Onlayn ictimai-siyasi qəzet
Əlbəttə, anlayıram, bu tema bizi parlament seçkilərindən, ölkə gündəmindən ayırır, lakin mahiyyətcə o qədər ikinci dərəcəli, məişət hadisəsi deyildir. Ona görə xalq mövzunu hərtərəfli müzakirə edir, hər gün yeni videolar yayılır. Birinci gün çəkiliş öndən olmuşdu, xalq artisti xəstəxanaya hücum edirdi. İkinci günkü videoda xəstəxana arxa planda qalır, giriş qapısı görünürdü. Güman edirəm sağ və sol, hətta bəlkə yuxarıdan çəkilişləri əldə edəcəyik.
Niyə də olmasın? Dəqiqləşdirə bilmədiyim bilgiyə görə, hadisə günü “Azərsat” peykimiz “Medera” hospitalın üzərindən uçurmuş. Biz peyk çəkilişlərinə baxmaq istəyirik. Bütün rakursları görməliyik. Demokratiya elə bu deyildirmi? Hər bir baxış bucağı işıqlandırılmalıdır.
Yapon yazıçısı Akutaqava Rünoskenin (maraqlıdır ki, onun adı yaponca elə “Ağadadaş” mənasını verir) bir hekayəsi var, orada meşədə qətl törədilir, məhkəmədə qətlin müxtəlif versiyaları üzə çıxır. Ən azı 4 qatil “tapılır”, hamısının da dediyi doğru alınır. Hətta axırda mərhumun ruhunu çağırırlar, o isə beşinci versiyanı irəli sürür. Müəllif bununla demək istəyir ki, dünyada həqiqət-zad yoxdur, heç atdanıb-düşməyin, başınızı aşağı salın, çörəyinizi qazanın.
İndi biz nəzarətçinin, xalq artistinin, balta satanın, yaralı tibb bacısının mövqeləri ilə tanışıq. Qalır bircə skameykada oturub arxayın söhbətləşən cütlük. Rəhmətliyin uşağı sanki fil qulağında yatmışdı. Böyürlərində baltalar göydə uçur, baş bir yana, leş bir yana, az qala üçüncü dünya savaşı başlayacaq, bunlar isə rahat gaplaşırdılar, axırda heç zad olmamış kimi durub getdilər. Mən onların kimliyini bilmək istəyirəm. Əsl sağlam vətəndaşlar onlardır. Nümunəvi adamlardır. “Kişinin yanında baş kəsərlər” məsəlini onlar yaradıblar.
Üçüncü dünya savaşı yazdım, ağlıma gəldi: bəlkə Ağadadaş müəllim elə dünya savaşına hazırlaşır? Çünki müdriklərdən kimsə deyibdir ki, üçüncü dünya savaşının hansı silahlarla olacağını dəqiq bilmirəm, ancaq dördüncü savaş baltalarla olacaqdır. İşarə vurub ki, nüvə savaşından sonra biz təzədən daş dövrünə qayıdacağıq. Həqiqətən, Putinin beyni çönsə, məlum raketlər uçuşsa, dünya mağaraya çevriləcək və o zaman balta atmaq məharəti olan yaşayacaq. “Könlüm qəmi neylər” deməklə deyil ki. Hazırlaşmaq lazımdır. Sənətkarın ilk atışı yaralı sayına görə o qədər pis deyildir.
Başqa yöndən, xalq artistinin xalq arasına şortikdə çıxması - lap idman tədbiri olsa da - həm etik, həm estetik baxımdan gözəl görünmürdü. Xalq belə sənətkardan hansı dərsi almalıdır? Sabah hamımız şortikdə küçəyə çıxaq, bəs milli dəyərlər? Bəs milli mentalitet? Üstəlik, belə müqəddəs ayda. Camaat öz alnını yarır, bu isə başqasının alnını yarmaq fikrindəymiş.
Mövzu açılmışkən, bir vacib məsələni, detalı da qeyd edim, oxucularımıza agah olsun: əgər xalq artistinin “həci”si, sponsoru üzərində qara buludlar toplaşırsa, onun özünə də hörmət azalır, bunu biləsiniz. Xalq məhəbbəti, əlbəttə, vardır, ancaq kimə lazımdır? Xalq məhəbbəti quru olur, onu çörəyin arasına qoyub yemək bir yana, heç qulağa dərman sürtməyə də yaramır. Əsas “həci”dir. Ya rəbb, sən heç bir xalq artistimizi həcisiz və sponsorsuz qoyma! Yoxsa biabırçılıq olur, adamı küçədə sürüyürlər, yetən ora-burasına təpik atır. Sponsorun bərkgedən vaxtları olardı, görüm orada kim kimə təpik atırdı. Nəzarətçinin sağ tikəsi qulağı boyda olardı. Əhvalatı yazan müxbirlərin özünün videosu çıxardı. Eh, gidi zəmanə, oxun qoymuş kəmanə...
Sovet vaxtı 15 müttəfiq respublikanın kollektiv-rəsmləri hazırlananda Azərbaycan SSR-ni təmsil edən personajların kişi hissəsi adətən bığlı, kök bir adam olurdu. Yaşlı oxucular xatırlayar, eynilə bizim Ağadadaş müəllim!
Sözü ona gətirirəm ki, sənətkarın simasında uca millətimizi simvollaşdıran nəsə xarakterik, bənzərsiz cizgilər vardır. Bir az da açıqlasam, Yer kürəsində bu üz quruluşu, bu insan tipi ancaq azərbaycanlılara xasdır. O mənada, sənətkarı əfv eləmək lazımdır. Təklif edirəm barışıq olsun.
Onsuz da bizi istəməyənlər çoxdur.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ