdafiə etmək durur. Bu mühitdə,  şübhəsiz ki, terror hadisəsi olmalı idi. İran tərəfdən bir daha  məsələnin ciddi araşdırılmasını, günahkarların cəzalandırılmasını, əsl sifarişçilərin ortaya çıxarılmasını tələb edirik”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR