Onlayn ictimai-siyasi qəzet
Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı bu gün-mayın 25-də Bakıya rəsmi səfərə gəlməsi Rusiya mediasında yenə də anti-Azərbaycan isterikası yaradıb. Bu məsələdə yenə əsas canfəşanlığı anti-Azərbaycan mövqeyi ilə tanınan “tsargrad.tv” edir. Kremlin media sifarişlərini yerinə yetirməklə şöhrət qazanmış rusiyalı oliqarx Konstantin Malofeyevlə əlaqəli olan “tsarqrad.tv” son vaxtlar Azərbaycana və onun rəhbərliyinə daha çox “diqqət yetirməyə” başlayıb, az qala hər gün anti-Azərbaycan məzmunlu materiallar yayır.
Sbiqanın səfəri haqda yazanda da öncə qeyd olunur ki, Azərbaycan Kiyevə indiyədək 40 milyon dollara yaxın vəsait ayırıb və Ukraynanın enerji infrastrukturunun bərpasına fəal kömək edir. İddia olunur ki, guya bu səfər Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana getməsinə “cavabdır”. O cümlədən, İlham Əliyevin Ukrayna prezidenti ilə Davosda görüşü də yada salınır. Ukrayna XİN rəhbərlərinin müharibənin başladığı 3 ildə Cənubi Qafqaza ilk dəfə olaraq səfər etməsi və Azərbaycanı seçməsi şimal qonşumzun qarnının sancısını artırıb.
Vurğulanır ki, guya Azərbaycan hakimiyyəti məlum təyyarə qəzasından sonra Rusiyaya qarşı çıxır və bu səfərə də Qərbə mesaj kimi qəbul etmıək lazımdır vıə s.
Gazeta.ru saytının səfərlə bağlı xəbərində də aşkar qərəz görünməkdədir. Əvvəl, Ukrayna XİN-ə istinadən Bakıda Sıbiqa ilə “Moskva ilə Kiyev arasındakı münaqişə məsələlərini müzakirə edirdiyi” qeyd edib. Əvvəl o da bildirilib ki, guya Azərbaycan Prezidentinin dəftərxanası Sbiqa ilə görüşlə bağlı təfərrüatı açıqlamayıb. Hakbuki Azərbaycan Prezidentinin saytında(president.ru) görüşlə bağlı təfərratlı məlumat verilib.
Həmin məlumatda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib.
Andrey Sibiqa Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq Azərbaycan dövləti tərəfindən Ukraynaya göstərilən humanitar yardımlara görə təşəkkürlərini bildirdi, xüsusilə İrpen şəhərində həyata keçirilən layihələrin əhəmiyyətini vurğuladı. Andrey Sibiqa Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını ifadə etdi.
Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Volodimir Zelenskiyə çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı Azərbaycan tərəfindən Ukraynaya humanitar yardımın bundan sonra da davam etdiriləcəyini bildirdi.
Söhbət zamanı Azərbaycanın və Ukraynanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri qeyd olundu. Ölkələrimiz arasında energetika, bərpaolunan enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı sahələrində əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı”.
Göründüyü kimi, səfərlə bağlı heç bir məxfilik yoxdur. Düzdür, gazeta.ru sonradan TASSA-a istinadən “Ukraynaya bundan sonra humanitar yardımın davam edəcəyi” başlığını qabardıb. Amma qərəzin haradan qaynaqlandığını gizlətməyib. Nəşr İlham Əliyevin Qələbə paradına Azərbaycanın “daxili gündəmi” səbəbindən gəlməməsini yada salıb. “Fevral ayında Rusiya hakimiyyəti Azərbaycandan Bakıdakı Rus Evinin işinin dayandırılması ilə bağlı bildiriş alıb. Formal səbəb kimi hüquqi şəxs kimi qeydiyyatın olmaması göstərilib. Eyni zamanda, “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov qurumun uzun illərdir ki, qeydiyyatdan keçməyə çalışdığını, lakin bütün müraciətlərə məhəl qoyulmadığını bildirib” deyə, gazeta.ru bildirir.
Bu günlərdə “vzqlyad.ru”- da Azərbaycanın Tiranadakı son təmsilçiliyinin “anti-Putin koalisiyasında iştirak” kimi yozulmuşdu. “Qərbin planları” adlı Youtube kanalında Prezident İlham Əliyevin mayın 9-da Moskvaya getməmək qərarını pisləyən və Bakını “nankorluqda” ittiham edən 16 dəqiqəlik video yayılıb. Bütün bunlar saxta fotolarla müşayiət olunur və Azərbaycan diasporuna təzyiq çağırışları ilə yekunlaşır.
***
Musavat.com-un qısa şərhi: Azərbaycan müstəqil dövlətdir və kimə kömək edəcəyini özü qərar verir. Azərbaycan bir çox başqa ölkələr kimi Ukraynaya da Rusiya ilə birbaşa qarşıdurmaya getmədən humanitar yardım edir, bunu Kremldə də yaxşı bilirlər.Son üç ildə valideynləri Rusiya-Ukrayna münaqişəsi zamanı dünyasını dəyişmiş və ya əsir götürülən 273 ukraynalı uşaq Azərbaycanda reabilitasiya keçib.
Ekspertlərə görə, Rusiyada anti-Azərbaycan lobbisi həmişə aktiv fəaliyyətdədir. Bu ölkədə Azərbaycanın hazırkı suveren siyasətini qəbul etməyən qüvvələr var və onlar çalışırlar ki, bütün postsovet respublikaları haqda belə radikal mövqe sərgilənsin. Bu da bolşevik təfəkkürüdür - kim bizimlə deyilsə, deməli, bizə qarşıdır. Ona görə də həmin dairələr Azərbaycanı nədəsə ittiham etməyə bəhanə axtarırlar. Bu, Rusiyadakı neoimperialist zehniyyət sindromundan irəli gəlir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ