İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkidə hansı yeni texnologiyalar tətbiq edilir?

Osman Gündüz: “Texnologiya modernləşdikcə, seçkidə rəqəmsal texnologiyadan istifadənin sərhədləri də genişlənir”

“Rəqəmsal texnologiyaların tətbiq olunması seçki prosesində çeviklik və effektivliyin artırılmasına xidmət edir. Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılıb. Beynəlxalq təcrübədə özünü təsdiqləmiş son rəqəmsal yeniliklər 7 fevral seçkilərinin bütün mərhələləri üzrə tətbiq edilib”. Bunu secki-2024.az saytına açıqlamasında Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib.

AİF prezidenti bildirib ki, seçici siyahılarının elektronlaşdırılması, məntəqələrdə veb-kameraların quraşdırılması və bu kimi digər tədbirlər ölkəmizdə keçirilən seçki prosesində müasir texnologiyalardan istifadənin real təsdiqidir: “Seçki prosesinin rəqəmsal transformasiyası ilə bağlı addımlar davam etdirilir. Seçici siyahılarının, həmçinin seçki dairələri və məntəqələri ilə bağlı informasiyaların internet üzərindən əlçatan olması, gözdən əlil və hərəkət məhdudiyyəti olan insanlara səsvermə prosesində rahat, gizli səsverməsi üçün şəraitin yaradılması, vebkameraların quraşdırılması, barmaqların rənglənərək yoxlanması və bu kimi məsələlər təqdirəlayiqdir”.

Osman Gündüz bildirib ki, texnologiya modernləşdikcə, seçki prosesində rəqəmsal texnologiyadan istifadənin sərhədləri də genişlənir. “Məsələn, vətəndaşların elektron şəkildə identifikasiyası üzrə məsələ aktuallıq daşımağa başlayıb. Hətta pilot qaydada elektron səsvermədən istifadə məsələləri test edilir. Fikrimcə, bu yeniliklər təcrübədə təsdiqləndikcə, Azərbaycanda da tətbiqi reallaşacaq”, - deyə AİF prezidenti əlavə edib. 

Osman Gündüz: “İnternetin, sosial şəbəkənin açıq olması o demək deyil ki,  kim nə istəsə, edə bilər Pravda.az

Osman Gündüz

Bu arada Seçki Məcəlləsinə dəyişiklik edilir. Dəyişikliklə məcəllədəki “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz olunur.

Dəyişiklik layihəsi Azərbaycan Prezidentinin 2023-cü il 8 aprel tarixli 2089 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb. Belə ki, həmin bənddə qanunların və Azərbaycan Prezidentinin aktlarının “Media haqqında” Qanuna uyğunlaşdırılması tapşırılıb.

Beləliklə, dəyişikliklər təklif olunan qanunların “Media haqqında” Qanuna uyğunlaşdırılmasının təmin edilməsini nəzərdə tutur.

Beynəlxalq müşahidəçilər isə seçki ilə əlaqədar prosesləri izləməyə davam edirlər.  Onlar Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən seçki dairələrində olub, ayrı-ayrı məntəqələrdə seçkilərə hazırlığın gedişi ilə maraqlanıblar.

“Report”un yerli bürosunun xəbərinə görə, ATƏT-in Demokratik Qurumlar və İnsan Haqları üzrə Təşkilatının Naxçıvandakı uzunmüddətli müşahidəçisi Kristoper Barber jurnalistlərə müsahibəsində bildirib ki, muxtar respublikaya növbədənkənar Prezident seçkilərini müşahidə etmək üçün gəlib: “Mənimlə birlikdə İsveçrədən olan həmkarım Martin Mayinedir buradadır. Biz fevralın 15-dək burada olacağıq. Seçki və seçkidən sonrakı müddəti müşahidə edəcəyik. Qeyd edim ki, bizə seçki ərəfəsində qısamüddətli müşahidəçilər də qoşulacaq.

Əsas məqsədimiz şəxsən nəyi müşahidə ediriksə, onları dəyərləndirməkdən ibarətdir. Qərarlarımız tamamilə obyektiv və qərəzsiz olacaq. Əsas komanda olaraq Bakıdan gəlmişik və hazırda gedən proseslər barədə ayın sonunadək hesabat verəcəyik.

Müxtəlif yerlərə baş çəkib müşahidələr aparırıq. Bura siyasi partiyalar, qeyri-hökumət təşkilatları, seçicilər, dairələr və məntəqələr daxildir. İndiyədək hazırlıq prosesini müşahidə eləmişik. Hazırda məntəqələrdə hazırlıq işləri aparılır və lazımi avadanlıqlarla təmin edilir".

Rusiya Federasiyasının Dövlət Duması da Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə etmək üçün nümayəndə heyəti göndərəcək. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə jurnalistlərə Dumanın MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin rəhbəri Leonid Kalaşnikov məlumat verib. Onun sözlərinə görə, Azərbaycandakı seçkiyə müşahidəçi qismində gedəcək Dövlət Dumasının nümayəndə heyəti fraksiyalararası olacaq. “Bütün fraksiyalar orada təmsil olunacaq. Üç parlamentari Vahid Rusiya fraksiyasından, digər fraksiyaların hərəsindən bir nəfər olacaq”, - deyə Kalaşnikov əlavə edib.

MDB Parlamentlərarası Assambleyasının müşahidəçiləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunda baş tutacaq səsvermə prosesini izləyəcəklər. Bunu MDB PA-nın sədr müavini, Demokratiyanın İnkişafının Monitorinqi Mərkəzinin rəhbəri İvan Muşketin Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunu ziyarəti zamanı deyib. Bildirilib ki, görüşdə Baş Konsulluqda fəaliyyət göstərəcək seçki məntəqəsindəki səsverməni MDB PA müşahidəçilərinin monitorinq etməsi barədə razılıq əldə olunub.

Vurğulanıb ki, Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunda 1030 seçici qeydiyyatdadır.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR