İnsanlara hürriyət, millətlərə istiqlal!

Saz məsafəsi

Yenə əsas məsələ qalıb qıraqda, aşığın sazı necə tutmağını müzakirə edirik. Tağıyevin təsbehini qırdığımız, Koroğlunun atını müzakirə etdiyimiz kimi. Məncə, bundan sonra dövlət qərar versin, bütün heykəllər standart üsulla düzəldilsin. 3x4 ölçüdə şəxsiyyət vəsiqəsi şəkli çəkdirdiyimiz fason bir şey. Məsələn, mən vəsiqəmdə üzügülər düşmək istəyirdim, ASAN-xidmətin əməkdaşı dedi mümkün deyil, mütləq sifətdən zəhrimar yağmalıdır. Hətta eynəyimi də gözümdən çıxartdılar. Nəticədə indi vəsiqəmə baxanda heç özüm özümü tanıya bilmirəm. Qorxuram lazım gələndə əlaqədar orqanlarımız da tanımasın, biabırçılıq olsun. Nəyə lazım belə destruktiv hərəkətlər?

Sənətkar azad olmalıdır. Xüsusilə rəssam və heykəltəraşlar. Mən bir dəfə efirdə sazı boynunun dalında çalan aşıq görmüşdüm. Adam var əlini itirib, ayağı ilə ifa edir. Məsələn, hazırda Kürdəxanıda belə bir yoldaş saxlanılır, şikayətlərini ayağıyla yazır, çünki əlləri iflicdir. Ancaq əlaqədar orqanların iddiasına görə dostumuz narkotik alveri eləyirmiş.

Ünlü rəssam Pikasso-nun “Gernika” adlı özündən də ünlü tablosu var. Tabloda alman nasistlərinin ispan şəhəri Gernikanı bombardman etməsi göstərilib, lakin kubizm üslubunda. Bu üslubun fərqi nədir, indi sayın oxuculara izah etməyə vaxtımız yoxdur, bilənlər bilməyənlərə danışsın. Yalnız qısaca yazım ki, kubizmdə adamın başı ücbucaq şəklində ola bilir, atın gözü qarnında, nə bilim, ayağı belində çəkilir. Pikassonun bu tablosu da təxminən belə şeydir. Deyilənə görə Paris işğal altında ikən Pikasso bu tablo üzərində çalışırmış, bir gün bir alman zabiti emalatxanaya gəlir, rəsmi görür, soruşur: “Bu, sizin əsərinizdir?” Pikasso çoxmənalı cavab verir: “Yox, sizin əsərinizdir”.

Sözümün canı odur ki, hər bir əsər, hər bir sənətkar eyni zamanda öz zəmanəsinə, dövrünə bənzəyir, onu əsərlərində əks etdirir. Şəxsən mən, bu baxımdan, Ələsgər müəllimə qoyulan abidəni çox bəyəndim. Mız qoymaq lazım deyil. Gedin hələ siz plastilindən bir armud heykəli düzəldin, sonra ona-buna sataşın. Lap əladır. Şəxsən mənim tanıdığım aşıq sənətimizi gözəl ifadə edir. Necə deyərlər, “çal, aşıq, komsomolun canı...”

Üstəlik, bu müzakirələr açılış zamanı yaşanan daha kuryoz hadisədən diqqəti yayındırmışdır. Orada Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllim Aşıq Ələsgərin çox ünlü “Düşdü” rədifli qoşmasının qol-qanadını qıraraq ifa etmişdir.

Məsələn, şeirin birinci bəndinin sonunda aşıq “Cadu qəmzələri canıma düşdü” söyləyib, Anar müəllim isə bunu dəyişib “nazü-qəmzələri” edib. Niyə? Sizə kim ixtiyar verib aşığı senzuraya məruz qoyasınız? Bu Elza deyil axı. 

Daha sonra Aşıq Ələsgər “İşarət eylədim, dərdimi bildi” deyir, Anar bunun qabağına qətiyyən yeri olmayan, şeirin ahəngini zibil edən “Mən” sözünü artırıb. Bu isə AYB sədrinin həm mənəm-mənəmliyini, həm də qoşma janrının tələblərindən anlayışı olmadığını göstərir. Əlbəttə, bu, xalq sənətidir, Təhminə deyil ki, Spartakın daçasına, Sankt-Peterburqa-zada yollayasan. Bunu duymaq üçün xalqın içində yaşamalısan. 

Bitmir ki... 3 bəndlik şeirdə nə qədər səhvə yol vermək olar? Ələsgər “Başını buladı, gözündən güldü” kimi əla bir mənzərə yaradıb, yəni demək istəyir qadın həm yox deyir, həm hə deyir. Anar isə bunu belə oxudu: “Qaşını oynatdı, gözündən güldü”. Niyə axı mütləq qaş oynamalıdır? Bu nə yaprımış fantaziyalardır? Ayıb deyilmi? Ağsaqqal adamsan, çox şey eləmək istəmirik.

Aşıq “Ələsgərəm, hər elmdən halıyam” deyib, Anar bunu “Ələsgərəm, hər dərddən halıyam”a döndərib. Aşıq “Dedim sən təbibsən, mən yaralıyam” deyib, Anar bunu da “Dedim, sən gözəlsən, mən yaralıyam” şəklində təhrif etdi. Bunlar isə AYB-də elmə, təbabətə neqativ münasibətin inikasıdır.

Sən də deyirsən sazı aralıda qayırıblar... Bəzən saz nə qədər aralıda olsa yaxşıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR